Hazırda həbsdə olan AXCP üzvü Şahin Hacıyev saxlanandan sonra işgəncələrə məruz qaldığını iddia edir.
“Turan”ın xəbərinə görə, o bunu bu gün, yanvarın 13-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclası zamanı bildirib. Ş.Hacıyev Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur.
İclasda o, məhkəməyə bununla bağlı yazılı müraciət təqdim edib. O, həmçinin bildirib ki, cinayət işinin materialları ilə tanış olmayıb və ittiham aktı ona təqdim edilməyib. Məhkəmə bunu nəzərə alaraq prosesi yanvarın 21-nə təxirə salıb.
Vəkil Zabil Qəhrəmanov isə agentliyə bildirib ki, Ş.Hacıyev istintaq təcridxanasına daxil olarkən ekspertiza onun ayağında travma olduğunu təsdiq etsə də, prokurorluq bununla bağlı cinayət işi açmaqdan imtina edib.
Məhkəmədə işgəncə ilə bağlı səslənən fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan hüquq-mühafizə orqanları işgəncələrlə bağlı şikayətləri, əsasən, qəbul etmirlər.
Azadlıq radiosu