“Regionun müsbət gələcəyi Rusiyanın məğlub edilməsindən, rusiyalıların bu məğlubiyyəti anlamasından asılıdır”
Rusiya artıq Donbasdakı Severodonetsk şəhərini tutmaq üzrədir, müharibədə hər gün 100-200 ukraynalı əsgər həlak olur. Ukrayna cənubdakı Xerson vilayətində Rusiya mövqelərinə qarşı əkshücumda cüzi irəliləyiş əldə ediblər. Rusiya əsgərlərinin yenidən Xarkova doğru irəlilədiyi xəbərləri gəlir.
Ukrayna müharibəni uduzurmu? AzadlıqRadiosunun müxbiri Mayk Ekel bunun o qədər də asan məsələ olmadığını yazır.
“Əgər ‘uduzur’la demək istəyirsiniz ki, Ukrayna itirilmiş ərazisini qaytara, Rusiyanı öz ərazisindən çıxara bilməyəcək, onda bəli, bu ədalətli yanaşmadır, onlar uduzurlar”, – bunu Ukrayna müharibəsini yaxından izləyən, ABŞ-ın keçmiş ordu polkovniki və artilleriya zabiti Skot Boston söyləyir.
Effektiv müdafiə
Digər ekspertlər də məsələnin “uduzmaq” sözünə necə yanaşmaqdan aşlı olduğunu deyirlər.
“Reallıqda xəritəyə baxanda, Donbasa baxanda, orada böyük dəyişiklik tapmayacaqsız, baxmayaraq ki, xeyli sayda Rusiya qüvvələri cəmlənib. Ukrayna qüvvələri çox effektiv müdafiə qurublar”, – Kiyevdəki Ordu, Təlim və Tərksilah Araşdırmaları Mərkəzinin direktor müavini Mixaylo Samus deyir.
O, əksində, Rusiyanın uduzduğunu, bir neçə günə Kiyevi tutmaq kimi ilkin hədəflərinə çatmadığını qeyd edir.
Rusiya qüvvələri Kiyevi, Xarkovu tuta bilməsələr də, cənubdakı Mariupol liman şəhərini ələ keçiriblər. Severodonetksin də bir neçə həftə çəkən ağır küçə, evbəev döyüşlər nəticəsində Rusiyanın nəzarətinə keçdiyi bildirilir.
Severodonetskdəki Azot kimyəvi zavodunda dinc sakinlər və döyüşçülər qalıb və Mariupoldakı Azovstal ssenarisinin təkrarlanacağı güman edilir.
Ağır silahlarda bərabərlik
Bu arada Ukrayna rəsmiləri Qərbdən daha ağır silahlar gözləyir.
“Birbaşa deyim: bu müharibəni bitirmək üçün bizə ağır silahlarda bərabərlik lazımdır. Qərar gözləyirik”, – Prezident Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak Twitter-də yazıb.
Rusiya qüvvələri aprelin əvvəlində Kiyev ətrafındakı qüvvələrini şərqi Donetsk və Luqansk vilayətlərinə yönəldiblər. Bu vilayətlərdə bir neçə kənd Rusiyanın nəzarətinə keçib
Hazırda Ukrayna qüvvələri Rusiyanın cənub-qərbdən şimal-şərqə – Baxmutdan Lisiçanska gedən magistral yolu tutmasını əngəlləməyə çalışırlar. Ukrayna bu magistralı “həyat yolu” adlandırır.
Rusiya qüvvələrinin şimalda Xarkov istiqamətində, Ukraynanın isə cənubda, 2014-cü ildə ilhaq olunmuş Krımdan şimaldakı Xersonda irəlilədiyi xəbər verilir.
Azadlıq radiosu