İctimai fəal Bəxtiyar Hacıyev
❗️ DİN və Prokurorluq məlumat yayıblar ki, 2 ÇPA əməkdaşını bıçaqlayan şəxsi tutmağa gediblər, o da qumbara atmaq istəyib, polislər də onu zərərsizləşdirərək məhv ediblər. (Güllələyərək öldürüblər yəni)
Əvvəllər DTX da belə edirdi, kimisə öldürüb, “terrorçu idi, silahlı müqavimət göstərirdi, öldürdük” deyirdi. Hətta bir dəfə solaxay adamın sağ əlində tapança olan fotosunu sübut kimi yaymışdılar.
Cinayətkar nə qədər pis, sonuncu adam olsa da, onu sağ saxlamaq lazımdır. Yox, doğrudan da təhlükəlidirsə, terrorçudursa, onu saxlamağa gedən dəstədən bircə nəfərin başındakı kaskaya bircə dənə GoPro taxırsan, silahlı müqaviməti çəkirsən, sonra da ictimaiyyətə sözlə yox, video ilə sübut edirsən ki, hadisə doğrudan da biz dediyimiz kimi olub.
Üzr videoları çəkən və yayan, Bakı-Qazax yolunda sürət həddini aşan kimi kameraya çəkən DİN bircə GoPro təşkil edə bilmir? İndi biz videosuz nə bilək “Tofiq Yaqublu özü özünü polis bölməsində döyüb” deyən qurumun dediyi “cinayətkar polislərə əl qumbarası atırdı, ona görə məhv edildi” açıqlaması doğrudan da onların dediyi kimidir?
Hər bir vicdanlı Azərbaycan vətəndaşı DİN-dən də, DTX-dan da, digər güc strukturlarından da belə əməliyyatlarda baş/bədən kamerasından istifadə etməyi tələb etməlidir. Yoxsa, istənilən vətəndaşın qohumunu, əzizini güllələyib, “müqavimət göstərirdi, vurduq” deyəcəklər.