Keçmiş işçisi Ramiz Əliyevin yazıb-oxumaqda, hətta öz tərcümeyi-halını yazmaqda belə çətinlik çəkdiyini iddia edir
Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyevi şəhərdə tanımayan az adam olar. Ancaq bələdiyyə sədri kimi deyil, çünki onun bu posta nə cür yüksəldiyini çoxları bilir və bu haqda bir qədər sonra daha ətraflı yazacağıq. R.Əliyev əksər sakinlərin xatirində bədən tərbiyəsi müəllimi kimi qalıb. Baxmayaraq ki, tərcümeyi-halı kənardan onu tanımayanlara zəngin görünə bilər.
Qısa arayış: Ramiz Əliyev 1962-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitunu və Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasını bitirib.
Mingəçevir Maarif şöbəsi Uşaq-Gənclər İdman Məktəbində məşqçi müəllim, şəhər 4 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimi, 11 saylı orta məktəbdə təlim-tərbiyə üzrə direktor müavini vəzifələrində çalışıb. Yarandığı gündən 2013-cü ilədək Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin (o vaxtlar Gənclər, İdman və Turizm idarəsi – red.) rəisi, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, Mənzil Kommunal Təsərrüfatı Kombinatının direktoru vəzifələrində işləyib.
14 yanvar 2020-ci ildən Mingəçevir Bələdiyyəsinin sədridir. 1997-ci ildən YAP-ın üzvüdür.
Sabiq icra başçısının işdən qovduğu müavin kirvəsi olan yeni başçı sayəsində Bələdiyyə sədri postuna yiyələnib
2013-cü ildə Ramiz Əliyev Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini vəzifəsinə təyin olundu. R.Əliyevi şəxsən tanıyanlar üçün onun belə bir vəzifəyə təyinat alması gözlənilməz idi. İctimai-siyasi məsələlərdə səriştəsi olmayan, media və QHT-dən tamamilə uzaq bir adamın bu postda uzun müddət davam gətirməyəcəyi şübhəsiz idi. Bu cür düşünənlər yanılmadılar və cəmi 2 il sonra, 2015-ci ilin dekabrında o, tutduğu vəzifədən azad edildi. Həmin vaxt R.Əliyev işdən öz ərizəsiylə çıxdığını, bunu şəkərli diabetdən əziyyət çəkməsiylə əlaqələndirsə də, əsl səbəbin bu olmadığını şəhərdə bilməyən yox idi. İddialara görə, şəhərin o vaxtkı icra başçısı Niyazi Bayramovun (hazırda Gəncə şəhər İH-nin başçısıdır – red.) məzuniyyətdə olmasından istifadə edən R.Əliyevin məktəb və bağça rəhbərlərindən “xərac” topladığı üzə çıxıb. Onun uşaq bağçaları və məktəblərin həyətyanı sahələrinə xüsusi maraq göstərməsi də yayılan məlumatlar arasındaydı. Təbii, bütün bunlardan xəbər tutan icra başçısı N.Bayramov Ramiz Əliyevi dərhal tutduğu vəzifədən azad edir. Deyilənə görə, aparatın digər işçilərindən Ramiz Əliyevin həqiqətən də vəzifəsindən sui-istifadə etdiyinə dair izahatlar alınır.
Bir müddət işsiz qalan Ramiz Əliyev sonradan Mingəçevir şəhər İH-nin “Energetiklər” yaşayış massivindəki Mənzil Kommunal Təsərrüfatı Kombinatının direktoru vəzifəsinə təyin olunur. 2018-ci ilin dekabrında İlham İsmayılovun Mingəçevir şəhər İH-nin başçısı vəzifəsinə təyinatıyla bəxt növbəti dəfə Ramiz Əliyevin üzünə gülür. 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərindən öncə şəhərdə R.Əliyevin nəinki bələdiyyə üzvü, hətta sədr olacağına dair xəbərlər dolaşır. Çünki bunun üçün lazım olan “xeyir-dua” kirvəsi – icra başçısı İlham İsmayılov tərəfindən verilmişdi. Bu fakt seçki kampaniyasında bələdiyyə üzvlüyünə namizəd olan bəzi YAP-çıların kəskin narazılığına səbəb olsa da, “möcüzə” baş vermədi və hər şey öncədən iddia edildiyi kimi oldu. Ramiz Əliyev 2019-cu ilin dekabrında bələdiyyə üzvü, 2020-ci ilin yanvarında isə Mingəçevir Bələdiyyəsinin sədri oldu.
