AXCP sədri Əli Kərimli
Qazaxıstandakı sosial partlayış Azərbaycandakı rejimi də möhkəm qorxudub. Qardaş ölkədəki etirazların nə ilə bitəcəyi bir çox faktorlardan asılıdır. Nəticəyə ciddi təsir edəcək bir çox daxili və xarici amillər var. Onları sadalamaq fikrində deyiləm. Fikrimcə, ən önəmli faktor xalqın bu etirazlarda iştirak dərəcəsi olacaq. Təbiidir ki, etiraz aksiyalarında 10 minlərlə insanın iştirakı ilə məsələn, 100 minlərin, milyonların iştirakı fərqli nəticələrə səbəb olacaq. Ancaq artıq indidən aydındır ki, Qazaxıstan daha əvvəlki kimi olmayacaq.
Qazaxıstandakı etirazlar bir sıra həqiqətlərin növbəti dəfə altını cızdı.
- Diktaturaların, avtoritar rejimlərin hamısına növbə çatacaq. Azadlığa və ədalətə can atmaq bütün xalqların – insanlığın fitrətindədir. Hansısa əzilən xalq hansısa səbəbdən bu gün azadlıq və ədaləti kütləvi şəkildə meydanlarda tələb etmirsə, sabah, o biri gün mütləq tələb edəcək. Necə deyərlər, bütün rejimlərin qapısı döyüləcək.
- Əgər hakimjyyət xalq tərəfindən seçilməyibsə, oğru və korrupsionerdirsə, xalqla hakimiyyətin arasında uçurum yaranıbsa, belə ölkədə sosial partlayışın və ya böyük xalq hərəkatının baş verməsi zaman məsələsidir. Sosial partlayışın nə zaman baş verəcəyini isə heç kim dəqiq bilə və praqnozlaşdıra bilmir.
- Müxalifəti, vətəndaş cəmiyyətini əzmək, mətbuatı qapatmaq, hətta interneti və mobil rabitəni kəsmək belə avtoritar rejimləri sığortalamır, xalq etirazlarından qoruya bilmir. Xalq əmin olanda ki, artıq başqa çarə qalmayıb, hansısa siyasi qüvvənin təşəbbüsü və təşkilatçılığı olmadan da, internetsiz də meydanlara çıxır.
- 10-larla ölkənin təcrübəsi sübut edir: Avtoritar üsulla idarə olunan o ölkədə ki, real müxalifət mövcuddur və az-çox təşkilatlanıb, həmin ölkədə xalq etirazları daha dinc xarakter daşıyır və rejim dəyişikliyi az itki ilə olur. O ölkələrdə ki, real müxalifət sıradan çıxarılıb, həmin ölkələrdə sosial partlayışlar daha çox zor və qanla müşaiyət olunur və devrilən hakimiyyətə daha baha başa gəlir.
- Avtoritar rejimlərin guya özünü qorumaq üçün yaratdığı saxta strukturlar – saxta müxalifət, hökumətə bağlı vətəndaş cəmiyyəti, saxtakar mətbuat adi vəziyyətlərdə, dinc dövrdə insanların fikrini az-çox çaşdırmağa nail olsa da, daha həlledici məqamlarda, sosial partlayış və xalq etirazları zamanı xidmət etdikləri rejimlərə heç bir fayda verə bilmirlər. Tam əksinə, belələrinin fəaliyyəti etirazçıların qəzəbini daha da artırır.
- Polis, güc strukturları, repressiya aparatı da müəyyən dövrə qədər avtoritar rejimləri qoruya bilir. Gerçəkdən də xalq meydanlara çıxanda heç bir güc strukturu onun qarşısını ala bilmir. Həqiqətən də xalqdan daha böyük və daha güclü qüvvə yoxdur. Həqiqətən də el gücü sel gücüdür. Kaş ki, bunu hamımız vaxtında dərk edək.