Norveç Helsinki Komitəsi Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərə qarşı qısnama hallarını dərindən araşdırmağa və jurnalistlərə qorumağa çağırıb
Jurnalist Aytən Məmmədovanın mayın 8-də bıçaqlı hücuma məruz qalmasını beynəlxalq insan haqları təşkilatları pisləməkdədir.
Məmmədova gecə evinə qayıdarkən liftdə naməlum şəxs ona arxadan hücum edərək boğazına bıçaq dirəyib, onu ölümlə və qızıyla təhdid edib, məhkəmədən yazmamasını tələb edib. Məmmədovanın boğazında xəsarət izləri qalıb.
Mayın 9-da AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay, ABŞ-ın Azərbaycandakı səfirliyi, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Stefan Şennak jurnalistə hücumu pisləyiblər.
Bu gün (10 may) isə “Human Rights Watch” insan haqları təşkilatının Cənubi Qafqaz üzrə təmsilçisi Giorgi Qoqia Aytən Məmmədovaya hücumdan həddən artıq narahat olduğunu bildirib.
“Siyasi baxımdan həssas və səs-küylü məhkəmə işlərini işıqlandıran, tanınmış jurnalist Aytən Məmmədovaya hücumla bağlı məlumatlardan aşırı narahatıq. Naməlum şəxs liftdə onun boğazına bıçaq dirəyək ‘ağıllanmadığını’ deyib və qızıyla hədələyib”, – Qoqiya yazıb.
Norveç Helsinki Komitəsi isə hücumu pisləyərək Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərə qarşı qısnama hallarını dərindən araşdırmağa və jurnalistlərə qorumağa çağırıb.
Hakimiyyət təmsilçiləri adətən ölkədə media azadlığının təmin olunduğunu bildirirlər.
Azadlıq radiosu