Azərbaycanda onillərlə müxtəlif vətəndaşlar müxtəlif ağır hüquq pozuntularına məruz qalırlar. Kimsə şərlənərək həbs edilir, kimsə oğurlanır, kiməsə işgəncə verilir, kimisə bıçaqlayırlar, kiminsə səsini, qələbəsini oğurlayırlar və s.
Bunun arxasında hüquq-mühafizə orqanları dayananda da, dayanmayanda da hüquq-mühafizə orqanlarına edilən müraciətlər nəticəsiz qalır, bir çox hallarda birinci instansiya, apellyasiya məhkəmələrindən sonra Ali Məhkəmədə belə nəticə dəyişmir. Seçki saxtakarlıqlarında isə məntəqə, DSK, MSK, sonra məhkəmələr, sonra Konstitusiya Məhkəməsi saxta nəticələri olduğu kimi saxlayır. Sonra o saxta təyin olunmuş deputatlar xalqın maraqlarına zidd olan qanunlar qəbul edirlər.
Vətəndaş ƏN YAXŞI halda bütün bu mərhələlərdə hüququnu tələb edir, sonda məcbur qalıb Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edir, 5-10 il sonra ən yaxşı halda 5-10 min avro təzminat təyin olunur, bir neçə il süründürüldükdən sonra hissə-hissə bu vəsait ödənilir və heç nə olmamış kimi hamı öz işinə davam edir.
Vətəndaşın özü, demokratik dəyişikliklər uğrunda min məhrumiyyətə məruz qalan şəxslər hansısa beynəlxalq tədbirdə iştirak üçün günlərlə səfirliklərdə viza müraciəti edir, bir çox hallarda imtina alır.
Amma vətəndaşların hüquqlarını illərlə sistemli pozan hakimlər, prokurorlar, polislər, rəislər, generallar, seçki rəsmiləri, deputatlar və korrupsioner nazirlər ABŞ, Böyük Britaniya və Şenqen Zonasına çoxgirişli, uzunmüddətli vizalar alırlar. Gedib yayda orada istirahət edirlər, mülklər alırlar, biznes qururlar, müalicə olunurlar, müxtəlif tədbirlərdə yüksək səviyyəli insanlar kimi qəbul edilirlər, sonra qayıdıb Azərbaycanda vətəndaşlara divan tutmaq prosesində yeni enerji ilə aktiv işləyirlər.
Eyni zamanda aylar, illər keçdikcə vətəndaşlarımız bu əməlləri törədənləri unudurlar. Faktiki cəzasızlıq mühiti daha çox cinayətləri törətməyə sövq edir.
Bu vəziyyət dəyişməlidir. Bunu biz birlikdə dəyişməliyik.
Vətəndaşların hüquqlarını sistemli və kobud pozanlar həm daxildə ictimai qınaqla üzləşməli, həm də xaricdə əllərini-qollarını sallayaraq gəzə bilməməlidirlər. Son aylarda ABŞ, Britaniya, Avropa rəsmiləri ilə müzakirələrimizdə bu məsələni dəfələrlə gündəmə gətirmişəm və zamanla bunun mümkün olacağı barədə siqnallar almışam.
Təklif edirəm ki, Azərbaycanda ayrı-ayrı siyasi məhbus işlərində, Tərtər cinayətlərində, seçki saxtakarlığında, yalan informasiya yayılmasında, insanların hüquqlarının kobud pozulmasında, işgəncələrdə adları keçən polis, prokuror, hakim, seçki rəsmiləri, deputatlar, nazirlərdən ibarət bir “qara siyahı” hazırlayaq. Sistemli şəkildə onların hansı şəxsə qarşı hansı qərarda, addımda hansı hüquq pozuntularına yol verdiklərini yazaq, sonra bu siyahını inkişaf etmiş dövlətlərə göndərərək tələb edək ki, etdiklərinin qarşılığı olaraq ən kiçik reaksiyaya – viza sanksiyasına məruz qoyulsunlar.
Rusiyada “Navalni siyahısı” kimi tanınan və 6000 nəfərin daxil edildiyi siyahı nümunəsi var. (keçid ilk şərhdə)
Belə bir siyahının hazırlanması üçün siyasi partiyaları, vətəndaş cəmiyyəti fəallarını, jurnalistləri əməkdaşlığa dəvət edirəm. İndiki mərhələdə sadəcə bu prosesdə iştirak etmək istəyib-istəməməyiniz barədə məlumat lazımdır. Sonrakı texniki məsələləri ayrıca müzakirə edərik və könüllü dostların köməyi ilə siyahını hazırlayarıq.
Daha sərt sanksiyalar reallaşmasa da, viza sanksiyalarının tətbiqi üçün çalışa bilərik. Ən azından gələcək üçün və insanları başqalarının hüquqlarını pozmaqdan çəkindirməyə yönəlmiş ictimai qınaq vasitəsi kimi bir sənəd ərsəyə gətirə bilərik.
Təklifləri eşitmək maraqlı olardı.
P.S: Təşəbbüsün müəllifi ictimai fəal Bəxtiyar Hacıyevdir