İlk öncə sizi salamlayıram, cənab prezident! Bağışlayın, sizi tərif etmədən yazacağam. Bir az həcmcə böyük yazı alındı, üzürlü sayın. Ümid edirəm sona qədər oxuyacaqsınız.
Salam iki şəxs arasında hansı mövqelərdə dayanmaqlarından asılı olmayaraq ünsiyyətə başlamaq üçün tarixdən süzülüb gələn adət şəklidir.
İlk başda onu deyim ki, mən inanıram ki, yazdığım bu məktuba şəxsən sizin tərəfinizdən cavab alacağam. Məni buna görə polis şöbəsi, prokrurluq əməkdaşları sorğu-sual etməyəcəklər.
Siz artıq dördüncü dəfədir ki, prezident səlahiyyətlərinin icrasına başlayan gün əlinizi konstitusiyaya basaraq and içmisiniz ki, mən hər bir Azərbaycan Respublikası vətəndaşının prezidenti olacağam. Mən də bu ölkənin bir vətəndaşı olaraq ümid edirəm ki, siz də mənim fərqli siyasi mövqeyimə, aramızda olan sosial fərqliliyə, maddi imkanlarımızın dərin fərqlərinə, yaş xüsusiyyətlərinə baxmayaraq, eynən mən yazdığım şəkildə bu məktubumu cavablayaraq hər kəsi təccübləndirə biləcəksiniz.
Axı, biz fərqli siyasi mövqe sərgiləsək də, həyata baxışlarımız tam fərqli olsa da belə düşmən deyilik. Siz də azərbaycanlı, mən də azərbaycanlıyam. Qismətimizə sizinlə birlikdə eyni ölkəni bölüşmək yazılıb. Siz prezident kimi, mən müəllim kimi. Sizin qismətiniz gətirib prezident olmusunuz, mən müəllim olmuşam.
Mənim peşə fəaliyyətim 12 il, sizin prezidenlitik fəaliyyətiniz 19 ildir.
Tam normal, heç bir etik qaydanı aşmadan, əksinə public olduğu qədər də mədəni formada bir prezidentlə bir müəllimin məktublaşa bilməsinin dünyada ilk təcrübəsini sizinlə tarixə yazdırmaq istəyirəm. Bir az cəsarətli addımdır, ümid edirəm təqdir edəcəksiniz.
Onsuz da nə siz, nə mən bu dünyanı əbədi tutub getməyəcəyik. Bir gün ölüm bizi də alıb aparacaq bu dünyadan. Gələcək nəsillərdə görsün ki, əslində bir müəllimlə bir prezidentin məktublaşması sıradan mümkün ola bilən məsələymiş.
Onlar da ölkə başçısı ilə vətəndaş arasında belə səmimi mühitin, belə bir məktublaşmanın olduğu ölkədə yaşadıqlarına görə az da olsa özlərini şanslı hiss etsinlər.
Cənab prezident, bəlkə siz bunu bilirsiniz ya yox. İndi bu ölkədə sizin adınızı çəkməyə qorxur insanlar. Sizin adınızın əvvəlində 5-10 cümlə söz sizi mədh etmirsə, bunu heç kimə bağışlamır sizin məmurlar.
Amma həyatda ideal kimsənin olmadığını siz də gözəl bilirsiniz. Kimsə kiminsə siyasi fəaliyyətini sivil, qanunlar çərçivəsində, konstitusiyaya uyğun şəkildə tənqid edirsə, burada siz də razılaşarsınız ki, pis bir şey yoxdur. Əslində məkirsiz insanlar tərəfindən edilən tənqidlər bizim üçün, bizim daha doğru addımlamağımız üçün xüsusi vaksinasiyadır.
Bütün yazılarımı incələyə bilərsiniz feyzbukda. Heç bir zaman nə sizə qarşı, nə sıradan ən sadə insanlara qarşı, hətta düşmənlərimə qarşı ədalətsiz, kobud, vulqar münasibət sərgiləməmişəm. Bunu ilk başda özümə sığışdırmamışam. İnsan adil olmalıdır düşünürəm. Bir gün ölüb gedəcəyiksə, nədən kimsələrin haqqına girək, kimsələrin könlünü qaraldaq. Bir gün bir ovuc qara torpaq olacağıqsa bütün bunlara dəyməz əlbəttə. Heç kim öləndən sonra olsa da belə, lənətlə anılmaq istməz. Övladlarının utanc içində, lənətlə, qarğışla baş-başa buraxmaz. Buraxmaq istəməz.
