Mayın 19-da Salyan rayon mərkəzində “Narkotikə yox” şüarı ilə yürüş keçirilib.
Bir qrup yerli sakin Salyan şəhərində son zamanlar narkotik vasitələr satanların sayının çoxaldığını iddia edərək rayon icra hakimiyyətinə qədər yürüş keçirməyə cəhd göstərib. Onlar bildirib ki, aidiyyəti orqanlar narkotiklə mübarizə aparmalıdır. “Uşaqlarımız niyə məhv olsunlar?! Rayonda narkomaniya çoxalıb. Açıq-aşkar alver gedir”, – aksiyada vurğulanıb.
Aksiya iştirakçıların qarşısına çıxan Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərov bildirib ki, narkomaniya ilə mübarizə ilə bağlı dövlət səviyyəsində bütün tədbirlər görülür. O əlavə edib ki, əgər hər hansı konkret məlumat varsa, onları araşdırmağa hazırdırlar.
Rəis habelə qeyd edib ki, aksiya keçirmək üçün rəsmi müraciət olunmalıdır: “Sizin də hər hansı rəsmi müraciətiniz yoxdur”.
Bundan sonra aksiya iştirakçıları polis şöbəsinə qəbula gediblər. Onlar aksiyanı baş tutmuş elan ediblər.
Azadlıq radiosu