“Yeni müharibə daha dağıdıcı olacaq və tərəflərdən heç biri asan qələbə qazana bilməyəcək”
Ekspertlər və analitiklərin geniş şəbəkəsini birləşdirən Beynəlxalq Böhran Qrupu fevralın 8-də «Ermənistan-Azərbaycan – müharibənin qarşısı alınmalıdır» adlı 33 səhifəli məruzə yayıb.
Məruzədə qeyd edilir ki, qızğın silahlanma, cəbhədə qarşıdurmaların güclənməsi, qarşılıqlı ittihamlar və hədələr, sülh danışıqlarının uğursuzluğu regionda gərginliyi artırır. Bütün bunlar Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda müharibənin bərpa olunması ehtimalını artırır.
«Yeni müharibə 1992-1994-cü illərdəki müharibədən daha dağıdıcı olacaq və tərəflərdən heç birinin asan və tez qələbə qazanmaq şansı olmayacaq», deyə sənəddə qeyd olunub.
Sənəddə qeyd olunub ki, regional münaqişəyə Rusiya, Türkiyə və İran cəlb oluna bilər. Cəbhə xətti yaxınlığındakı neft və qaz kəmərləri təhlükə altında olacaq.
Bu ssenarinin baş verməməsi üçün tərəflər münaqişənin əsas həlli prinsipləri haqqında sənəd imzalamalı və etimadın gücləndirilməsi üzrə tədbirlər görməlidirlər. Lakin ötən il cəbhədə vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib və nəzarətdən çıxa bilər.
Azərbaycana münaqişədə ciddi ziyan dəyib, ərazilərinin 16%-ni itirib və 586 000 nəfər köçkün düşüb. Vəziyyət dəyişməsə, Azərbaycan özünü problemin həlli üçün hərbi gücdən istifadə etmək hüququna malik biləcək. Bakı hərbi büdcəni 45% artırmağı və 2011-ci ildə dövlət büdcəsi 15,9 mlrd. olduğu halda, hərbi büdcəni 3,1 mlrd. dollara çatdırmağı düşünür. Bu, Yerevana təzyiq metodu ola bilər, amma Ermənistanı da Bakının qaçılmaz hücumu qarşısında qabaqlayıcı zərbəyə təhrik edə bilər.
Azərbaycan ordusu 95 000 nəfərdən, Ermənistan və Dağlıq Qarabağın ordusu isə 70 000 nəfərdən təşkil olunub. Hər iki ölkənin arsenalları get-gedə daha da dağıdıcı olur və uzunmüddətli müharibə aparmağa imkan verir. Bu müharibədə iri yaşayış məntəqələrinə, həyati əhəmiyyətli infrastruktura və kommunikasiyalara ziyan dəyəcək.
BBQ xatırladır ki, dekabrda Astanada ATƏT-in sammitində iki ölkə prezidentləri yenə də təməl həll prinsipləri haqqında sənədi imzalaya bilmədilər. Get-gedə bunu etmək daha da çətin olacaq. Qrup hesab edir ki, tərəflər etimadın artırılması üzrə tədbirlər görməli, o cümlədən təmas xəttindən snayperləri çıxarmalı, irimiqyaslı hərbi təlimlər keçirməməlidir.
Ermənistan çağırışçıların Dağlıq Qarabağda xidmətə göndərilməsinə son qoymalıdır. Ermənistan və Dağlıq Qarabağın de-fakto hakimiyyəti Azərbaycanı qıcıqlandıran tədbirlərə, məsələn, işğal edilmiş Azərbaycan şəhərlərinin adlarının dəyişdirilməsinə və arxeoloji qazıntılar aparılmasına son qoymalıdır.
Ermənistan və Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinə qoşulmalıdır.
Beynəlxalq ictimaiyyət regionda silahlanmanın qarşısının alınması üzrə səyləri fəallaşdırmalıdır. Xüsusən, Minsk qrupunun həmsədrləri BMT və ATƏT-in Ermənistana və Azərbaycana silah verilməsi üzrə embarqosunu dəstəkləməlidirlər.
