Bu iki ölkə nazirlərinin ilk ikitərfli görüşüdür. Bundan əvvəl mayın ortalarında Düşənbədə keçirilən görüşdə Rusiyanın xarici işlər naziri də iştirak etmişdi
İyulun 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Tbilisidə görüşüblər. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.
Bu, Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ilk ikitərəfli görüş hesab edilir.
Xarici işlər nazirlərinin may ayında Düşənbədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun iştirakı ilə üçtərəfli görüşü olub.
Gürcüstanın xarici işlər naziri: “Mən çox qürur duyuram ki,…”
İki ölkə nazirlərinin Tbilisidə keçirilən görüşünə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili özünün tvitter səhifəsində münasibət bildirib:
“Mən çox qürur duyuram ki, Tbilisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş yerinə çevrilib. Əminəm ki, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək”.
Bir qədər əvvəl isə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazirin Gürcüstana rəsmi səfəri haqqında məlumat yayıb. İyulun 16-da yayılan məlumatda Ceyhun Bayramovun Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdüyü bildirilir.
Həmin məlumatda vurğulanır ki, nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə ev sahibliyinə görə Gürcüstan tərəfinə təşəkkür edib.
Nazirliyin məlumatında deyilir:
“Baş nazir Qaribaşvili sülhün əldə edilməsi səylərini alqışladıqlarını və Gürcüstanın bu prosesi dəstəklədiyini, bu xüsusda ev sahibliyi etdikləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb”
Azadlıq radiosu