Baş nazirin sözlərinə görə, Ermənistan ölçülüb-biçilmiş siyasət yürüdür və Yerevanın motivi Ermənistanın maraqlarıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 11-də Niderlanda səfəri zamanı deyib ki, ən yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır:
“Ən yaxın vaxtlarda sərhədin delimitasiyası və demarkasiyası üzrə nümayəndələrimizin, habelə xarici işlər nazirlərimizin görüşü planlaşdırılıb”.
Baş nazirinin rəsmi bəyanatında daha sonra deyilir:
“Biz çox məşəqqətlərdən keçmişik, amma mən bugün deyə bilərəm ki, düzgün yolda olduğumuza dərindən əminəm”.
Nikol Paşinyan və İlham Əliyev ötən ay Brüsseldə münaqişənin çözümü üçün sülh müqaviləsi bağlamağa hazır olduqlarını bəyan etdikləri vaxtdan bəri Ermənistan lideri müxalifətin kəskin tənqidləri və etiraz aksiyaları ilə üzləşir.
Tərəflər həmin görüşdə habelə iki ölkə arasında sərhədin delimitasiya və demarkasiyası üçün birgə komissiyanın yaradılmasına dair də razılığa gəliblər.
Ermənistan müxalifəti Paşinyanı Qarabağı Azərbaycana güzəştə getməkdə ittiham edir.
Azadlıq radiosu