Rəsmi məlumatlara görə, ötən il cəbhədə 30-a yaxın əsgər həlak olub. Atışmaların intensivliyi və insident iştirakçılarının sayı artıb.
Sənəddə göstərilir ki, 24 iyun 2010-cu ildə Azərbaycan şəxsən prezident İlham Əliyevin nəzarəti altında və 4000-dən çox hərbiçi, 100 tank, 77 zirehli maşın, 125 artilleriya topu, 17 qırıcı və 12 döyüş vertolyotundan ibarət eskadrilyanın iştirakı ilə ən ciddi hərbi təlimləri keçirib.
Buna cavab olaraq Ermənistan və Qarabağ işğal edilmiş ərazilərdə 10-dan çox kiçik və orta hərbi təlimlər keçirdi. Noyabrda onlar Ağdam rayonunda tarixdə ən böyük təlimləri keçirdilər.
Bakı Ukraynadan S-300 raket sistemləri, Mi-24 vertolyotları, 29 BTR-70, 35 artilleriya topu və Rusiyada T-72 tankları almaq niyyətindədir.
Ermənistanın büdcəsi Azərbaycanla müqayisə olunmaz, amma Yerevan da silahlanır. 2011-cu ildə ordunun büdcəsi 390 mln. dollar təşkil edəcək.
Ermənistan ikitərəfli saziş və KTMT-yə üzvlük əsasında Rusiyadan Azərbaycana nisbətən xeyli ucuz qiymətə silah ala bilər.
Zaman 2013-cü ildə ardıcıl olaraq üçüncü dəfə namizədliyini irəli sürəcəyi yəqin olan prezident Əliyevin əleyhinə işləyir.
Bir sıra ekspertlər hesab edirlər ki, müharibə olarsa Azərbaycan blits-kriq həyata keçirməyə və Qarabağı və ya heç olmasa onun ətrafındakı bir sıra aran rayonlarını azad etməyə çalışacaq.
Erməni hərbiçiləri taktiki üstünlüklərindən əmindirlər, belə ki, Dağlıq Qarabağ ətrafındakı yüksəkliklərin böyük əksəriyyətinə nəzarət edirlər. Hücum Azərbaycandan quruda və havada ən azı üç dəfə üstünlük tələb edəcək.
Ermənistan ordusunda mənəvi əhval-ruhiyyə və döyüş hazırlığının korrupsiyaya uğramış Azərbaycana nisbətən yüksək olduğu hesab olunur. Lakin Ermənistan ordusunda dedovşina faktları haqqında son məlumatlar bu üstünlüyün şişirdilmiş olduğuna dəlalət edir.
Lakin Ermənistanın Skad-B raketləri Bakıya çata bilər. Ermənilərin ən azı 32 belə raketi və buraxıcı qurğusu var. Öz növbəsində, Azərbaycanın 129 taktiki ballistik raketi Ermənistanın və Qarabağın əsas şəhərlərini dağıda bilər.
Erməni qoşunları beynəlxalq avtomobil və dmir yollarını, habelə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərini kəsmək üçün Qazax və Ağstafanı işğal etməyə çalışacaqlar. Gəncəyə, habelə Yevlax və Mingəçevirə hücumlar ola bilər.
Məruzənin sonunda bildirilir ki, coğrafi və taktiki məqamlar tərəflərdən heç biri müharibədə asan və tez qələbə çala bilməyəcəyini göstərir. Çox güman ki, mübarizə uzun müddət davam edəcək və böyük əraziləri əhatə edəcək, habelə mühüm enerji infrastrukturunu məhv edəcək. Buna görə beynəlxalq ictimaiyyətin səyləri Ermənistana və Azərbaycana qarşı təzyiqin gücləndirilməsinə, müharibəyə yol verilməməsinə yönəlməlidir (“Turan”).