Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
II yazı
Yeni lider, yeni müxalifət mövzusu, əslində, kifayət qədər köhnədir. Birinci yazıda haqqında danışdığım yeni, kreativ müxalifət yaradıcılığı bu fəaliyyətin ən son nümunələrindən idi. Ona qədər olanlar gözümüzün qarşısında baş verib. Bugünkü Milli Məclisdə YAP-dan sonra ən böyük fraksiyanı))) vaxtilə hakimiyyətin AXCP ətrafından alıb apardığı şəxslər təşkil edir. Onların hamısı yeni müxalifət olmalı və rejimin təbirincə, “köhnələri” tarixin arxivinə göndərməli idilər. Amma özlərinin tarixin hansı köşəsində qərarlaşacağını indidən proqnozlaşdırmaq üçün iti zəkaya ehtiyac yoxdur.
Daha bir təşəbbüs 2015-ci il seçkilərinə yeni müxalifətlə getmək məqsədilə gerçəkləşdirilən bir siyasi klub layhəsi idi. Layihə MTN tərəfindən yaradılmışdı və təxminən 2012-ci ilin yayında (zamanı dəqiq xatırlamaya bilərəm) MTN-nin Milli Məclisdəki ən etibarlı adamlarından biri mənimlə görüşdü və mənə bu kluba rəhbərlik etməyi təklif etdi. Mən həmin şəxsə bildirdim ki, məni yaxşı tanıyırsan, mən heç vaxt oyunların içində olmamışam, o şəxsin cavabı da bu oldu ki, bu oyun deyil, gerçəkdir, İlham Əliyev özü də başa düşür ki, dünya dəyişir, əbədi hakimiyyət olmayacaq, o hakimiyyəti verməyə hazırdır, ancaq onu yeni müxalifətə ötürəcək, Əli Kərimliyə heç bir halda verməyəcək. Mən hətta o şəxslə “demək istəyirsən ki, İlham Əliyev hakimiyyəti Əli Kərimliyə vermək istəmir, mənə vermək istəyir” kimi zarafat etdiyimi də xatırlayıram.
Mən, təbii ki, bu təklifi geri çevirdim, amma klub yarandı, 2015-ci ilin parlament seçkilərində ona bir neçə deputat yeri də verəcəkdilər ki… Eldar Mahmudov vuruldu və sonucda MTN-nin növbəti bir yeni müxalifət layihəsi suya düşdü.
Yeni müxalifət ideyasının hakimiyyət mətbəxinin istehsalı olması şübhəsizdir ancaq hər ehtimal, bu yanaşmanı tirajlayanların əsas arqumentlərinə nəzər salmaqla da mövqelərimizi qüvvətləndirmiş olacağıq.
Bir ara çox populyar bir tələb vardı: Filankəs getməlidir. Nöqtə!
Yəni, filankəs müxalifətdən getməlidir ki, gənclərə yol açılsın, biz irəli çıxa bilək və s.
Məsələn, Əli Kərimliyə qarşı ən çox səsləndirilən “ittiham” da budur ki, niyə partiya sədrliyindən getmir, gənclərə yol açmır.
Müxalifət lideri, müxalifət partiya sədri xalq qarşısında heç bir maddi məsuliyyəti olmayan vəzifədir. Vətəndaşlar maliyyələşdirdikləri dövlət institutlarından, məsələn, prezidentdən, nazirlərdən, millət vəkillərindən maliyyə və fəaliyyət hesabatı tələb edə bilərlər və etməlidirlər də. Müxalifətçi dövlət büdcəsindən maliyyələşmir, dövlət imtiyazlarından istifadə etmir, müxalifət fəaliyyətinə görə qazançı ağır şərtlər daxilində yarımleqal fəaliyyət, təqiblər, təzyiqlər, məhrumiyyətlər, həbslər, işgəncələrdir. Bəndəniz də daxil müxalifətçilərin əksəriyyəti siyasi mövqeyinə görə nəinki bir qara qəpik qazanmayan, işini, əmlakını, inkişaf imkanlarını, qohumlarını, dostlarını, bəzən hətta ailələrini bu yolda itirmiş insanlardır. Bu insanlardan nəyin hesabatını sormaq olar ki?! Bu insanlar dövlətdən, cəmiyyətdən hansı imtiyaz, maddi təminat əldə edublər ki, məsələn, hakimiyyətə London mülkləri, ofşorlar, Kürü diplomatiyası, Tərtər dövlət terroru haqqında sual ünvanlamağa cəsarəti çatmayanlar “filan müxalifətçi getməlidir, nöqtə” kimi riyakar fikirlər səsləndirsinlər.
