AXCP sədri Əli Kərimli
Elgiz Məmmədovun polis idarəsindən aparılaraq ağır formada təhqir edilməsi cinayət olmaqla yanaşı, həm də çox böyük şərəfsizlikdir.
Elgiz Məmmədova qarşı bu qədər aqressivlik nədən qaynaqlana bilər? Elgiz bəy şəxsi mübarizəsilə xüsusi fərqlənməyən, ən böyük “cinayəti” narkotiklə şərlənmiş MBH fəalı Razi Hümbətovun məhkəməsinə gəlmək olan, minlərlə etirazçı vətəndaşdan biridir. Hətta indiki aqressiv və repressiv rejim də onu yalnız 1 ay müddətinə inzibati qaydada həbs etmişdi. Bəs Elgiz Məmmədova qarşı azərbaycanlı adına, insan adına yaraşmayan qanunsuz əmələ yol verənlərin bu cinayəti törətməkdə məqsədi nə olub? Əminəm ki, cinayətkarların məqsədi ölkədəki inanclı kəsimi radikallaşdırmaq, bütün çətinliklərə rəğmən hələ də dinc müstəvidə davam edən siyasi mübarizəni zor müstəvisinə keçirməyə nail olmaqdır.
Ya bütövlükdə Əliyev hakimiyyəti, ya da hakimiyyət daxilindəki bir təsirli güc mərkəzi faktiki odla oynayır. Zor yolu ilə daha uzun müddətə hakimiyyətdə qalmaq məqsədilə ölkə daxilində polislə dindar təbəqəni üz-üzə qoyub, qarşılıqlı nifrəti körükləyir. Orijinal bir yol deyil. Hüsnü Mübarəkdən, Qəddafidən İslam Kərimova qədər bir çox “sekulyar” Şərq diktatorları zamanında bu üsullardan çox istifadə ediblər. “Radikal islamçılarla mübarizə” bəhanəsilə öz diktaturalarına dünya qarşısında haqq qazandırmağa çalışıblar. Nəticəsini bilirsiz, həmin diktatorların aqibətini xatırlayırsınız. Həmin “çoxbilmiş” diktatorlar hətta 10 illər öncə belə nə beynəlxalq aləmi, nə də öz xalqlarını aldada bildi. Dünyanın demokratiyaya doğru daha sürətlə dəyişdiyi indiki zamanda isə belə üsullarla beynəlxaql birliyi və xalqı aldatmaq heç mümkün deyil. Kimin istəyib-istəməməsindən asılı olmayaraq, demokratikləşmə prosesi bütün regionumuzu əhatə edəcək. Demokratikləşmənin qarşısını almaq mümkün olmayacaq.
Ölkəmizdə siyasi mübarizəni zor, vətəndaş qarşıdurması müstəvisinə keçirməyə çalışanlar kim olur olsun, Azərbaycanın düşmənləridir. Məğlub olacaqlar və hər zaman lənətlə yad ediləcəklər.
İlham Əliyev, Vilayət Eyvazov bu şərəfsiz cinayəti törətmiş şəxslərin dərhal cəzalandırılmasını təmin etməlidirlər ki, xalq bu cinayətin rejimin ümumi siyasi qərarı ilə törədildiyini düşünməsin.