Keçmiş işçisi bələdiyyə sədri haqda nələri deyib?
Bu günlərdə ölkənin bir sıra xəbər portallarında Mingəçevir Bələdiyyəsinin keçmiş əməkdaşı Fərhad Abdullayevin şikayət məktubu yayıldı. Bələdiyyə sədrinə qarşı yetərincə ciddi ittihamların irəli sürüldüyü məktubdan bəzi məqamları diqqətinizə çatdırırıq: “2020-ci ildə sədr Ramiz Əliyev “Bələdiyyə özünü maliyyələşdirən orqandır, vəsait çatışmır”, bəhanəsiylə məni, 4 illik iş təcrübəsinə malik, işində heç bir nöqsana yol verməmiş, aylıq əmək haqqı 271 manat olan işçini işdən azad etdi. Qısa bir zamanda həmin şöbəyə heç bir təcrübəsi olmayan 2 nəfəri işə götürdü və hər birinə 380 manat əmək haqqı təyin etdi. Əvvəlki bələdiyyə sədrinin aylıq əmək haqqı 600 manat olduğu halda, R.Əliyev öz əmək haqqını 2000 manata qədər artırıb. Bu da onu sübut edir ki, işdən azad olunmağım müqavilə müddətinin bitməsi, yaxud maliyyə çatışmamazlığı ilə əlaqəli deyil. Sədr tapşırıq və tanışlıq zəminində daha çox işçi götürməyə çalışır. İşçilərin təcrübəsi və bacarığı onun üçün vacib deyil. R.Əliyev bələdiyyəyə sədr təyin olunduğu ilk gündən hamının qarşısında söz verdi ki, bələdiyyə qulluqçularının hamısını işdən çıxarıb, öz adamlarını işə götürəcək. Bələdiyyəyə öz “şəxsi firması” kimi baxan R.Əliyev dediklərini ciddi qanun pozuntuları bahasına olsa belə yerinə yetirir; istədiyi işçini işdən azad edir və öz adamlarını onların yerinə təyin edir. Bu zaman bələdiyyə iclaslarının qərarı da onun üçün vacib deyil”.
F.Abdullayevin sözlərinə görə, R.Əliyev sədr təyin edildikdən sonra bələdiyyə iclasları keçirilmir: “Əksər bələdiyyə üzvləri onun iclaslarına gəlməkdən imtina edib. Öncədən hazırlanmış iclasın qərarlarının axırıncı səhifəsi bələdiyyə üzvlərinə imzalamaq üçün təqdim edilir. Onlar da əvvəlki səhifələrinə yazıldığına baxmadan vərəqi imzalayırlar. Bu vəziyyətdən istifadə edən R.Əliyev istədiyi məsələni iclasdan keçirə bilir”.
Sədr köhnə iş yeri MKTİB-də “qara işləri”ndə onun köməkçisi və mühasibi olmuş, orta təhsilli, pensiya yaşına çatmış Yeganə Hüseynovanı bələdiyyəyə baş iqtisadçı, qohumu, orta təhsilli İsgəndər Yusubovu isə “Vergi və ödənişlər” şöbəsinə müdir təyin edib. Bu cür işçilərlə işləmək ona daha rahatdır”.
Müəllif deyir ki, Ramiz Əliyevin Mingəçevir şəhər İH-nin başçısı İlham İsmayılov tərəfindən Bələdiyyə sədri təyin olunduğunu bilməyən yoxdur.
