Milli Şuranın sədri, professor Cəmil Həsənli
İnanclı vətəndaş Süleyman Ələkbərovun “Bandotdel”də ağır işgəncəyə məruz qaldığı haqqında müsahibəsinə baxdım. Baxdım və dəhşətə gəldim. Görün Əliyevin yaradığı “işgəncə labaratoriyası”nda XXI əsrdə insanlara hansı ağlasığmaz işgəncələri verirlər. Nədir Süleyman Ələkbərovun və eyni işgəncəyə məruz qalmış Mail Kərimovun günahı? Onlar nahaq şərə, böhtana, saxta ittihama məruz qalmış öz dindaşları Razi Hümbətovun açıq məhkəmə prosesinə gediblər. Məhkəmə zalına buraxılmayıblar və Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında dayanıblar. Bu qədər!
Onları və daha 3 nəfər dindar vətəndaşı saxta polisə müqavimət adı ilə 22-ci polis bölməsinə gətirib, oradan “işgəncə labaratoriyası” olan “Bandotdelə” aparıblar. Başlarına torba keçiriblər, özlərinə torba tikiblər. Elə başlarında torba onları döyüblər, dəyənəklə çırpıblar, təpikləyiblər, üzü üstə uzadıb bellərinə çıxıblar və daha nalayiq hərəkətlər ediblər. Bütün bu işgəncə prosesində siz bir də məhkəmənin qabağına gələcəksiniz deyə sorğulayıblar.
Əliyev reıimi repressiyanın bütün forma və metodları, taktiki gedişləri yanaşı həm də züllüllahlıq iddiasındadır. Nəzarət etmədiyi dini kəsimlə Firoun kimi davranır, Yezid ibn Müaviyə kimi hərəkət edir. Müsəlman Birliyi Hərəkatının rəhbərləri Hacı Tale Bağırzadəni, Abbas Hüseyni saxta bir ittihamla gedər-gəlməzə göndərir, onların məhkəməsində iştirak edən Əhsən Nuruzadəni dəlilsiz-sübutsuz zindana salır. Bu gün onlarla-yüzlərlə dindar insanlar, inanclı fəallar bu istibdadla, bu zülmlə, bu təqiblərlə üz-üzədir.
Uzun illərdir Əliyev Nardarandan Qərbi qorxuzmaq, inanclı vətəndaşlara qarşı zülm və istibdadına bəraət qazandırmaq üçün istifadə edib. 6 günahsız vətəndaşın avantürist bir ssenarinin qurbanı olması ilə Nardaran mifi dağıldı, bu kart Əliyevin əlindən çıxdı. Nardaran məhbusları, digər inanclı məhbusların çoxu beynəlxalq insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanındı. Amma islamçıların təqibi dayanmadı, ara vermədi. Onlara qarşı heç bir qanuna məhəl qoymayan, heç bir mənəviyyata sığmayan zülm və işgəncə məruz qoyublar. Bu gün Elçin Qasımovu da 14 cü polis bölməsinə çağırıblar. Digər inanclı insanlar səksəkəli həyat yaşayır. Şübhəsiz ki, bütün bu təqiblərlə, zülm və istibdadla ailə rejimi qorxu mühiti yaradır, cəmiyyətin gözünü qorxudur, kleptokratiyaya, rüşvətxorluğa, şəbəkələşmiş korrupsiyaya qarşı etirazçılıq ruhun önləyir, onsanları öz acı taleyi ilə barışmağa vadar edir.
Ölkədə azad məhkəmə, hüquqa dayanan istintaq və sorğulama olmadığı üçün islamçılar da daxil olmaqla Azərbaycan vətəndaşlarına qarşı törədilən işgəncələr, zorakılıqlar, bizim ölkədə artıq “Alın yazısına” çevrilib. Dindar adamı narkotika ilə şərləmək, qeyri-insani rəftar adi “hüquqi” prosedura çevrilib, dövlətin resursları konstitusiyaya, onun verdiyi dini azadlıqlara zidd olaraq inanclı insanlara, xüsusilə MBH-nın üzvlərinə qarşı yönəldilib. Axı, hər hansı dinə itaət etmək, inanc sahibi olmaq insanı vətəndaş hüquqlarından, insani haqlardan, konstitusyon azadlıqlardan məhrum etmir. Amma məsələ burasındadır ki, DİN və digər hüquq mühafizə orqanları kosntitusyon nəzarətdən çxaraq dövləti deyil ailə hakimiyyətini qoruyur, ailəyə xidmət edir. Bizim ölkəmizdə dindarlara qarşı törədilən işgəncə rəzaləti, amansız təqib şübhəsiz ki, insanlıq adına utanc əməlidir.
Artıq uzun illərdir Əliyev ölkədə idarə edilən cəmiyyət proyekti üzərində işləyir. Dini kəsim bu proyektə əsas yerlərdən birini tutur. Bu proyektə görə yalnız Xudavəndi-Aləmə, onun göndərdiyi Qurani-Kərimə itaət edən dindarla Allah arasında “Bandotdel” dayanmalıdır. Və Əliyev istibdadı dövründə inanclı vətəndaşların, islam üləmalarının, din alimlərin “Bandotdelin” işgəncə labaratoriyasından keçirilməsi də məhz bununla bağlıdır.