20 il müxalifətdə olmaq 20 il zülmə boyun əyməməkdir, 20 il vicdanını satmamaqdır, 20 il ən ağır təqiblərə, məhrumiyyətlərə dözüb ömrünü xalqının xoşbəxtliyinə qurban verməkdir. Buna görə insanları qınamaq, aşağılamaq yox, heç olmasa, quru “sağ ol” demək lazımdır.
Müxalifətçi haradan getməlidir?! Əli Kərimli bir dəfə bu çağırışlara belə reaksiya vermişdi ki, haradan getməliyəm, 7 kv.m-lik kabinetimdən?!
Qərargahı, icarəyə yer götürmək imkanı, gəliri olmayan müxalifətçi, haradan getməlidir və niyə getməlidir?! Bizim gücümüz dediyimiz sözün kəsərində, sərgilədiyimiz fəaliyyətin ardıcıllığında və prinsipiallığındadır. Yeganə silahımız sözümüz və sözümüzü yaymaqda bizə yardımçı olan mobil telefonlarımızdır. Mobil telefonlarımızımı sizə bağışlayaq?!
Biz cəmiyyətə yalnız ictimai nüfuzumuz üzərindən xitab edirik, buyurun, siz bizdən daha cəsur, daha qətiyyətli, daha səbatlı olun, bizi yox, sizi dinləsinlər. Sizin əlinizi bağlamırıq, sözünüzü kəsmirik, bir çoxunuz bizdən fərqli olaraq işləyirsiniz, qrant qazanırsınız. Amma minlərlə üzvü olan, yüzlərlə üzvü həbsdən, onlarla üzvü amansız işgəncələrdən keçən, 300 dollarlıq maddi yardıma görə Qarabağ qazisi olan üzvləri şərlənib illərlə həbs həyatı yaşayan, işgəncə altında elektrik cərəyanına bağlanan bir partiyanın sədrinə “o getməlidir” demək vicdan, daha doğrusu vicdansızlıq məsələsidir. Bu o deməkdir ki, məsələn, Babək Həsənli və Aqil Əli Məhərrəmli özünə partiya sədri seçə bilmir, onların buna ağlı, şüuru, iradəsi çatmır, amma vaxtilə müxalifətdən pul qazanmaq naminə getmiş, indi də fəaliyyətləri yalnız beynəlxalq təşkilatlardan alınan qrant pulları hesabına iş görüntüsü yaratmaqdan və bizlərdən donoslar yazmaqdan ibarət olan bəziləri, yaxud Rusiyada, Avropada xoşbəxt həyat yaşayan, PASHAHOLDİNQ-in hansısa qurumunda çalışıb bivec həyat sürən bəziləri cəbhəçilərin əvəzinə onlara partiya rəhbərliyi seçirlər. Yeri gəlmişkən, həmin qrantlar Azərbaycan xalqının mənafelərinə xidmət məqsədilə verilir və bu xalqın hər bir nümayəndəsinin həmin vəsaitlərə görə hesabat istəmək hüququ var.
Yeni Lider məsələsinin bütün bu diskursun açar faktoru olduğunu az əvvəl də yazmışam. Hakimiyyət onilliklər ərzində, əsasən, bir neçə adama qarşı savaşıb və bu savaş bu gün də davam edir. Sözsüz ki, parnik üsulu ilə yeni liderin yetişdirilmə şansının olmadığını hakimiyyət də bilir, amma nədən vaz keçmir? Axı gözümüzün önündə Ağ Atlı Oğlan nağılı iki-üç ayın içində şar kimi partladı, başqa birisini isə israrla həmin Ağ Ata mindirmək cəhdləri nəticə vermir.
Əminliklə demək istəyirəm ki, hakimiyyət hazırda yeni Lider axtarışına yeni lideri tapmaq üçün deyil, “köhnələri” gözdən salmaq, ictimai nüfuzunu zəiflətmək məqsədilə çıxıb. Hədəf ictimai fikri çaşdırmaq, onun avanqard qüvvə ətrafında təmərküzləşməsinə maneə olmaq, bununla da cəmiyyətin, xalqın həyatından daha bir neçə il çalıb öz hakimiyyət ömrünü uzatmaqdır. Çünki Azərbaycanda indi yaşananlar, içində olduğumuz durum ictimai siyasi müxtəlifliyi, polifonik iştirakçılığı ehtiva etməli olan klassik siyasi mübarizə deyil, tiraniya ilə, qəddar istibdad rejimi ilə savaşdır və xalqın monolit birliyi olmadan bu savaşı qazanmaq, istibdadı yenmək imkansızdır.
