AXCP sədri Əli Kərimli
Üçcə ay qabağa qədər kimin ağlına gələrdi ki, Lavrovun sözlərinə görə Putin üzr istəyəcək? Lavrov Jirinovski deyil ki, ağzına gələni danışsın, Putin də onun dediklərini malalamaq məcburiyyətində qalsın. Lavrov əslində Rusiya hakimiyyətinin, Putinin danışan dilidir. Sözçüsüdür. Dediyi heç bir söz özfəaliyyət deyil. Ona görə də əvvəllər onun dediyi heç təkzib olunmazdı, nəinki onun dediklərinə görə üzr istənilsin. Bu dəfə də Lavrov yəhudi xalqını ittiham edəndə əslində özfəaliyyətlə məşğul deyildi. Rejimin fikrini ifadə edirdi ki, İsrail Ukraynadan daha da uzaq dursun.
Ancaq indi vəziyyət dəyişib. Ukrayna ordusu Rusiyanı dünyanın gözündə xeyli kiçildib. Artıq nə Lavrovdan, nə Şoyqudan qorxan var. Dünyada təklənməyin üzü qara olsun. Rusiya indi dünyada təklənib. İqtisadiyyatı da, ordusu da hər gün bir az daha kiçilir. Belə bir vəziyyətdə İsrail kimi texnoloji baxımdan inkişaf etmiş dövlətlə düşmənçiliyi əlbəttə gözə ala bilməzdi. Rusiya ordusu onsuz da Qərbin Ukraynaya verdiyi silahların qarşısında döyüş meydanında çətin vəziyyətdədir. Üstəlik, İsrail də Ukrayna ordusunun silahlanmasına əl qoysa, Putinin ordusu nə vəziyyətə düşər? Putin də bunu hesabladığı üçün məcbur olub, lovğalanmağı, qüruru bir tərəfə qoydu. Yəhudi xalqını təhqir etmiş Xarici İşlər nazirinin əvvəzinə şəxsən özü İsrail xalqından və dövlətindən üzr istədi.
Bəli, Rusiya-Ukrayna savaşı dünyanı dəyişir. Artıq Rusiyada heç bir ciddi, adekvat adam “Lavrovla dil tapa bilməyənlərlə Şoyqu danışacaq” deyə bilmir.
Rusiyanın çöküşünü hiyləgər Lukaşenko da görüb. Savaşdan əvvəl “hər şey böyük qardaşım Putinin dediyi kimi olacaq”, “Rusiya savaşa girəcəksə, biz də onun tərəfindən savaşa girəcəyik” deyən Lukaşenko son müsahibəsində çox məyus və ümidsiz görünüb. Lukaşenko Ukrayna ilə müharibəyə qarşı olduğunu, Rusiyanın nüvə silahından istifadə ehtimalına qarşı sərt etirazını bildirib. Üstəlik, Qərb mənbələri Lukaşenkonun son vaxtlar Putinlə yaxınlaşmağa çox peşiman olduğunu, Qərblə dialoqa can atdığnı bildirir.
Putinin müttəfiqi İlham Əliyev də məcbur olub savaşın 65-ci günündə Ukraynanın ərazi bütövlüyündən danışası oldu. Putinin digər dostu, Macarıstanın baş naziri Orban Avropa Birliyinin Rusiya əleyhinə dalbadal gələn sanksiya paketlərini veto etmir. Putinin sayəsində hakimiyyətini saxlaya bilmiş Qazaxıstan prezidenti Tokayev belə artıq Rusiyadan çəkinmir, Ukraynaya güclü dəstək verir. Lukaşenko da bu şəkildə aradan çıxmağa çalışır.
Gəmi batır axı…