Milli Şuranın sədri, professor Cəmil Həsənli
Amerikanın məşhur ABC televiziyası demokrat konqressmen Henri Cuelların evində axtarış aparması barədə vizual görüntüləri yaydı. Federal Təhqiqat Bürosu (FTB) onun Texasdakı evində və Kapitolidəki ofisində qəfil yoxlama aparıb. Federal təhqiqat üçün Konqress üzvünün evindən və ofisindən bir sıra əşyalar, kompyuturlər müsadirə edilib. Müsadirə edilən sənədlər içərisində Cuellerin və onun xanımının xarici ölkənin dövlət məmurları və iş adamları ilə yazışmaları da vardır.
Cuellerin qarşıdakı (Mart ayında) seçki kampaniyasının maliyələşdirilməsi ilə bağlı bəzi şübhəli məqamlar ola biləcəyi ehtimal edilir. Lakin hələlik FTB işin təfərrüatını açıqlamır. Amma məlum olan bir şey var: bütün bu axtarış, müasdirələr, konqress üzvünü nəzarətə alınması onun dünyada korrupsiyalaşmış rejim kimi tanınan Azərbaycan hakimiyyəti ilə bağlıdır. O, 2013-cü il prezident seçkilərində Əliyevə dəstək vermək üçün Kemal Öksüzün Bakıya gətirdiyi “Amerika heyətinin” üzvü olub.
Artıq Henry Cuellarin Wikipedia səhifəsində qeyd edilib ki, ona qarşı federal təhqiqatların başlanması korrupsiyalaşmış və “kürü diplomatiyasına” görə adı bədnam olmuş Azərbaycana görədir. Deyəsən Azərbaycanın korrupsiyası, xarici ölkələrdə ayrı-ayrı vəzifəli şəxslərin satın almaq “strategiyası” Henry Cuellarin də Konqressdəki 14 illik karyerasına son verəcək. Xatırlayırsınızsa Sizə demişdim Əliyevlərin korrupsiyasının ifşası yalnız Britaniya mülkləri ilə məhdudlaşmayacaq. Bu korrupsiya şəbəkəsinin yeni ifşa məqamları üzə çıxacaq və iş yalnız Henry Cuellarlə də məhdudlaşmayacaq. FTB təhqiqatları yeni adlar üzə çıxaracaq.
P.S. Yeri gəlmişkən yaxın vaxtlarda Fransadan da xəbərlər olacaq.