Natiq Güləhmədoğlu
Sonra da deyirlər, azərbaycanlılar prinsipal deyillər. Yalandır! Əlimərdan bəy Topçubaşov kimi nəhəng şəxsiyyətin qayınanası vəfat edir. Bu-Hənifə xanım həm də azərbaycanlılara ilk mətbuat oqranı yaratmış Həsən bəy Zərdabinin həyat yoldaşı idi. Ancaq, Topçubaşovun çevrəsində olan azərbaycanlı mühacirlərlə fikir ayrılığı onun boykotu ilə elə şiddətli nəticələnmişdi ki, hüzrə heç kim gəlmir. Tarixi faktları oxuyaq və millətimizin öz prinsiplərinə sədaqətəndən şübhəyə düşməyək.
“Əlimərdan bəy 1929-cu ilin mart ayının 6-da Bakıda vəfat etmiş qayınanası Hənifə xanım Məlikova üçün aprel 13-də qırx mərasimi verəndə Ceyhun Hacıbəylidən başqa Azərbaycan nümayəndə heyətinin üzvlərindən müxtəlif bəhanələrlə orada heç kim iştirak etməmişdi. Halbuki dağlı, gürcü, erməni və digər mühacir təşkilatların Parisdə olan nümayəndələrinin əksəriyyəti həmin gün başsağlığı vermək üçün gündüz saat 3-də Əlimərdan bəyin
Sen-Kludakı evinə toplaşmışdı.
Dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan mühacirləri isə ona teleqram və məktublar göndərərək Azərbaycanda qadın təhsilinin bünövrəsini qoyan bu böyük maarif xadiminin vəfatı ilə bağlı başsağlığı vermişdilər. Taleyin qəribə təsadüfü idi ki, 1907-ci ildə Həsən bəyin yas mərasimini Peterburqda verən Əlimərdan bəy Hənifə xanımın vəfatını Parisdə qarşılayır, onun xatirəsini Sen-Kluda yad edirdi. On il bir yerdə çalışdığı nümayəndə heyəti üzvlərinin qırx mərasiminə gəlməməsi onu çox məyus etmişdi və bu mərasimdən az sonra o, səhhətində yaranmış ağırlaşma ilə bağlı müalicəyə getməli olmuşdu”.
Mənbə: Professor Cemil Hasanlinin “Tarixi şəxsiyyətin ömür yolu: ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV” kitabı. Səhifə 549.