Ramiz Əliyevin əməllərini yəqin Prezident Administrasiyasında da unutmayıblar
F.Abdullayev yazır ki, bu gün Mingəçevir Bələdiyyəsinin nüfuzu sıfırın altına enib: “Bələdiyyə tərəfindən məktub və ya əmr hazırlanarkən, bir neçə müəssisəyə yardım üçün müraciət edilir. Bələdiyyənin qeyri-rəsmi baş məsləhətçisi orta təhsilli MİS işçisidir. Sahib Hüseynovun rəhbərlik etdiyi Ümumi şöbənin və digərlərinin əsasnamə və vəzifə təlimatları Bələdiyyə iclasında təsdiq edilməli olduğu halda, belə bir əsasnamə və ya vəzifə təlimatı ümumiyyətlə yoxdur. Mövcud qanunvericiliyə əsasən 01 yanvar 2015-ci il tarixdən, ödəyicilərdən nəğd qaydada vergi və ödəniş alınması qadağan edilsə də, Ramiz Əliyev işçilərini nağd vergi yığmağa məcbur edir. Bəzən hətta özü bu işlə məşğul olur. Sədr ali təhsilli və təcrübəli işçiləri işdən azad etməklə “Uçot şöbəsi”ni ləğv edib. Öz adamlarını vəzifələrə təyin etməkdə əsl məqsədi odur ki, qanunsuz görülən işləri onların vasitəsilə gizlədə bilsin. Çünki bu işlərdə onun təcrübəsi böyükdür”.
Müəllifin bir iddiası da çox ilgincdir. Onun sözlərinə görə, bədən tərbiyəsi işçisi olmuş Ramiz Əliyev yazıb-oxumaqda çətinlik çəkir, hətta öz tərcümeyi-halını belə yaza bilmir.
Şikayətçi R.Əliyevin 2015-ci ildə Mingəçevir şəhər İH-də İctimai-siyasi və humanitar məsələlər üzrə müavin işlədiyi vaxt Heydər Əliyev Fondunun şəhərdə tikdirdiyi uşaq bağçasının inşası üçün təhsil və mədəniyyət şöbələrindən, tibb işçilərindən onları aldadaraq pul yığdığını, Heydər Əliyev Fondunun adına yaraşmayan nalayiq hərəkətinə görə tutduğu vəzifədən qovulduğunu yazır. Sitat: “Ramiz Əliyevin Mingəçevir camaatının xatirində olan bu hərəkətini Prezident Administrasiyasında da yəqin ki, unutmamış deyillər”.
“Mozambikdə belə bələdiyyə sədri işləməyə layiq olmayan adam”
Ramiz Əliyevin bələdiyyənin nə olduğunu bilməyən, yalnız öz mənafeyi üçün çalışan, şəhər və əhalisi üçün heç bir iş görməyən biri olduğunu qeyd edən şikayətçi onun bələdiyyənin gəlirlərinin 90%-ni özünə və yaxınlarına mükafat və əmək haqqı kimi istifadə etdiyini yazır. Əhalisinin əksəriyyəti ziyalılardan ibarət olan Mingəçevir şəhərinə bu cür savadsız, hər çıxışında lovğalanaraq özünü “şəhər uşağı” adlandıran, təkəbbürlü bələdiyyə sədrinin təyin edilməsini böyük haqsızlıq və təhqir olduğunu vurğulayır.
Müəllifin sözlərinə görə, elementar yazışma qaydalarından bixəbər olan bu adamın uzun illər hansı yollarla vəzifə tutması araşdırılmalıdır. Sitat: “Adını və soyadının yazılışını, tarix yazmaq qaydasını doğru-dürüst yaza bilməyən bu adam Mozambikdə belə bələdiyyə sədri işləməyə layiq deyil”.
R.Əliyevin sələfinin Bələdiyyəni çökdürməsi faktının üzərinə sonacan gedə bilməməsinin səbəbi nədir?
12 dekabr 1999-cu ildə yaradılan Mingəçevir Bələdiyyəsinin ilk sədri Cavanşir Yusubov (1999-2014), ikinci sədri Coşqun Abdullayev (2014-2019) olub. 2020-ci ildən bu günədək bələdiyyənin sədri Ramiz Əliyevdir. Ümumiyyətlə, 2014-cü ildən Mingəçevir Bələdiyyəsinin sədr sarıdan bəxti gətirməyib desək, yanılmarıq. Özəlliklə bələdiyyəni çökdürmüş Coşqun Abdullayevin fəaliyyəti xüsusi olaraq qeyd olunmalıdır. O Coşqun Abdullayevin ki, ötən il barəsində 2013-2020-ci il tarixlərdə yol verdiyi qanunsuzluqlarla bağlı daxil olmuş müraciətlər əsasında şəhər prokurorluğunda cinayət işi başlanmış, iş üzrə toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilmişdi. Cinayət işinin materiallarında C.Abdullayevin sədr işlədiyi dövrdə bələdiyyə adından şəhər sakinlərinin istifadələrinə torpaq sahələrinin ayrılmasına dair saxta bələdiyyə qərarları tərtib etdiyi, həmçinin rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığına yol verdiyi iddia olunurdu.
