Dövləti gördükmü?

Tanısaz, çox sevəcəksiz!

İlham Hüseyn

Bu ölkədə təkcə pullar oğurlanmadı. Uzun illər ərzində dövlət şüuru da oğurlandı. Ümumiyyətlə, avtoritarizmin əsas missiyası dövlət şüurunu itkin salmaqdan ibarətdir. Bu itkinin yeri o qədər zir-zibillə doldurulur ki, cəmiyyət itirdiyinin fərqində olmur. Dövlət şüuru elə bir dəyərdir ki, onu axtarmaq çoxluğun tələbatına çevrilmir. Çünki böyük çoxluq dövlətin nə olduğunu, necə olduğunu təsəvvür edə bilmir. Hökumət vətəndaşa inandırır ki, dövlət- asfalt çəkmək, binaları restavrasiya etmək, lent kəsmək, körpü salmaq, qalstuklu yekaqarın kişilərin “vətən-xalq” təbliğatı aparmağıdır. Vəziyyət elə həddə çatır ki, hökumət dövlət kimi qəbul edilir. Dövlətdən maaş alan adamlar hökumətə minnətdarlıq duyurlar, maaşlar qalxanda təşəkkür zərurəti hiss edirlər. Dövlətin qayğısını, hökumətin sədəqəsi, humanizmi kimi dərk edirlər. Bəli, biz dövlətin özünü görə bilməmişik. Dövləti bizə göstərməyiblər. Çünki biz dövləti görsək, ondan ayrılmayacağıq, ona sarılacağıq, ona xidmət edəcəyik. Öz ömrümüzdən kəsib prezidentin ömrünə deyil, öz ömrümüzü dövlətin ömrünə calamaq istəyəcəyik.
Demosfen “qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi qanunsuz dövlət də məhvə məhkumdur” deyirdi. Bu ölkədə ən çox əzilən qanunlar deyilmi? Qanun şəxslərin iradəsi qarşısında zəif düşməyibmi? Qanun gücsüz kağız parçasına çevrilibsə, dövləti görə bilməzsən.
Konfutsi isə deyirdi ki, dövlətin xəzinəsi ədalətdir. Ədalət bizim ölkəmizdə dar ağacına çəkilməyibmi? İnsanları şərləmək, haqq səsi boğmaq, sərvətləri talan etmək normaya çevrilməyibmi? Ədalət yoxdursa, dövləti görə bilməzsən. Ədalətsizliyə üsyanın yoxdursa, dövlətçilikdən danışa bilməzsən. “Əsas odur ki, sabitlikdir” təbliğatının tələsinə düşmüsənsə, dövlətin mahiyyətini anlamamısan.
Əgər azadlığı yalnız hərfi mənada dərk edirsənsə, “qolumda qandal yoxdursa azadam”, “nəfəs ala bilirəmsə azadam” düşüncəsinə sahibsənsə, dövləti tanıya bilməzsən. Volter deyirdi ki, fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz. Əgər həqiqəti deməyə qorxursansa, yalandan imtina etməkdən çəkinirsənsə, deməli, dövlət zühur etməyib.
Qanun, ədalət, azadlıq yoxdursa, deməli, dövlət işğal edilib. Biz “dövlət” sözünün mənəvi tərcüməsini dərk edəndə xilas olacağıq. Biz dövlətin hökumətdən üstün olduğunu başa düşəndə qurtulacağıq. Dövlət neft pullarına təzim etdirildi, xəbər tutmadıq. Dövlət məhkəmə zallarında əzildi, ciddiyə almaqdıq. Dövlət elm ocaqlarında söndürüldü, hiss etmədik. Dövlət seçki qutularında alçaldıldı, vecimizə almadıq.
O həddə çatdıq ki, dövlət yanımızdan keçdi, tanımadıq. Dövlətə o qədər ögey olduq ki, “qan bağı”mız qırıldı. Biz dövləti görməyə cəhd etməliyik. Hökumətin vətəndaşa sevgisini hiss etmirsənsə, milyonlarla insana məxsus olan sərvət bir qrup adamın nəzarətindədirsə, deməli, dövlət zindana salınıb. Avtoritarizmlə savaş aparmamaq üçün bütün bəhanələr absurddur. Bugün yüzlərlə insanın məhrumiyyətlər hesabına apardığı savaş, dövlət uğrunda savaşdır. O çox möhtəşəmdir, tanısaz siz də sevəcəksiz!