MİDA-nın növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin “Güzəştli mənzil” sistemi ilə satışının nəticələri ləğv edilib. Bu barədə iyulun 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) birgə məlumat yayıb.
Bildirilir ki, başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri CM-nin 273.3.1, 273.3.2-ci (qabaqcadan bir qrup şəxsin kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxiləsi) maddələri ilə məsuliyyətə alınıblar: “…Müəyyən edilmiş halların “Güzəştli mənzil” sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğvi barədə qərar qəbul edilib”.
Vurğulanır ki, satışın ədalətli keçirilməsi məqsədilə həmin 442 mənzilin seçimi yenidən olacaq: “Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək”.
Rəsmi açıqlamaya, hələlik, həmin seçimdə mənzil almaq hüququ alan şəxslərin, həbs edilənlərin və ya onların vəkillərinin münasibətini öyrənmək mümkün olmayıb.
Azadlıq radiosu