Xocalının Pirlər kəndindən “əhali çıxarılır”

Qarabağdan verilən məlumatlarda deyilir ki, Əsgəranın Xramort (Xocalının Pirlər – red.) kəndinin əhalisi ərazidən çıxarılır.

Buna səbəb, özünü “Artsax informasiya mərkəzi” kimi təqdim edən mənbənin məlumatına görə, Azərbaycan silahlı qüvvələrinin Əsgəranın Parux (Xocalının Fərrux – red.) kəndinə keçməsidir.

Azərbaycanın Xocalının Pirlər kəndi saydığı ərazini ermənilər Əsgəran inzibati ərazisi daxilində Xramort kəndi olaraq hesab edir. Kəndin başçısı Zorik Abrahamyan Ermənistan mediasına “Vəziyyət yaxşı deyil” deyib.

Fərrux kəndinin başçısı Vardan Mxitaryan News.am saytına müsahibəsində deyib: “Onlar (Azərbaycan hərbçiləri – red.) müxtəlif istiqamətdən, atəş açmadan, insan zənciri yaradaraq kəndə girdilər”.

Azərbaycan bu iddiaların yalan olduğunu və Azərbaycan ordusu tərəfindən heç bir insident tördilmədiyini bəyan edib.

Xocalı Qarabağ Ermənistan Azərbaycan
Şəklin alt yazısı,Azərbaycan əsgərləri, iddialara görə, hazırda Xocalının Fərux kəndinə daxil olub.

“Biz tez insanları evakuasiya etdik, yollar vardı, onlardan keçdik”, – Vardan Mxitaryan bildirib.

“Biz bildiririk ki, Əsgəranın Xramort icmasından qadınlar və uşaqlar təhlükəsizlik səbəbilə evakuasiya olunur”, – Qarabağdan yayılmış məlumatlarda deyilir.

Bundan əvvəl Xankəndi/Stepanakertin sakinləri iki həftədir ki, ötən həftəsonu istisna olmaqla, qazsız qaldıqlarını deyiblər.

Bu ayın əvvəlində Pirlər kəndinin bir mülki sakini minaatandan açılan atəş nəticəsində yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi mülkiləri hədəf almadığını deyib.

Qarabağdakı separatçılar bu ayın əvvəlindən Azərbaycanı erməni kəndlərinə atəş açmaqda və atəşkəsi pozmaqda günahlandırıblar.

Azərbaycanın bir müddətdir ki, kəndin yaxılığına hərbi texnika yerləşdirdiyi və azan və himn səsləndirdiyi barədə məlumatlar yayılmışdı.

Azərbaycan Ermənistanı Qarabağdan erməni silahlılarını çıxarmağa çağırıb.

Bbc azeri