İctimai fəal Bəxtiyar Hacıyev
Bu gün Vətəndaş və İnkişaf Partiyası sədri Əli Əliyevin məhkəməsində iştirak etdim. Azərbaycan məhkəmələri ilə ilk tanışlığım 15 il əvvəl olub, o zaman qiymətlərin artmasına etiraz etmək üçün sayt açmışdım, “Bandotdel” məni tutmuşdu, Nərimanov Rayon Məhkəməsi 12 sutkalıq həbs qərarını elan edəndən sonra hakim “bala, səni nəyə görə tutublar?” deyəndə tanıdım bu məhkəməni.
O vaxtdan bu günə qədər onlarla siyasi fəalın, jurnalistin şərlənərək həbs edilməsinin şahidi olmuşam, sıravi insanların, iş adamlarının da haqsızlığa məruz qalmasını görmüşdüm.
Amma Əli Əliyevin məhkəməsi Azərbaycan üçün ilk idi, təəccübləndirdi, şoka saldı. Təsəvvür edin, mənim xüsusi ittiham qaydasında şikayətimi 5 hazırlıq iclasında icraata götürməkdən yayınan Yasamal Rayon Məhkəməsi bu gün bir iclasda hər şeyi aydınlaşdırdı, vəkillər “çıxış üçün vaxt istəyirik” deyəndə hakim 5 dəqiqə vaxt təklif etdi, vəkillər etiraz edəndə “artıq çıxış etdiniz” dedi. Əli Əliyevə son söz üçün təklif edildi, Əli Əliyev etiraz edəndə “son sözünüzü dediniz” deyib, qaçdı müşavirə otağına, gəldi, hökmü elan etdi.
Əli Əliyevi bəyənən də olar, bəyənməyən də. Ancaq məsələ sadədir. Bir insan, siyasi partiya rəhbəri siyasi tapşırıqla, sifarişlə, şərlənərək həbs edilib. Heç bir vətəndaş bundan sığortalanmayıb, ona görə də hamı belə ekspress-şərləmə məhkəmələrinə etiraz etməlidir.
Əli Əliyev azad edilməlidir. Tofiq Yaqublunun gözlərində o boyda xəsarətlərdən sonra cinayət işi açmayan hakimiyyət “mənə filan şeylər inandırıcı görünmür” dediyinə görə bir partiya rəhbərini həbs edir.
P.S: Mən prosesdəki hakimi də düşünürəm. İllərlə oxuyasan, imtahan verəsən, müəyyən yerə gəlib çıxasan, hakim olasan, amma belə ekspress məhkəmə keçirərək başqa bir ailənin başçısını, kiminsə övladını, kiminsə həyat yoldaşını, kiminsə dostunu heç nə olmamış kimi həbsə göndərəsən. Görəsən, Hüseyn müəllim üçün ailə üzvlərinin üzünə baxmaq, aldığı maaşla yemək yemək, dost-tanış arasına çıxmaq, nəhayət, gecələr rahat yatmaq problem deyil ki? Belə necə yaşamaq olar, doğrusu, o mənə çatmır…