Amma gerçəklik budur ki, Azərbaycan cəmiyyətinin bir qismi, bəziləri məqsədli şəkildə, bəziləri hakimiyyət təbliğatının təsiri altına düşərək, bəziləri öz fəaliyyətsizliyinə, mövqesizliyinə bəraət qazandırmaq niyyəti ilə doğrudan da yeni bir müxalif simanın ortaya çıxaraq cəmiyyəti öz ətrafında birləşdirib ASAN QƏLƏBƏ-yə aparacağını iddia edir.
Gəlin, həmin o qət-təzə liderin portfelini araşdıraq.
Təbii ki, mərhum prezident Elçibəy demiş, Fransadan özümüzə xalq gətirə bilməyəcəyik, odur ki, yeni Lider Azərbaycandan zühur etməlidir.
Onu müxalif cameədə axtarmaq mənasızdır, çünki, eyni məntiqlə müxalifətçilər köhnəlib, yeniliyə ehtiyac var, zatən güclü fiqur olsaydı, həmin o yeni Lider çoxdan köhnələr arasında irəli çıxardı.
Onu vətəndaş cəmiyyətində də eyni səbəblə axtara bilmərik, üstəlik vətəndaş cəmiyyəti müxalifətlə müqayisədə daha zəif, daha dağınıq bir durumdadır, üç-beş nəfəri çıxmaqla ictimai fikrə təsir və fəaliyyət imkanları 2014-2015-ci ilin ağır reprssiyalarından sonra, demək olar ki, qalmayıb.
Fransızların cherchez la femme misali biz də cherchez le chef d’oppisition, yəni, müxalifət lideri axtarışları üçün hökumətə, Milli Məclisə, Xarici İşlər Nazirliyinə, ziyalı və biznes cameəsinə… baş vurmaq məcburiyyətindəyik.
Sonuncudan başlayaq. Ölkədə azad biznes mühitinin olmadığını bilirsiniz. Biznes adına fəaliyyət göstərən bütün strukturlar ya Paşaholdingin birbaşa, ya da dolayısı nəzarətindədir. Yəqin ki, Paşaların klerkindən müxalifət lideri düzəltməyəcəyik. Bu ehtimal dərhal aradan çıxdı.
Böyük ürək ağrısı ilə özümün də aid olduğum ziyalı təbəqəsi haqqında deməliyəm ki, onlar bu gün cəmiyyətin bəlkə də ən ziyanlı qismidir. Bu təbəqədən nəinki liderlik gözləmirik, onların arasında öz sözünü deyə biləcək bir cəsarətli şəxs görmək xəyallarımızın zirvəsidir. Yəni, Rüstəm Ibrahimbəyov fenomeni, təəssüf ki, bir də yaşanmayacaq.
Yəqin ki, Milli Məclisdə əyləşib öz möhtəşəm kəlamları ilə bizi vaxtaşırı feyziyab edən dahi mütəfəkkirlər))) arasında da lider axtarmazsınız.
O lider nə Xarici, nə Daxili işlər nazirliyindən çıxan deyil, çünki, məsələn, onların ən perspektivlisi Arif Məmmədovun statusunu öncə bəyənib sonra bəyənmədən imtina edib Arif Məmmədovu ifşa edən silsilə yazılar yazdığı üçün yüksək vəzifə ilə mükafatlandılan Hikmət Hacıyevdir.
Ümid edirəm ki, yeni Lider təşəbbüsündə bulunan soydaşlarımız onu Bandotdeldə və ya DTX-da da axtarmaq niyyətində olmazlar.
Bu günədək cəmiyyətin tanımadığı yeni Lider axı kimdir?! O Lider haradadır?!
Buyurun, tanış olun!
-Həmin yeni Lider 2017-ci ilin Tərtər dövlət terroruna, iki min nəfər hərbçimizin ən ağır qeyri-insani rəftara, işgəncələrə məruz qalmasına, zorlanmasına, 12 nəfər günahsız soydaşımızın işgəncə altında öldürülməsinə biganə qalıb, etiraz etməyib, mövqe sərgiləməyib;
-Həmin çiçəyi burnunda yeni Lider ötən ilin Pandora ifşalarına, hakim ailənin 700 milyon dollarlıq London mülklərinin üzə çıxmasına etiraz etməyib, mövqe bildirməyib.