Mingəçevir şəhər Məhkəməsində hakim Məhburə Kərimovanın sədrliyi ilə baş tutan məhkəmədə dövlət ittihamçısı Vidadi Cabbbarov çıxış edərək C.Abdullayevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
C.Abdullayevin vəkili məhkəmədən vaxt istəmiş və proses bundan sonra bir neçə dəfə müxtəlif səbəblərdən təxirə salınmışdı. Bunca uzanan və sanki ictimaiyyətin diqqətini yayındırmağa yönəlmiş proses sonda C.Abdullayev üçün “uğurla” nəticələnmiş və o, məhkəmənin hökmüylə 4 min manat cəriməylə canını qurtarmışdı.
Yeri gəlmişkən, C.Abdullayev icra başçısı İlham İsmayılovla münasibətlərinin elə də isti olmaması üzündən 2019-cu ilin bələdiyyə seçkilərində namizədliyini irəli sürməmişdi. Yeni sədr R.Əliyev kirvəsinin xeyir-duasıyla sələfinin keçmiş əməllərinin araşdırılması üçün məhkəməyə müraciət etsə də, bu işi sona çatdırmaqda özündə cəsarət tapa bilməmişdi. R.Əliyevin sabiq sədrin Mingəçevir Bələdiyyəsinə yüz minlərlə ziyan vurması müqabilində az qala simvolik bir məbləğdə cərimələnməsinə növbəti məhkəmə instansiyasına müraciət etməklə etiraz edə bilməməsi təəccüb doğurmaya bilməz.
Əslində C.Abdullayevdən sonra bələdiyyədə elə bir köklü dəyişiklik baş verməyib. Bu, yarandığı gündən icra hakimiyyətinin bir şöbəsi kimi fəaliyyət göstərən bələdiyyədə R.Əliyevin sədr təyinatından sonra özünü daha aydın büruzə verir. 23 ildə heç bir istehsal sahəsi, fondu olmayan, gözünü bir neçə il bundan öncəyədək torpaq satışına, indi isə ildə bir dəfə dövlətdən aldığı dotasiyaya (o dotasiyanın nə cür xərcləndiyini də R.Əliyev və ətrafı yaxşı bilir – red.) dikən Mingəçevir Bələdiyyəsi “ələyi ələnmiş, xəlbiri göydə fırlanan” bir quruma çevrilib.
Ramiz Əliyevin məntiqiylə icra başçısını və onu tənqid edənlər müxalifətdir
Bu günlərdə Mingəçevir Bələdiyyəsində yerli KİV nümayəndələri ilə Ramiz Əliyevin, bələdiyyə üzvlərinin və komissiya sədrlərinin görüşü olub. Görüşdə R.Əliyev son 2 il yarım ərzində İcra Hakimiyyətinin dəstəyi və köməyi ilə Bələdiyyənin şəhərdə abadlıq-quruculuq işləri aparıldığından, park və xiyabanların, istirahət məkanlarının yenidən qurulmasından və bərpasından danışıb. Ənənəvi olaraq Mingəçevir Bələdiyyəsi yaranandan bu günədək bütün sədrlərin hesabatında ilk yerlərdən birini tutan Səməd Vurğun meydanındakı hasarın ildə 2 dəfə ağardılması, bir neçə məhəllədə oturacaqların qoyulması da unudulmayıb.
Görüş zamanı sədr bəzi media orqanları və internet kanallarının bələdiyyəyə qarşı qərəzli mövqe tutmasından, belələrinin Mingəçevirdə aparılan işlərdən söz açmaq əvəzinə “qarayaxma” ilə məşğul olmasından, reallıqdan kənar informasiya yaymalarından şikayətlənib. Bildirib ki, saytlar Mingəçevir qəbirstanlığındakı vəziyyətlə bağlı şəhər İcra Hakimiyyətini günahlandırırlar, halbuki İcra Hakimiyyəti və onun başçısı İlham müəllimin bu işə heç bir aidiyyəti yoxdur. Çünki qəbiristanlıqlar 2018-ci ildən şəhər Bələdiyyəsinin tabeliyinə verilib.
