AXCP sədri Əli Kərimli
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ölkəmizdə sərbəst toplaşma azadlığını dəstəkləyib, polis zorakılığını pisləməsinə İlham Əliyev hakimiyyəti DİN-in dililə cavab verib. DİN səfirliyin açıqlamasını yalan çıxarıb və səfirliyin özünü təkzib verməyə, səhvini etiraf etməyə çağırıb.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi indi nəyi təkzib etsin? Desin ki, Azərbaycanda sərbəst toplaşma azadlığı var, ancaq biz diqqətsizlik edib görməmişik? Desin ki, Azərbaycanda polis zorakılığı yoxdur? Necə desin bu yalanları? Axı biz 10 milyonluq xalq və bu ölkədə baş verənləri izləyən bütün beynəlxalq aləm şahiddir ki, bu ölkədə sərbəst toplaşmaq azadlığı yoxdur, polis zorakılığından zərər görənlərin sayı minlərlədir. Bu ölkədə işgəncə də, ictimai-siyasi fəalların döyülməsi də, siyasi motivli həbslər də qeyri-rəsmi dövlət siyasətidir.
Maraqlıdır ki, Azərbaycan hakimiyyəti nəyə ümid edib, Böyük Britaniyadan təkzib gözləyir? Ola bilərmi ki, digər demokratik dövlətlərin və beynəlxalq təşkilatların susqunluğu rejimi cürətləndirir? Deməli, həmin demokratik dövlətlər və təşkilatlar da susmamalıdır.
Ola bilərmi ki, rejim uzun illər Azərbaycandakı korrupsiya piramidasını araşdırmayan, hətta nəhəng korrupsiya ifşalarının qarşısını almaqda Əliyevlərə yardım etmiş dairələrin köməyinə ümid bəsləyərək Böyük Britaniyadan təkzib tələb etmək iddiasına düşüb?
İstənilən halda etiraf etmək lazımdır ki, korrupsiya çirkabının içində üzən bir hakimiyyətin onun bütün işləklərini detallarına qədər bilənlərlə belə danışması qeyri-adi hadisədir. Belə görünür ki, Əliyev hökuməti dünyada ciddi dəyişikliklərin başlandığının hələ də fərqində deyil.
Hə, yeri gəlmişkən, ABŞ Dövlət Departamenti də 14 may aksiyasından sonra Azərbaycanda sərbəst toplaşma azadlığını gündəmə gətirib. Dövlət Departamentinin açıqlamasında deyilir: “Dinc etirazlar açıq siyasi sistemin elementidir. Biz insanların Azərbaycan Konstitusiyasında zəmanət verilmiş fikirlərini ifadə etmək və dinc şəkildə toplaşmaq azadlıqlarını həyata keçirməsi hüququnu tamamilə dəstəkləyirik”,
Bu açıqlamanı da Böyük Britaniyadan təkzib istəyənlərə cavab saymaq olar. Ancaq bunların hamısından da vacib odur ki, xalqımız özü mitinq, yürüş hüququnun əlindən alınması və polis zorakılığı ilə barışmasın.