AXCP sədri Əli Kərimli
İlham Əliyev 10 noyabr razılaşmasını tələsik imzalamasaydı, 2-ci Qarabağ savaşı daha yaxşı nəticə ilə, birmənalı qələbə ilə başa çata bilərdi.
10 noyabr gecəsi İlham Əliyev ordumuzu durdurub, xalqa sevincək olaraq “Ermənistan kapitulyasiyanı qəbul etdi, müharibə bitdi, Qarabağ münaqişəsi bitdi…” deyəndə Azərbaycan cəmiyyətində yeni bir mübahisə başlanmışdı. Yadınızdadır? Biz iddia edirdik ki, Kremlin israrına baxmayaraq Azərbaycanın siyasi rəhbərliyi ordumuz üçün əlavə bir neçə gün də vaxt qazandıra bilərdi. Rusiya ilə danışıqları uzatmaq, Türkiyə ilə məsləhətləşmək, Milli Məclisin fövqəladə sessiyasını çağırmaq və s. üsullarla Azərbaycan hakimiyyəti üçtərəfli bəyanatın imzalanmasını ən azı bir az ertələyə bilərdi. Sonradan Arutyunyan və Paşinyan öz müsahibələrində etiraf etdilər ki, heç bir neçə günə də ehtiyac yoxmuş. 10 noyabr gecəsi Azərbaycan ordusu daha bir gün də durdurulmasaymış, Qarabağdakı 25 minlik erməni silahlı qüvvələri ya Azərbaycanı tərk edəcəkmiş, ya da mühasirəyə düşəcəkmiş.
Ancaq o zaman Azərbaycan hakimiyyətinin pullu və pulsuz vəkilləri, intellektual yaltaqlar ordusu xalqı qorxudub, şantaj edirdilər ki, guya 10 noyabr gecəsi İlham Əliyev üçtərəfli bəyanatın imzalanmasını azacıq ləngitsəymiş, Rusiya Bakını raket atəşinə tutarmış.
Həmin qorxaq və yaltaqları başa sala bilmirdik ki, beynəlxalq hüquq qalsın bir tərəfə (indi onu sayan yoxdur), Türkiyənin hərbi müttəfiqi olan Azərbaycanın paytaxtını vurmaq elə də asan məsələ deyil axı. Bu qədər qorxacaq olmayın, xalqı da qorxutmayın.
Dünən Qarabağda bir neçə saat davam edən döyüşlər bizim o zaman nə qədər haqlı olduğumuzu sübut etdi.
10 noyabr gecəsi Rusiyanın Qarabağda hələ ordusu yox idi, ancaq indi var. Dünən Azərbaycan ordusu Qarabağdakı Rusiya ordusunun başının üstündən (bütün mənalarda) erməni silahlı dəstələrinə dəqiq və effektiv zərbələr endirdi. 3 hərbi texnikasını sıradan çıxardı, 10 -larla erməni hərbçisi ya öldü, ya yaralandı, ordumuz bir neçə vacib yüksəklikdə möhkəmləndi və gördüyünüz kimi, nəinki Bakıya raket atan, heç Azərbaycan tərəfə qumbara atan da olmadı.
Deməli, 10 noyabr gecəsi də azacıq risk etmək olarmış. İlham Əliyev həmin vaxt danışıqları bir az uzatmağa cəsarət etsəymiş, ordumuz Qarabağdakı erməni silahlı qüvvələri problemini bir dəfəlik həll edəcəkmiş. Çox heyf, o zaman itirilən fürsətə. Müharibə tamam başqa nəticə ilə, həm də birdəfəlik başa çatardı.