İlham İsmayılov işsizliyin tüğyan etdiyi bir vaxtda kriminal keçmişi olan yaşlı bir adamı vəzifəyə gətirib
Məlum olduğu kimi, yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərini, yəni icra başçılarını vəzifəyə prezident təyin edir. Başqa sözlə, ölkə başçısı vəzifəyə təyin etdiyi şəxs(lər)ə etimad göstərir. Lakin heç də bütün məmurlar prezidentin etimadını doğrulda bilmirlər. Vəzifəni məsuliyyət kimi qəbul və dərk edə bilməyən bəzi icra başçıları özlərini “kiçik padşah” kimi aparmaqdan belə çəkinmirlər. Məhz bunun nəticəsində əhali arasında narazılıq halları artır. Sərəncamının mürəkkəbi qurumamış özünü “Burda mənəm, Bağdadda kor xəlifə” məsəlində kimi aparanlar da yetərincədir. Əksər hallarda icra başçıları özlərinə doğru-düzgün komanda yarada bilmirlər.
Belə icra başçılarından biri də 4 ilə yaxındır ki, Mingəçevir şəhərinə rəhbərlik edən keçmiş komsomol katibi İlham İsmayılovdur. Görünən odur ki, cənab İsmayılov kadrların seçimində tamamilə “fərqli meyarlar”ı əsas götürüb. Belə olmasaydı, işsizliyin və yoxsulluğun tüğyan elədiyi şəhərdə yüzlərlə ali təhsilli gənc, Vətən müharibəsi qazisi və iştirakçısı olduğu halda icra başçısı ötən ilin əvvəllərinədək Şəki şəhər İcra Hakimiyyətində müavin işləmiş, mingəçevirlilər arasında “Marçello” ləqəbi (bu ləqəbin tarixçəsi haqda bir qədər sonra) ilə tanınan 70 yaşlı Nizami İsmayılovu Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə rəis təyin etməzdi. 4 ildən artıq həbsxana həyatı yaşamış Nizami İsmayılov bu təyinatadək Şəki şəhərinin əslən Mingəçevirdən olan icra başçısı Elxan Usubovun (o Elxan Usubovun ki, mütəmadi olaraq mediada topdağıtmaz sərvəti, xidməti mənzilləri, dəbdəbəli malikanələri, bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələri, istirahət mərkəzləri, böyük fındıq zavodu və s. barədə məlumatlar dərc olunur – A.) “kassir”i funksiyasını yerinə yetirib. Yeri gəlmişkən, həbsdən çıxdıqdan sonra bir müddət Mingəçevir Bələdiyyəsində təsərrüfat məsələlərinə baxan N.İsmayılovun tale üzünə gülür. Köhnə dostu, həmin vaxt Ağstafa rayon İcra Hakimiyyətinə rəhbərlik edən E.Usubov N.İsmayılovu yanına aparır. Oradan Şəkiyə təyinat alan E.Usubov N.İsmayılovu bu dəfə də Ağstafada yalnız qoymur və onu özüylə bu rayona gətirib icra hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinə baş məsləhətçi təyin edir. Şəki camaatı icra başçısının 1-ci müavini, köməkçisi olmasına rəğmən E.Usubovun “sağ əli” kimi məhz N.İsmayılovu tanıyırlar. Bir sözlə, Elxan Usubovla olduqca yaxın münasibətlərə malik olan Nizami İsmayılov icra başçısından sonra Şəkidə əsas söz sahibinə çevrilib, icra başçısının əsas işlərini aparıb. İş o yerə çatıb ki, E.Usubovun müavinləri belə ona artıq-əskik söz deyə bilməyiblər. Beləcə, E.Usubov dövlətə xəyanət etdiyinə görə həbsdə yatan şəxsə geniş imkanlar yaradıb. Şəkidə həyata keçirilən abadlıq, təmir və tikinti işləri zamanı hansı idarə rəhbərinin nə qədər yardım edəcəyini məhz N.İsmayılov tərəfindən müəyyən edilib. Ağstafa rayon İcra Hakimiyyətində başlayan “Elxan Usubov-Nizami İsmayılov işbirliyi” 2021-ci ilin əvvələrinədək Şəkidə də davam etdirilib.
Belə bir kadr köhnə dostu, Mingəçevirin icra başçısı İlham İsmayılovun da diqqətindən yayınmayıb. “Şəki macərası” bitdikdən sonra Mingəçevirə dönən N.İsmayılov bir gün belə işsiz qalmayıb və ona şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi vəzifəsi həvalə olunub. Görünür, Nizami İsmayılovu İlham İsmayılovla təkcə soyadları deyil, həm də digər ortaq maraqları birləşdirir. Əks halda, təyinatının ilk günlərində suyu belə üfürə-üfürə içən İ.İsmayılov keçmişi qaranlıq məqamlarla zəngin olan birisini əsla vəzifəyə təyin etməzdi.
Yeri gəlmişkən, iddialara görə, Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyev keçmiş komsomolçu “dostu” İ.İsmayılova N.İsmayılovu işlə təmin etməyi tapşırıb. İcra başçısı da Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 70 yaşlı rəisi Qürbət Məmmədovu işdən çıxararaq onun yerinə digər həmyaşıdını təyin edib. Bu iddianın nə dərəcədə inandırıcı olub-olmadığını deyə bilmərik. Reallıq budur ki, kütləvi narazılıqlara baxmayaraq N.İsmayılov şəhər təsərrüfatı kimi məsul bir sahəyə rəhbərlik edir.
Və sonda. Nizami İsmayılovun “Marçello” ləqəbi haqda. Adam bu ləqəbi həbs olunmazdan öncə az qala hər salam verdiyi adamla öpüşərək görüşdüyü üçün qazanıb.
Azər