Anar Məmmədli
Ötən həftə ictimai fəalların Fəvvarələr meydanında keçirdiyi aksiya və onun ətrafında müzakirələrə rəy bildirmək imkanım olmadığından o zaman diqqət çəkən bəzi müzakirələr barədə indi yazmalı oluram.
Əvvəla, məqsədi ədalət və azadlıq tələb etmək olan aksiya cəmiyyətimizdə mütərəqqi kəsimin tamamilə məhv olmadığını, zorakılıq və haqsızlığın ictimai etiraz yaratdığını göstərir. Buna sevinmək və aksiyaya töhfə verən hər kəsə təşəkkür etmək lazımdır. Yəni Azərbaycan xalqının bir dəstə quldur tərəfindən ləyaqətinin alçaldılmasına, müasir cəmiyyətə çevrilmək üçün milli iradənin canlı saxlanmasına çalışanlar varsa buna sevinməliyik.
Əvvəlcə, unutmayaq ki, jurnalist Aytən Məmmədovanın bıçaqla hədələnməsi, Bəxtiyar Hacıyevin oğurlanaraq təhdid edilməsi onların azadlıq hüququna təcavüzdür. Bu şəxslərlə yanaşı hər ay ölkədə xeyli sayda ictimai fəal, bloqer və jurnalist təzyiqə məruz qalır. Məsələ burasındadır ki, bu təzyiqlərin arxasında əsasən dövlət (polisin timsalında) durur və ya da bu cür olayları dövlət ədalətli şəkildə (prokurorluq, polis və məhkəmə vasitəsilə) araşdırıb caniləri cəzalandırmır.
Öncəliklə siyasi, dini, cinsi və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs qəbul etməlidir ki, azadlıq və ədalət universal dəyərlərdir, hər kəsə lazımdır. Əgər azadlıq və ədalət dəyərləri bizim cəmiyyətdə ən azı böyük bir çoxluğun ortaq dəyərlərinə çevrilməsə biz 21-ci əsrin ən azı yarısını başqa xalqlardan geridə qalan ölkə kimi başa vuracağıq.
Ədalət və azadlıq dəyərləri uğrunda mübarizə təkcə fəlsəfə tarixinin deyil, dünyanın siyasi tarixinin ən aktual mövzularındandır. Bu təxminən min illik yaşı olan geniş və maraqlı mövzudur. Amma düşünmək üçün onu da əlavə edim ki, nə millətçilik, nə də dini mühafizəkarlıq, sosialist və liberal dəyərlərin fundamentini təşkil edən ədalət və azadlıq anlayışlarına obyektiv cavab verə bilmir. Məsələn, bir azərbaycanlı millətçi necə iddia edə bilər ki, azərbaycanlılar arasında cinsi azlıqların təmsilçisi yaşaya bilməz? Yəni bütün azərbaycanlılar heteroseksual olmalıdır? Bəs aseksual, homeseksual və ya biseksual azərbaycanlıların statistikasını kim araşdırıb?
Bu sual dini mühafizəkarlara da aiddir. Amma bəzi dindarların düşüncələri özləri üçün də qaranlıqıdr. Məsələn, bəzisi şəriət dövləti istəyir, amma hər hansı ağır cinayət hadisəsinə görə İranda və ya Səudiyyə Ərəbistanında olduğu kimi dar ağacından asılmağı məqbul saymır. Yaxud inanclı qadınların şəxsiyyət vəsiqəsi üçün baş örtülü fotoşəkil çəkdirməsinə icazə tələb etdilər, bunu haqlı olaraq dini etiqad azadlığının pozulması saydılar, amma dövlət digər dini icmalara mənsub şəxsləri təqib edəndə, həbs edəndə və ya ölkədən deportasiya edəndə susqun qaldılar. Əslində dini etiqad azadlığı dövlətin dini icmalara əsassız müdaxiləsi ilə yanaşı bütün dinlərdən və məzhəblərdən olanların birgəyaşayışını tələb edir. Məsələn, vaxtaşırı deyilir ki, Azərbaycan müsəlman ölkəsidir. Amma biz müsəlman, xristian və iudaizm inancına sahib olan şəxslərin, o cümlədən atəşpərəstliyə, bəhaliyə, islamın müxtəlif məzhəblərinə bağlı vətəndaşların demorqafik satistikası barədə dəqiq heç nə bilmirik. Biz heç rusdilli və ya poliqlot vətəndaşlarımızın sayı barədə də məlumatlı deyilik. Etnik mənubiyyət mövzusunda da xaotik durum var. Yəni dövlətin ədalətsiz şəkildə apardığı demoqrafik hesablamalara sərf edəndə istinad edirik, sərf etməyəndə yox.
İndi dövlətdən zorakılıq, oğurluq və təqib halları ilə bağlı ədalətli yanaşma tələb edənlər ifadə və sərbəst toplaşmaq azadlıqlarından istifadə edərək aksiya keçirirsə, burada iştirak könüllüdür. Əgər kimsə cinsi azlıq olduğu üçün qətlə edilən vətəndaşımızın simvolizə edən bayraq qaldırırsa, yəni bu cinayət hadisəsi ilə bağlı ədalətli araşdırma tələb edirsə, bunun ədalət anlayışına aid digər tələblərdən fərqi nədir? Yenə qayıdıram yuxarıdakı fikrimə ki, ədalət hər kəsə, o cümlədən hər evə lazımdır – kasıbın da varlının da ədalətə ehtiyacı var. Eynilə solçunun da sağ-millətçi və ya dindarın da ədalətə ehtiyacı var. Yox, əgər sizin ədalət anlayışı heteroseksuallar, şiə və ya sünni müsəlmanlar, rayonlular ya şəhərləilər, aşıq havası yoxsa meyxana, türklər ya talışlarla məhdudlaşırsa, bunun adı yarımçıq ədalətdir. Hüquqi-siyasi leksikonda buna selektiv ədalət deyirlər. Yəni ana bətnindəki körpəni məhz qız olduğu üçün abort etdirən valideyndən fərqiniz yoxdur.
Müasir və güclü dövlət qurmaq ədalət və azadlıq dəyərlərinin institutlaşması və toplumda mənimsənilməsindən, yəni böyük insan çoxluğu arasında özünküləşmədən keçir. Dünyanın inkişaf etmiş bütün ölkələri bu iki dəyəri müdafiə edən siyasi qüvvələrin (sosialistlər və liberallar) bəzən əməkdaşlığı, bəzən isə kəskin rəqabəti sayəsində güclənərək demokratik inkişafa nail olublar. Həmin ölkələrin keçdiyi siyasi yol göstərdi ki, ədalətli dövlət qurmaq üçün mütləq azadlıqlar gərəkdir. Çünki ədaləti azadlıqlar olmadan hifz etmək və davam etdirmək mümkün deyil. Azadlıqlar isə ədalətli şəkildə funksionallaşmalıdı. Bunun üçün ədalətli məhkəmə, ədalətli seçkilər, sosial rifah sistemi, bərabər hüquqi imkanlar olmalıdı.
İndi isə gəlin düşünək, biz bu siyasi yolun harasındayıq.