AXCP sədri Əli Kərimli
Paradoksa baxın. Əslində Putin hakimiyyətini əbədi etmək üçün Ukrayna ilə savaşa başlamışdı, ancaq görünən odur ki, bu savaş Rusiyadakı hazırkı rejimin ömrünü qısaldacaq. Putin ölkəsində müxalifəti, vətəndaş cəmiyyətini və azad mətbuatı da öz hakimiyyətinə alternativ olmasın deyə əzdi, ancaq bu dəfə də əks nəticə yaranmaqdadır.
Məhz Putinin həyata keçirdiyi siyasətin nəticəsi olaraq hazırda Avropada Putinizmə qarşı çox ciddi alternativ qüvvə formalaşır.
Rusiya – Ukrayna savaşı başlayandan Rusiyanı 200 – 300 min nəfər arası müharibə əleyhdarı olan müxalif mövqeli vətəndaş tərk edib. Yox, söhbət Ukrayna ilə savaş başlayandan sonra Rusiyanı tərk etmiş bütün vətəndaşlardan getmir. Hamını hesaba alsaq, ekspertlər Rusiyanı son 3 ayda 1-2 milyon insanın tərk etdiyini deyir. Ancaq həmin 1- 2 milyonun əksəriyyəti Rusiyanı gözləyən iqtisadi çətinliklərdən və ya ailə üzvlərinin savaşa aparılması təhlükəsindən sığortalanmaq üçün ölkəni tərk edənlərlədir.
Mənim dediyim 200 – 300 min arası rusiyalı aktiv vətəndaş mövqeyi olan insanlardır. Onların çoxu Rusiyada yaşayarkən müxalif partiyaların və ya vətəndaş cəmiyyəti institutlarının fəalı, ya da mətbuat təmsilçisi olublar. Ukrayna ilə savaşı işğalçılıq müharibəsi, Rusiyanın yox, Putinin müharibəsi sayırlar. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Onlar hazırda siyasi mühacirətin özəyini təşkil edirlər. Ancaq son aylarda bu sıraya minlərlə müxalifət keçmişi olmayan yeni adamlar da qoşulub. Söhbət müharibəyə qarşı olduğu üçün ölkədə özünə təhlükə görən, ölkəni tərk etmiş çoxlu sayda, əksəriyyəti də tanınmış mədəniyyət, incəsənət xadimlərindən və iqtisadi böhran qorxusundan ölkəni tərk etmiş biznes-elitanın təmsilçilərindən gedir.
Beləliklə, hazırda müxtəlif Avropa ölkələrində 200 – 300 min nəfərlik şərti olaraq alternativ Rusiya deyə biləcəyimiz Rusiya müxalifətçiləri cəmləşib. Hazırda onların vahid bir hərəkatda birləşdirilməsi üçün ciddi işlər gedir. Həm də bu adamlar Rusiyadan sadəcə başlarını götürüb qaçmayıblar. Onlar Rusiyanın demokratikləşməsi üçün gecə – gündüz çalışırlar. Öz mətbuat orqanlarının, QHT -lərinin, partiyalarının işini xaricdən bərpa edirlər. Həmin bu 200 – 300 minlik “alternativ Rusiya” təmsilçiləri Rusiyanın işğalçı müharibəsinə qarşı ciddi iş aparmaqla rus xalqının imicini bərpa etməyə, gələcəkdə qurulacaq demokratik Rusiyanın təməlini atmağa çalışırlar.
Bu mövzunu bir az araşdırmış bir şəxs kimi sizə deyə bilərəm ki, Rusiyada gələcək demokratik dövlət quruculuğu üçün vacib olacaq kadr bankı hazırda Rusiya siyasi mühacirətində formalaşır. Söhbət 100 -lərlə ölkə miqyasında tanınmış ictimai – siyasi xadimdən, onminlərlə ictimai – siyasi fəaldan, minlərlə jurnalistdən gedir. Rusiyada demokratik dəyişikliklər üçün pul xərcləməyə hazır olan, rejimdəm asılı olmayan minlərlə açıq fikirli iş adamını, Rusiyanın yüzlərlə yazıçı, politoloq, iqtisadçı ekspert, hüquqşünas, artist, teleaparıcı, müğənni, bloqçu və s. tanınmışlarını da bu sıraya əlavə edin.
200 – 300 minlik bu “ordu” hazırda vahid bir platformada birləşməyin və Rusiyanın daxilində daha aktiv işləməyin yollarını axtarır. Şübhəsiz ki, Rusiyada rejim dəyişikliyində, bu ölkədə də demokratiyanın inkişafında maraqlı olan beynəlxalq dairələr də bu “alternativ Rusiyaya” kömək edəcək. Rusiyada demokratiyanın qələbəsi Rusiya xalqları qədər onun biz də daxil olmaqla, bütün qonşularının milli maraqlarına uyğundur.