AXCP sədri Əli Kərimli
Putin rəsmən geri çəkildi. Rusiya – Ukrayna savaşında sürpriz gəlişmələr istisna deyil.
Ukraynaya qarşı savaşın başladığı ilk günləri xatırlayırsız? Rusiya ordusunun əsas hədəfi Kiyevi tutmaq idi. Ən böyük ordu qruplaşması məhz Kiyevin işğalına çalışırdı. Rusiya ordusu Xarkov, Odessa kimi böyük şəhərləri də işğal etmək üçün əlindən gələni etmişdi. Rusiya hücumunun hədəfinin bütövlükdə Ukraynanı işğal etmək olduğu şübhə doğurmurdu.
Bəs Rusiya rəsmilərinin Zelenski və onun millətçi hökumətini məhv etmək, ya da həbs edib məhkəmə qarşısına çıxarmaq çağırışılarını necə, unutmamısınız? Putin özü şəxsən Ukrayna ordusuna müraciət etmədimi ki, Zelenski hökumətini devirsinlər?
24 fevral günü – Ukraynaya hücum başlanan gün Putinin xalqa müraciətində “xüsusi əməliyyatın” məqsədinin Ukraynanın denatsifikasiyası (Ukraynanın milli, istiqlalçı qüvvələrdən təmizlənməsi və orada Rusiyaya bağlı oyuncaq rejimin yaradılması), demilitarizasiyası (yəni hərbsizləşdirilməsi – Ukrayna ordusunun bərpa hüququ olmadan dağıdılması, məhv edilməsi) olduğunu demədimi? Demədimi “xüsusi əməliyyat” həm də ona görə keçirilir ki, NATO-nun genişləndirilməsi durdurulsun. NATO Rusiya sərhədlərinə yaxınlaşmasın?
Təkcə biz yox, bütün dünya buna şahiddir. Ancaq bütün bunlara baxmayaraq Putin dünən verdiyi açıqlamada Ukraynaya qarşı “xüsusi əməliyyatın” hədəflərini rəsmi olaraq məhdudlaşdırıb, kiçildib. Deyib ki, Ukraynada həyata keçirilən “xüsusi əməliyyatın” məqsədi yalnız Donbasın (qondarma LXR və DXR nəzərdə tutulur) azad edilməsi və Rusiyanın təhlükəsizliyini təmin etməkdir (guya Ukrayna Rusiyaya böyük təhlükə yaradırmış). Vəssalam. Başqa məqsədi yoxdur. Əsl U dönüşü deyilmi?
Bəli, artıq Putin səviyyəsində də etiraf olunur ki, Ukraynanın müstəqilliyini əlindən almaq, ordusunu dağıdıb, faktiki işğal etmək, Ukraynada Rusiya tərəfindən idarə olunan oyuncaq rejim yaratmaq, NATO- nun genişlənməsinə mane olmaq mümkün olmayacaq. Belə maksimalist hədəfləri gerçəkləşdirməyə Rusiyanın gücü çatmır.
Ona görə də “hədəflərimiz dəyişməyib” deyə – deyə hədəfi dəyişirlər, kiçildirlər və aza qane olmağa zəmin yaradırlar. Bu gedişlə hətta işğal etdikləri Ukrayna ərazilərindən çıxmaqlarını da əsaslandıra bilərlər. Ukraynaya vəd olunan müasir Qərb silahları bir az tez və çox gəlsə, cəbhə xəttində təşəbbüs Ukrayna ordusuna keçsə, bir də gördük Rusiya rəhbərliyinin humanizmi fontan vurmağa başladı))
Kiyevi işğal edə bilməyib, geri çəkilməyə məcbur olanda bu məğlubiyyəti xoş məramlı jest kimi təqdim etməmişdilərmi? İlan adasını Ukrayna hücumlarından qoruya bilməyəndə demədilərmi ki, “xoş niyyət nümayiş etdirib, adanı tərk etdik”?
Məncə, Rusiya rəhbərliyinin “xoş niyyət nümayiş etdirmək” potensialı hələ çoxdur. Ukrayna ordusu müasir silahlarla əks-hücuma keçəndən sonra Rusiyanın bu savaş dövründəki ən böyük “xoşniyyətli” addımı da ataraq 24 fevraldan sonra işğal etdikləri Ukrayna torpaqlarından geri çəkiləcəyini istisna etmək olmaz. Hər halda Rusiya rəhbərliyi üçün savaşı uzadaraq Rusiya ordusunu və iqtisadiyyatını sonadək tükəndirməyin tək alternativi Ukrayna torpaqlarından “xoş niyyətlə” əl çəkməkdir.