Qəbirstanlıqda olan pul heç yerdə yoxdur
R.Əliyevin qəbirstanlıq haqda yanıqlı-yanıqlı danışması heç də təsadüfi deyil. Kürün sağ sahilində yerləşən, yerli camaat arasında “Əli qəbirstanlığı” kimi tanınan Mingəçevirin ən böyük qəbirstanlığı bu gün bələdiyyənin əsas gəlir yerlərindən biridir. Əldə etdiyimiz məlumatlara görə, “Dəfn mərasimi” xidməti sahəsinin rəisi Rafael Məmmədov hər dəfn üçün ölü sahibindən 40 manat ödəniş aldığı halda, ay ərzində bələdiyyə büdcəsinə maksimum 1000 manat ödəyir. Sözsüz ki, o bunu sədrin tapşırığına və qoyulan aylıq plana uyğun edir. Qalan pulların kim(lər)in cibinə getdiyi barədə bizcə, baş sındırmağa dəyməz.
Bir sözlə, R.Məmmədov həm də “xəzinədar” missiyasını yerinə yetirir. Toplanan vəsaitin müqabilində qəbirstanlıqda hansısa təmizlik-abadlıq işlərinin görülməməsi bir başqa mövzudur. Bu, nə başı məzar yerindən əldə olunan pulları toplamağa qarışmış bələdiyyə sədri Ramiz Əliyevi, nə də öz işinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında məsuliyyət daşıyan, 14 ildir (10 ildən artıq icra başçısının birinci müavini, 4 ildir ki, icra başçısı – red.) Mingəçevirin çörəyini yeyən İlham İsmayılovu qətiyyən narahat etmir.
Sədr Maliyyə Nazirliyinin ayırdığı subvensiya hesabına tikilən “Bələdiyyə bazarı”nı icarəyə verib
2019-cu ildə Maliyyə Nazirliyi əhalinin məşğulluğunu, eləcə də bələdiyyənin dayanıqlı gəlir mənbəyini genişləndirmək üçün dövlət büdcəsindən Azərbaycan bələdiyyələri içərisində 4 bələdiyyəyə, o cümlədən Mingəçevir Bələdiyyəsinə subvensiya ayırdı. Qısa müddətdə “Şükür 95” firması tərəfindən Mingəçevir şəhərinin 25 min əhalisi olan “Energetiklər” qəsəbəsində 12 sot torpaq sahəsində dəyəri 171.000 manat olan “Bələdiyyə bazarı” layihəsinə start verildi. Bazarın açılışında Mingəçevir şəhər İH-nin başçısı İlham İsmayılov da iştirak etdi. Bildirildi ki, burada 70 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Bütün açılışlarda olduğu kimi burda da məmurlar şəkil çəkdirib gəlişi xoş sözlər işlədib dağılışdılar. Bu gün Ramiz Əliyev həmin obyekti tanışlıq əsasında bir sahibkara icarəyə verib. Halbuki, yuxarıda da qeyd olunduğu kimi, bazarın açılışında məqsəd əhalinin məşğulluğunun təmin edilməsi şərt olaraq qoyulmuşdu.
Mövzu açılmışkən, bir faktı da vurğulayaq. “Bələdiyyə bazarı”nın açılışı 2019-cu il noyabrın 21-də – Bələdiyyə seçkilərindən bir ay öncə baş tutmuşdu. Həmin vaxt Ramiz Əliyev “Energetiklər” qəsəbəsindəki Mənzil Kommunal Təsərrüfatı Kombinatının direktoru vəzifəsində çalışırdı. Amma yuxarıda da qeyd etdiyimiz kimi, kirvəsi İlham İsmayılova güvənərək özünü bir ay sonrakı gələcəyə – Mingəçevir Bələdiyyəsinin sədri postuna hazırlayırdı. Bazarın açılışında iştirak edənlərin uniformalarına diqqət yetirsəniz əksəriyyətin R.Əliyevin həmin vaxt rəhbəri olduğu MKTB-ın əməkdaşları olduğunu sezmək mümkündür.