-Həmin yeni Lider Tofiq Yaqublunun dəfələrlə şərlənməsinə, ağır mənəvi və fiziki işgəncələrə məruz qalmasına, polis idarəsində döyülərək üz-gözünün şişirdilib tanınmaz hala salınmasına müdrikliklə susub, etiraz etməyib.
- Qarabağ qəhrəmanı Saleh Rüstəmli ölümün bir addımlığında öz ləyaqəti uğrunda həyat mücadiləsi verərkən də həmin yeni Lider, götünür, daha önəmli işlərlə məşğul olub.
- Həmin yeni Lider qazilərimizin qulaq batıran fəryadına da biganədir, şəhid analarının üsyanına da. Çünki biz illərlə Milli Şuranın bütün tədbirlərində, mitinqlərində şəhid ailələrinə qan pulu hayqıranda, şəhid anaları saçlarından tutulub yerlə sürüdüləndə Milli Məclisdə 80 yaşlı Zeynəb Xanlarovanın etirazını eşitdik, ancaq o yeni Liderin səsini, səmirini duymadıq.
- Həmin Lider Nardaran təxribatı zamanı da susdu, Gəncə olaylarında da dillənmədi.
-2015-ci ilin 21 fevral və 21 dekabrında həşəmətli hökumətimiz gecə ilə 10 milyon insanın cibinə girdi, xalqı müflis etdi, Milli Şura üç etiraz aksiyası çağırdı, həmin lideri gördüm, duydum deyən olmadı.
- 2019-cu ilin dekabrında Mehman Hüseynov həbsdə quru aclıq edəndə həmin lider harada idi? Heç olmasa 19 yanvar mitinqimizə gələrdi, Milli Şura bizi sevən-sevməyən hər kəsə qucaq açmışdı, kürsüyə qaldırmışdı. Həmin mitinqə gələrdi, xalqımızın lider nisgili bitərdi, millət, nəhayət, öz qəhrəmanını tanıyardı.
-Həmin lider 2020-ci ilin 10 noyabrında Rusiya qoşunlarının Azərbaycana qayıtmasına, İlham Əliyevin 22 fevral 2022-ci ildə imzaladığı Rusiya ilə təslimçi müttəfiqlik Bəyanatına etiraz edibmi?!
- Həmin lider təkcə geopolitakaya, dövlətimizin mövcudluq və güvənlik problemlərinə deyil, xalqımızın işsizlik, yoxsulluq, səfalət kimi ən ağrılı, ən həssas problemlərinə də biganədir və təəssüf ki, bu yöndə nəinki hansısa bir fəaliyyətini, heç yumşaq mövqeyini görə bilməmişik.
Nə isə, yeni müxalifət liderinin fəzilətlərindən çox danışıb sizi yormayım, görünən dağa nə bələdçi?!
Hə, amma haradansa 18-21 yaşlarında bir gəncimiz meydana atılıb ortaya xalqı öz ətrafında birləşdirməyi bacaran gerçək liderlik istedadı, bacarığı və iradəsi qoyacaqsa, o balamıza birinci mən qucaq açıb dəstək verəcəyəm. Sadəcə, bu ehtimalı ciddi görə bilmirəm.
“Yeni lider” axtarışları hakimiyyət tərəfindən ortaya atılmış, cəmiyyətdə çaşqınlıq yaratmağa, xalqı kütləvi, dinc mübarizədən soyutmağa, fəaliyyətsizliyinə bəraət qazandırmağa, geniş kütlələrin müqavimət ünvanı olaraq tanıdığı “köhnə”, zamanın sınağından çıxmış müxalifəti gözdən salmağa, bununla da hakimiyyətin ömrünü uzatmağa yönəlik bir avantüradır. Yoxsa, parnik şəraitində müxalifətin yetişmədiyini hakimiyyət bizdən yaxşı bilir, çünki 20 illik uğursuz təcrübələri var.
Gedən bizim ömrümüzdən, bizim həyatımızdan, bizim xoşbəxtliyimizdən gedir, itirən bizik, bizim balalarımızdır.
İddialarımızı, ambisiyamızı, hikkəmizi bir kənara qoyub ən şanslı müxalifət fiquruna dəstək verməliyik. Əl-ələ verib istibdadı gözəlim Vətənimizdən rədd edib, azad və ədalətli seçkilərdə xalqa istədiyi şəxsə səs vermək imkanı yaratmalıyıq. Və Lider şəffaf seçki qutusundan çıxmalıdır.