Hüquq müdafiəçisi Anar Məmmədli
Bir həftə öncə Moskva məktəblərindən birində tarix müəllimi kimi çalışan 28 yaşlı Kamran Manaflının işdən qovulduğunu eşitdik. O Rusiyanın Ukraynada apardığı müharibəni şağirdlərə təbliğ etmədiyi üçün cəzalandırıldı. Yanılmıramsa artıq Rusiyanı tərk edib tranzit ölkəyə keçib.
Amma Rusiyada yaşayan azərbaycanlılar arasında Ukrayanada döyüşən və müharibəni dəstəkləyənlər var. Bəziləri hətta Qərbi lənətləyir ki, sanksiyalar nəticəsində onların çörəyinə bais olublar. Halbuki Rusiyanın başladığı müharibə nəticəsində Ukraynada məskunlaşan və ya yaşayan minlərlə soydaşımız humanitar fəlakətlə üzləşib, yaşam savaşı verir.
Bu ziddiyətli durumun səbəbi bilirsiz nədir? Azərbaycanlılar hələ də müasir dünyanın əxz etdiyi siyasi mədəniyyətə yiyələnməyib, siyasi topluma çevrilməyib. Dünyanın hər yerində belədir. Diaspora təşkilatları isə lap rüsvayçıdı. Məsələn, dünya üzrə azərbaycanlıların ən çox yaşadığı ölkə Rusiyadı. Amma orada bir dənə normal diaspora təşkilatı yoxdur ki, çıxıb müharibəni pisləsin. Onun ədalətsiz və səbəbsiz şəkildə aparıldığını deyən rusiyalı ziyalıları, demokratik qüvvələrinə həmrəy olsun. Hərbi qullqudan imtina edib bunu ədalətsiz və qanunsuz müharibə adlandıran əsgərə və ya zabitə də rast gəlməzsiz. Çünki nə siyasi ənənə, nə də bunları təbliğ edəcək qurumlar var. Hazırda Rusiyada yaşayan xeyli azərbaycanlı tanıyıram ki, müstəqil jurnalist, ictimai fəal və müstəqil araşdırmaçı kimi müharibənin əleyhinədi. Onların isə diaspora təşkilatları ilə əlaqəsi yoxdur. Daim onlardan qaçıblar.
Qayıdaq Kamranın davranışına. Bir xeyli adam onun cəsarəti ilə qürur duyduğunu bildirdi. Amma bu xeyli adamı qürürlandıran həm də onun azərbaycanlı olmasıdı. Halbuki Rusiyada Kamrandan da cəsarətli şəxslər var ki, etirazlarına görə sutkalıq həbslərə məruz qalıb, döyülüb və təhqir olunublar. Nə isə, cəsarətin, ədalətin və əxlaqın universal anlayış olduğunu izah etmək niyyətində deyiləm. Sadəcə dünyada uğur hekayəsi və ya maraq doğuran davranışı olan bir azərbaycanlı görən kimi, ona milli qürur mənbəyi kimi baxmağı yığışdırmaq lazımdı. Çünki azərbaycanlı olmaq uğura gedən yolun açarı deyil. Olsaydı hər ay yüzlərlə adam ölkəni güzəran, iş, karyera və təhsil üçün tərk etməzdi. Nə qədər ki, ölkədə normal siyasi idarəçilik, siyasi plüralizm və ədalətli məhkəmə sistemi qurulmayıb, milli qürurdan danışmaq boşboğazlıqdır.
Ölkəmizdən kənarda uğurlara imza atan azərbaycanlılar isə yalnız ailələrinə, yaşadıqları siyasi sistemə və düşdükləri mühitə minnətdar ola bilərlər.