Kür çayının cəfasını Mingəçevir camaatı, səfasını İsmayılov-Əliyev cütlüyü çəkir
Ötən yazılarımızda Kür çayının Mingəçevir camaatının ixtiyarında olan yeganə Sahil parkı barədə məlumat vermişdik. Qeyd etmişdik ki, Sahil parkının ərazisi 1970-ci illərin sonlarından baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüş və şəhərin ümumi görünüşünə xələl gətirirdi. Uzun fasilədən sonra 2012-ci ilin yayında parkın yenidən qurulmasına başlandı və işlər 2013-cü ilin aprelində başa çatdırıldı. Bakı bulvarının kiçik modeli hesab olunan sahilyanı parkda tikinti işləri ən yüksək standartlar səviyyəsində aparıldı və ərazi yenidən sakinlərin sevimli istirahət məkanına çevrildi. 2013-cü ildə Mingəçevirə səfər edən ölkə başçısı burada aparılan yenidənqurma işləriylə tanış olmuş, görülən işləri, yaradılan şəraiti yüksək qiymətləndirmişdi.
Lakin 2018-ci ildən parkda bir nizam-intizamsızlıq hökm sürür. Heç bir memarlıq tələbi gözlənilmədən birbaşa çayın içərisində quraşdırılan estakadalar, sahil boyunca bir-birinin ardınca sıralanan kafe və çayxanalar, insanların gediş-gəlişinə mane olan cürbəcür səyyar obyektlər… Hələ biz külli miqdarda dövlət vəsaiti hesabına başa gəlmiş məhəccərlərin sökülərək gəmi və katerlər üçün düzəldilən yöndəmsiz dayanacaqları demirik. Bütün bunlar isə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, şəhər İcra Hakimiyyəti və Mingəçevir Bələdiyyəsinin gözü qarşısında baş verir.
İnsanların Kür çayına həsrət qalması bir yana, onsuz da o qədər də böyük olmayan Sahil bağında qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan, müqaviləsiz idman qurğuları, kiçik həcmli iaşə köşkləri piyadaların hərəkətinə mane olur. Bəzi yerlərdə elektirik naqilləri ağacların üzəri ilə aparılaraq qorxunc mənzərə yaradıb. Burada quraşdırılan müxtəlif aparatların işləməsini təmin edən elektrik xətlərinin mənbəyi də maraq doğurur. Kim haradan və necə gəldi xətt çəkib. İstehlak olunan enerjinin dəyərinin ödənilib-ödənilməməsi bir ayrı sualdır.
Təbii, İcra Hakimiyyəti və Bələdiyyənin razılığı olmadan kiminsə orada ticarətlə məşğul olması nəinki inandırıcı, heç mümkün deyil. Buradakı nizam-intizamsızlıq, qayda-qanunlara əməl olunmamasıyla bağlı adları çəkilən qurumlara müraciət olunanda hamı günahı bir-birinin üzərinə atır.
Bir neçə kəlmə də gəmilərin gediş-gəlişi və sahildə lövbər salmaları üçün özbaşına dayanacaqların quraşdırılması haqda. Bir neçə gün öncə Mingəçevirdə Kür çayında gəzinti qayığı qəzaya uğradı. Hadisə axşam saatlarında Kürün “İnci” kafesinin yaxınlığından keçən hissəsində baş vermişdi. İçərisində hərbçi sərnişinlərin olduğu “Amur” tipli asma mühərrikli gəzinti qayığına hərəkətdə olarkən qəfil su dolub. Batmağa başlayan gəmidəki sərnişinlərin kömək çağırışlarına ərazidəki gəzinti və xilasetmə qayıqlarından müdaxilə olunub. Batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakıların köməyi ilə sahilə çıxarılıblar. Xoşbəxtlikdən ölən və ya ağır xəsarət alan olmayıb.
Kür çayının dayaz nöqtəsində batan qayıq əlavə texnikanın köməyi ilə sudan çıxarılaraq sahilə gətirilib. Məlum olub ki, bu tip qayıqlar 8 sərnişin üçün nəzərdə tutulub.
Hadisə ilə bağlı bələdiyyə sədri Ramiz Əliyev mətbuata “Biz ancaq gəmilər üçün liman tikib bir sahibkara icarəyə vermişik, bu işlə bizim heç bir əlaqəmiz yoxdur” deməklə kifayətlənib. Sədrin “liman” adlandırdığı şey əslində liman adına təhqirdir. Yuxarıda da qeyd etdiyimiz kimi, sahil boyunca məhəccərləri bir neçə yerdə sökülərək sədrin təbirincə desək “liman” inşa etmək sakinlərə xidmət yox, katerlərdən və gəmilərdən pul qazanmaq məqsədi güdür.
