AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Bu gün Əli Kərimlinin doğum günüdür. Onun bioqrafiyası şəxsi həyata aid hadisələr yerinə, demokratiya, azadlıq uğrunda mübarizə prosesinin tarixi kimi ictimai xarakter daşıyır. Əli bəy müxalifət lideri olaraq təkcə avtoritar rejimə qarşı mübarizəyə aparan bir partiyaya rəhbərlik etmir, o, həm də bütövlükdə cəmiyyətin müqavimət potensialının təşkilinin ağırlığını, missiyasını öz üzərinə götürüb. Elə buna görə də həmişə əsas hədəf olub, hakimiyyət hesab edib ki Əli kərimlini susdura, sıradan çıxara bilsə, cəmiyyətdə etiraz ruhunu da məhv edə biləcək.
Onun avtoritarizmə qarşı mübarizəyə, demokratik prosesə liderlik etməsi, ancaq cəsarətli və prinsipial olması ilə bağlı deyil, həm də dərin ağıl və intellektual səviyyəsi ilə insanlarda bir alternativ olaraq özünə inam yararada bilməsinin nəticəsidir. Bu baxımdan onun hakimiyyətə yönəlik tənqidləri təkcə narazılığın ifadəsi deyil, həm də məntiqə, arqumentlrə söykənən alternativ siyasətin təqdimatıdır.
O, həm də müasir dövrün çağırışlarını daha tez duyması, yeniliklərə açıq olması, ən müxtəlif siyasi və ideoloji baxışlar arasında uzlaşma yarada bilməsi ilə seçilir. AXCP sədri olsa da, heç vaxt apardığı mübarizədə partiya maraqlarını xüsisiləşdirib demokratik prosesin önünə çıxarmayıb, əksinə, rəhbəri olduğu təşkilatın maraqlarını cəmiyyətin tərəqqisi, istəkləri əsasında formalaşdırıb. Ölkədə kimin haqqı pozulubsa, kimlər hakimiyyətin qəddarlığının hədəfi olubsa, Əli Kərimli bütün riskləri gözə alaraq onun yanında olub. Bununla da haqdan yana olan bir lider kimi öz statusunun miqyasını genişləndirərək cəmiyyətin dəyişikliklər arzulayan protest elektoratın inamını, etibarını qazanıb. Məhz buna görə də Əli Kərimli qarşıdan gələn yeni tarixi şəraitdə mövcud rejimdən narazı sosial təbəqələrin, fərqli ideoloji baxışları olan siyasi qüvvələrin prezidentliyə alternativ namizəd kimi qəbul edə biləcəyi ən real vahid namizəddir.
Onun bir insan kimi başqaları üçün çətin görünən özünəməxsusluğu zaman – zaman ona qarşı edilən haqsızlıqları Elçibəy kimi görməzdən gələrək xırdalıqların fövqündə qalmağı bacarmasında, insanları özünə olan münasibətə görə deyil, cəmiyyətə, demokratik prosesə faydasına görə dəyərləndirməsindədir. Bu da ona birləşdirici fiqur olaraq lazım olan məqamlarda cəmiyyətin daha geniş hissəsi ilə uzlaşma, konsensus əldə etmək imkanı verir.
Əli Kərimli ölkənin siyasi mənəvi dəyərlər müstəvisində dürüstlüyün, prinsiplərə və ideallara sədaqətin, əzilən insanların halına yanmağın, ictimai maraqları hər zaman üstün tutmağın ən parlaq nümunəsini yaratmış bir lideridir.
Onun siyasət anlayışı üzərinə götürdüyü tarixi missiyasının məsuliyyəti hissi ilə yoğrulub. Bu missiyanın əsas qayəsi, hədəfi isə Azərbaycan xalqını avtoritarizmin əsarətindən qurtarıb, demokratik ölkə qurmaq, insan ləyaqətinin, hüquq və azadlıqlarının ali dəyər hesab olunduğu bir dövlət yaratmaqdır. Bu yolda onun verdiyi qurbanlar, çəkdiyi məhrumiyyətlər, üzləşdiyi və üzləşəcəyi təhlükələr tutduğu yolun, qarşıya qoyduğu amalın nə qədər böyük və əzəmətli olduğunu göstərir.
Bu yollda onun qazanacağı uğurun, əldə edəcəyi qalibiyyətin ən böyük faydasını, bəhrəsini görən isə haqqı, hüququ uğrunda mübarizə apardığı Azərbaycan xalqı olacaq.
Bu yolda hamılıqla Əli bəyə uğurlar və qələbə diləyirik.
Doğum günün mübarək dəyərli İnsan, əziz Dost.