Cənab prezident, sizə əslində vermək istədiyim və istərsəniz public yaxud public olmağını istəməyəcəyiniz halda sizin istəyinizə uyğun cavablaya bilərsiniz bu suallarımı. Siz istəmədən ictimailəşdirmərəm də!
Amma zəhmət olmasa, səmimi cavab yazarsınız bu suallarıma. Buna şübhə etmirəm də. Bu məktubu lap çoxdan yazmaq isyirdim sizə, qismət bu günə imiş.
Düşünün, 37 yaşınız var. Orta məktəblərin birində tarix müəllimi işləyirsiniz. Aylıq 384 manat müəllim maaşı, 80 manat da müharibə veteranı təqaüdü alırsınız. Sabirabadın ucqar bir kəndində 6 nəfərlik bir ailənin bütün ehtiyaclarını qarşılamaq məsuliyyətiniz var. Atanız xəstə, heç bir yerdə işləməyir. Müharibədən sonra ağır psixoloji xəstəliyə tutulub, hər ay 200-300 manat müalicəsinə pul xərcləyirsiniz. Ananızın səhər saat 6-dan axşam saat 10-na qədər minbir zəhmətlə əkib-becərdiyi mövsümi meyvə-tərəvəzdən satıb əldə etdiyi 2-3 min manatdan artıq başqa bir gəlir sahəniz yoxdur il ərzində. Bir bacınız tələbədir. Onun aylıq yaşayış və digər xərclərini də siz qarşılayırsınız. Xahiş edirəm, mənə səməmi cavab yazın, belə olan halda həyatı necə sürdürmək mümkün olduğunun düsturunu verin mənə bir ölkə prezidenti, bizim yaşayışımıza bilavasitə məsul şəxs kimi.
Neft-qaz və başqa sərvətləri aşıb daşan ölkənin 37 yaşlı vətəndaşı olaraq hələ də subayam. Evlənib daha da ağır duruma özümü salaram deyə evlənmək məsələsini hər dəfəsində təxirə salıb, rahib həyatını seçmişəm. Ata, oğul, müqəddəs ruh naminə sadəcə, bu məsələdə rahatam. İnsan düyanın nemətlərindən əl çəkdikcə deyə kamilləşir. Daha çox var-dövlət, şan-şöhrət, pul, əyləncələr bizi kamilləşməyə, ətrafımızda əziyyət çəkən insanların iztirablarını duymamağa, hissiyatimizi, mənəviyyatımızı korlaşdırmağa sövq edir. Nə bilim, bəlkə də elə deyil, amma mən belə düşünürəm. Yəqin ki, belə düşünməyi haqq edirəm. Düşüncəmə görə sorqulanmayacağım, repressiyaya məruz qalmayacağım qənayətindəyəm.
Sizdən bu ölkəyə məsul şəxs, ölkə prezidenti kimi bu suallarıma açıq yaxud qapalı şəkildə cavab verməyinizi xahiş edirəm, təmsil etdiyiniz ölkənin bir vətəndaşı kimi.
Yəqin ki, vaxtınız azdır. Mənim içdən gələn, uzun zaman düşünüb, sonda yazmaq qərarına gəldiyim bu məktubumu oxumağa zamanınız və hövsələniz çatacaq, çatmayacaq bilmirəm, amma əl basıb hər bir ölkə vətəndaşının prezidenti olacağam deyiminiz məndə ümid yaradır ki, öz vətəndaşınızın sizə ünvanladığı məktubu sonuna qədər oxuyub, onu cavablandıracaqsınız.
Sonda onu xüsusi qeyd edim ki, Bu yolla sizdən hər hansı bir kömək, hər hansı bir vəzifə, hər hansı bir qayğı istəmirəm qətiyyən! Ümumiyyətlə heç kimdən heç nə istəmirəm! Mənim həyatla, maddiyatla bağlı fəlsəfəm bir başqadır. Tək istədiyim şey, mənə bu gəlirlə öz ailəmi doğru-dürüst, bugünkü yaşam şərtlərinə uyğun olaraq, necə onun ehtiyaclarını ödəməyin yollarını mənə öyrətməyinizdir. Mənim yerimdə siz olsaydınız necə edərdiniz?
Hörmətlə: Azrəbaycan Respublikasının vətəndaşı Qulu müəllim.
Sayqılarla!