AXCP sədri Əli Kərimli
İctimai-siyasi fəalların dünən Bakının mərkəzində keçirdiyi etiraz aksiyası və xalqın bu aksiyaya sosial şəbəkələrdə ifadə olunmuş münasibətindən çıxan əsas nəticələr:
- Rejimin son illərdə tətbiq etdiyi “mafiya dövləti” davranışı – ictimai-siyasi fəallara qarşı zorakılıqlar, kütləvi həbslər və işgəncənin geniş tətbiqi xalqımızı qorxuda bilməyib. Tam əksinə, hakimiyyəti daha da nüfuzdan salıb, cəmiyyətin müxtəlif təbəqələri arasında birlik ovqatını gücləndirib. Xalqımızı daha da hiddətləndirib.
- Hakimiyyətin ən azı bir qismi qlobal demokratikləşmə prosesinin Azərbaycanın sərhədlərinə dayandığını, növbəti mərhələdə Cənubi Qafqazın (zatən avtoritarizm tək bizdə qalıb) demokratikləşmə prosesinin qaçılmaz olduğunu, heç bir hərbə-zorbanın bu prosesin qarşısını ala bilməyəcəyini anlamağa başlayıb.
- Ən əsası xalqımızın köklü demokratik dəyişikliklərə ümidi yenidən bərpa olunur. Xalqımız 29 illik ailə hakimiyyətindən yorulub, korrupsiyadan, hüquqsuzluqdan, ədalətsizlikdən, yoxsulluqdan bezib. Xalqımız azadlıq və ədalətə təşnədir, Azərbaycanda da xalq tərəfindən seçilən, xalq tərəfindən dəyişdirilə bilən, xalqa xidmət edən hakimiyyət görmək istəyir.
Buna nail olmaq isə hamılıqla birlikdə dinc mübarizəni gedərək kütləviləşdirməkdən keçir.