Qeyd edək ki, sözügedən park Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli, 106 №li qərarı ilə bələdiyyənin mülkiyyətindədir.
“Şəhər uşağı” “ASAN Xidmət” mərkəzindən niyə qovulub?
Ötən ilin noyabrında Mingəçevirdə maraqlı bir hadisə baş vermişdi. Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev “ASAN Xidmət” mərkəzinin binasından qovulmuşdu. Şahidlərin sözlərinə görə, buna onun “ASAN Xidmət” mərkəzinə notarius xidməti üçün gələrək növbədənkənar qaydada hərəkətlərə cəhd etməsi səsbəb olmuşdu. R.Əliyev elektron növbə götürmədən notariusun otağına daxil olaraq bir yığın sənədin təcili təsdiqini istəsə də, onun bu istəyi rədd edilmişdir. Mərkəzdə çalışan (görünür R.Əliyevi tanımayan) gənc notarius Ramiz Əliyevə başa salıb ki, növbəsiz otağa daxil olmaq olmaz və mütləq elektron növbə götürməlidir. R.Əliyev isə səsini ucaldaraq özünü təqdim edib, hay-küy salıb. Nəticədə göstərilən bütün xidmətlərdə növbəliliyi qoruyub saxlayan gənc notarius mühafizəçiləri çağıraraq bələdiyyə sədrinin otaqdan çıxarılmasını və ona elektron növbənin alınmasını təmin edib.
Şahidlərin bildirdiyinə görə, Ramiz Əliyev əsəbləşərək icra başçısı İlham İsmayılovun “ASAN Xidmət”də işləyən oğlunu belə köməyə çağırsa da, bu istəyi bələdiyyə sədrinin işinə yaramayıb və onu binadan çıxarmaq məcburiyyətində qalıblar.
İcra başçısıyla “kirvə”lik – Ramiz Əliyev vəzifə karyerasında “ikinci bahar”ını yaşayır
Mingəçevirlilər deyirlər ki, İlham İsmayılov icra başçısı təyin olunandan əsas vəzifələrə öz qohum-əqrəbalarını, əsasən də kirvələrini təyin edir. Görünür, nə türklərə, nə də İslama aidiyyatı olmayan “kirvə”lik əlaqəsi icra başçısı üçün çox müqəddəsdir.
İlham İsmayılovun sevimli kadrlarından biri uzun illərdən bəri aparatın “oddayanmaz-sudabatmaz” baş memarı Etibar Abdullayevdir. Şəhərin memarlıq üslubunu və baş planını ağlar günə qoymuş E.Abdullayev icra başçısının torpaq və obyekt yerlərinin satışı üzrə “sağ əli” hesab olunur.
İcra başçısının digər kirvəsi isə Mingəçevir Seçki Dairəsinin sədri Oqtay Məmmədovdur. İlham İsmayılov 2020-ci il növbədənkənar parlament seçkilərdəki “xidmətlərinə” görə O.Məmmədovu mükafatlandırıb və onun oğlunu – Fərid Məmmədovu özünə müavin – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə təyin edib.
İlham İsmayılovun başqa bir qohumu Nəriman İsmayılov İcra Hakimiyyətinin 2 №li sahə ərazi inzibati dairəsi üzrə icra nümayəndəsinin müavinidir (icra nümayəndəsi vəfat etdiyindən hazırda həmin vəzifəni icra edir – red.). Düzdür, o bu vəzifəyə İ.İsmayılov icra başçısı təyin olunmazdan öncə gətirilib, amma bu işdə o vaxtlar başçının 1-ci müavini olmuş qohumunun rolu danılmazdır.
Nəhayət, yazımızın qəhrəmanı, şəhərin idarəçiliyində İcra Hakimiyyətinən sonra, ikinci ən böyük rolu (və ən gəlirli sahələrdən biri) olan qurumun – Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev də İlham İsmayılovla kirvədir.
Bax belə, hələ ki İlham İsmayılovun qılıncının qəbzəsinin də kəsən vaxtlarıdır. Ancaq onun bu postdan çıxarılacağı gün “corab söküyü” kimi ətrafına yığdıqlarının da sonunu gətirəcəyi şəksizdir.
azadliq.info