ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev:
- “Basqal Resort & Spa” mehmanxanasının açılışını edib. Mətbuatın yazdığına görə, mehmanxana sahibi kimi Prezidentin İşlər İdarəsinin sistem inzibatçısı Füzuli Mahmudovun adı hallanır. Onun adına otelin rəsmi saytının domenində də rast gəlinir.
- Xəzər rayonunun Zirə qəsəbəsində kürəkəni Səməd Qurbanova məxsus “BAKU AGROPARK”ın görülən işlər çərçivəsində yetişdirilən pomidorlarla tanış olub.
Azərbaycan Mərkəzi Bankı səhmlərinin 34.91 faizi Leyla Əliyevaya, 34.91 faizi Arzu Əliyevaya, 19.49 faizi Arif Paşayevə və 10.69 faizi Mir Camal Paşayevə məxsus olan “Paşabank”ın “filialı”na çevrilir.
Halbuki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3. maddəsinə görə vəzifəli şəxsin bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması, əvəzçilik üzrə işləməsi (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olması hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır.
Qanunlarda məsuliyyət nəzərdə tutulmasına baxmayaraq bütün bunlar Azərbaycanda baş verir. Bilirsiniz niyə?
Çünki, Azərbaycanda əksəriyyət oğurluğu, talançılığı, korrupsiyanı bacarıq sayır, necə deyərlər, bacarana baş qurban!
Çünki, Azərbaycanda hüquqi dövlət yoxdur, qanunlar işləmir, məhkəmə icra hakimiyyətindən asılıdır.
Çünki, Azərbaycan cəmiyyətin dövlətçilik naminə birlik, həmrəylik, ictimai qınaq və məsuliyyət zəifdir.
Çünki, Azərbaycan xalqı haqq etdiyi həyatı yaşamaq üçün mübarizə aparmaq istəmir və layiq olmadığı güzərana qane olur.
Çünki, İlham Əliyev qanundan, məhkəmədən qorxmur, ictimai qınaqdan çəkinmir, bu gün övladına, sabah kürəkəninə, bürüsü gün isə işçisinə məxsus bizneslərin açılışını edir, Mərkəzi Bankı ailə bankının filialına çevirir və bütün bunları da vəzifə borcu kimi gördüyü işlərin siyahısında cəmiyyətə tədqim edir.
Bu nə qədər davam edəcək?
Bütün bunlar və ondan betərləri Biz olmadığımıza, müşahidəçi, etinasız mövqedə qaldığımıza və susduğumuza görə hələ davam edəcək. Birdə onda ayılacagıq ki, lələ köçüb boş yurdu qalıb, onda da gec olacaq, artıq gecdir!