Qulu Məmmədli
Məktəblərdə son günlər baş verən olaylar, tədris prosesinə uyğun olmayan görüntülər əslində son dövrlərin problemi deyil.
Bu illər ərzində yaranmış, irinlənmiş artıq metastaz verən idarəçiliyin cəmiyyətə yansıyan növbəti fəsadlarının görüntüləridir. Əslində bu kimi olaylar yeni deyil. Sadəcə, sosial şəbəkələrin və smartfon telefonların yayqınlığı bizə daha çox informasiya almağa kömək edir.
Çıxış yolu nədir yaxud niyə belə bir vəziyyət yaranıb deyə suallara cavab axtaran səmimi, sevgili yurtdaşlara sadalayaq 11 illik müəllim təcrübəmizdən yola çıxaraq:
- Müəllimə dilənçi payı qədər əmək haqqı vermək. Azərbaycan müəllimi deyəndə indi hər kəsin təsəvvüründə nimdaş paltarlı, Cəbiş müəllim simalı, ciddi, hamıya olar sizə olmaz davranışları özündə cəmləyən məzlum bir təbəqə canlanır. Müəllimə “dərsdən sonra getsin soğan əksin”, “şkatur vursun” dedizdirən, hələ də, ona dövlət qulluqçusu statusu verməyən bir hökümət var ölkədə. Misir Mərdanovun məlum çıxışı bəs edir məncə bu bəndə son qoymağa.
- Müəllimi “seçki” saxtakarlıqları aləti etmək (indi alt paltarda bülleten simasındadır müəllim). Seçki məntəqələrini məktəblərdən rədd etmək lazımdır.
- Cəzasızlıq mühiti. Burada məsələ əlbəttə ki, təhsil qanunvericiliyi və dövlətin qəbul etdiyi normativ hüquqi aktlara uyğun cəzalandırmadan gedir söhbət.
- Çətin tərbiyə edilən şagirdlərin əlavə məktəblərə köçürülməməsi. “Çətin tərbiyə olunan şagird yaxud uşaq”. Bu termin varsa, demək ki, o məziyyətləri özündə daşıyan şagirdlər də var hər məktəbdə. Mütləqdir ki, bu tip şagirdlər xüsusi məktəblərə köçürülsün. Bir şagird belə bütün məktəbin daxili intizamını pozmaq potensialınıdadır.
- Müəllimlərin rüşvətsiz və güzəştsiz diaqnostikadan və sertifikasiyadan keçirilməsi. Alınan nəticəyə uyğun dərs bölgüsü ilə təmin edilməsi. Amma istənilən halda məktəbdə çalışan müəllimlərə şəxsiyyət kimi yanaşıb, onlara normal əmək haqqı verilmək lazımdır.
- Valideynlərin, xüsusən Azərbaycan cəmiyyətinin böyük ölçüdə təhsilə biganə yanaşması. Valideyn, məktəb, şagird üçbucağının qurulmasına böyük ehtiyac var.
- Ölkədəki rüşvət, korrupsiya.
- Məktəbdəki tədris mühitinin düzgün təşkil edilməməsi. Tədbirlərin, psixoloji söhbətlərin, ” fənn gecələrin”, özfəaliyyət dərnəklərinin, məşğələlərin və s. tədbirlərin düzgün təşkil olmaması yaxud sovet düşüncəsinə uyğun təşkili.
- Məktəblərdə peşəkar psixoloqların çatışmazlığı, bu mexanizmin işləksizliyi.
Bu siyahını kifayət qədər uzatmaq da olar. Qısaca, balıq başdan iylənib! Ölkədə sistem, idarəçilik problemi var. Nə qədər ki, səbəbə qarşı yox, nəticəyə qarşı hay-həşir qopacaq, bu problem heç bir zaman həll edilməyəcək.
Azərbaycandakı bütün problemlərin böyük əksəriyyətinin həlli YAP hakimiyyətinin süqutundan keçir. Bu rejimə, bu iqtidara haqqını bilməyən, onu tələb edə bilməyən, savadsız, müti, qorxu ilə rahat idarə edilə bilən kütlə lazımdır. Demək, belə bir durumun yaranmasına kim maraqlıdır!?
Hamılıqla bunu dərk edib və digər sahədə olan problemlərimizi də həll etməyə nə zaman ki, özümüzdə güc tapacağıq, o zaman parlaq nəticələr əldə edəcəyik.
Sonda Üzeyir Hacıbəyovun yerinə düşən bir fikrini sizinlə bölüşərək hər birinizə sağlıqlı, mənalı ömür arzu edirəm.
“Niyə avropalıların arasında alim, həkim, ədiblər çıxır bizim aramızdan qoçular!?
Fərq bizim zatımızdadırmı?
Cavab: Xeyir, insan hər yerdə insandır!
Fərq harada nəyə imkan yaradılmasındadır.
Harada hansı fəaliyyətə meydan yaradılıbsa, o sahədə istedadlı adamlar meydana çıxır.”