AXCP sədri Əli Kərimli
Səudiyyə Ərəbistanı nəinki avtoritar rejimdir, rəsmən krallıqdır. Kral ailəsi qeyri – məhdud səlahiyyətə malikdir. Ancaq buna baxmayaraq bu ölkənin dövlət neft şirkəti Aramco fəxrlə hesabat yayıb ki, neft qiymətinin artması sayəsində cəmisi yarım ildə gəlirlərini 88 milyard dollar artırıb.
Azərbaycanda heç rəsmən krallıq deyil. Ancaq baxaq görək neft qiymətlərinin qalxması SOCAR-ın maliyyə vəziyyətinə necə təsir edib. Rəsmi məlumata görə SOCAR-ın bu qədər qiymət artımından sonra da nəinki milyardlarla dollarlıq əlavə qazancı yoxdur, hətta xarici borcları ötən il daha 4 milyard manat artaraq 15 milyard manata çatıb.
Mənzərə tam aydın olsun deyə, indi də neftin qiymətinin artmasının demokratik dövlətlərin böyük neft şirkətlərinin maliyyə vəziyyətinə necə təsir etdiyinə nəzər salaq.
Son 6 ayda Exxon şirkəti gəlirlərini 27 milyard dollar, Shell 25 milyard dollar, BP 15 milyard dollar, Total 11 milyard dollar artırıb. Gördüyünüz kimi bizdəki “idarəetmə” həqiqətən analoqsuzdur. Nəinki demokratik ölkələrdə, hətta avtoritar rejimlərdə, hətta rəsmi krallıqda da Azərbaycanda olan səviyyədə talan yoxdu.
Ona görə də neftin belə yüksək qiyməti şəraitində də SOCAR zərərlə işləyir, xarici neft şirkətlərinin Neft Fondu və dövlət büdcəsinə keçirdiyi milyardlar isə gedib xalqa çatmır. Bütün bunlardan sonra Azərbaycanda neft gəlirlərinin xalq arasında ədalətli bölündüyünü iddia etmək xalqı ələ salmaqdır.