Azərbaycanda son illər daha çox “Paşayevlər” klanı tərəfindən aparılan “islahatlar” nəticəsində irili-xırdalı müxtəlif vəzifələrə gətirilən kadrlar, onların yetirmələri haqqında yazılarımız dərc olunurdu. Budəfəki yazımızın “qəhrəman”ları isə hakim ailənin üzvləri və onların birinci dərəcəli qohumlarıdır. Gəlin görək, onlar ölkədə hansı sahələrin kurasiyasını əllərində saxlayırlar? Hansı quruma kimlər rəhbərlik edir?
Mərkəzdən idarə edilən media
Ölkə mediasında az qala hər bir sətiri nəzarətdə saxlayan və KİV adına bağlı olan bütün qurumların birbaşa Prezident Administrasiyasının tapşırığı ilə işlədiyini bilməyən yoxdur. Lakin 2013-cü ildə fəaliyyətə başlayan Bakı Media Mərkəzi öz fəaliyyəti ilə ölkədə onsuz da azad olmayan medianı daha da “lazımsız” etdi. Belə ki, prezident İlham Əliyevin qızı Arzu Əliyevanın təşəbbüsü ilə yaradılan bu şirkət qısa zaman ərzində ölkədə demək olar ki, bütün media yayımlarını ələ aldı. Dünyanın tanınmış yayım şirkətləri ilə əməkdaşlıq edərək ölkədə keçirilən genişmiqyaslı beynəlxalq tədbir və idman yarışlarının canlı yayımlarını və çəkilişlərini həyata keçirməklə yanaşı, şirkət həm də bədii-sənədli filmlər istehsal edir, biznes qurumları üçün tanıtım çarxları hazırlayır, müxtəlif tədbir və sərgilər təşkil edir, eləcə də ölkənin təbiətinin və tarixi abidələrinin gözəlliyini nümayiş etdirən fotosalnamələr yaradır. Son 9 ildə ölkədə keçirilən demək olar ki, bütün vacib tədbir və açılışlar, festivallar və çempionatların çəkilişlərinin hamısını, hətta 2018-ci ildə prezident İlham Əliyevin andiçmə mərasimi belə yalnız Bakı Media Mərkəzi tərəfindən işıqlandırılaraq, “məsləhət görülən” görüntülər yerli mediaya təqdim edilib. Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə, əsasən də Şuşa şəhərinə ilk girən, oradan çəkilişlər edərək bütün media kanallarına yayan media qurumun da BMM olması təsadüfi deyil.
Ümumiyyətlə, qiyməti milyonlarla ölçülən ən son texnologiyalarla təchiz edilmiş Bakı Media Mərkəzi “sayəsində” Azərbaycanda vertolyot və drondan çəkiliş etmək qadağası da mövcuddur. Belə ki, ölkə ərazisində, xüsusilə paytaxt Bakının mərkəzində dron və vertolyotla çəkiliş etmək “hüququ” yalnız BMM-nə məxsusdur.
Şirkətin rəhbəri bir zamanlar Lider TV və İctimai TV-də rejissor kimi çalışmış Orman Əliyev olsa da kurasiyası “birinci ailənin” “sağ əli” sayılan Anar Ələkbərovdadır. BMM-nin Badamdar qəsəbəsində yerləşən inzibati binası daxilində baş verən istənilən xırda bir dəyişiklik Anar Ələkbərovun rəyi olmadan baş vermir, hətta binanın birinci mərtəbəsində yerləşən restoran belə daha çox “superköməkçi”nin banket və görüşləri üçün nəzərdə tutulub.
Müasir incəsənəti YARATanlar
Səhiyyəni, aviasiyanı, təhsili, iqtisadiyyatı, medianı və digər sahələri də birbaşa idarə edən “Paşayevlər”in “əli” ölkə incəsənətinin də üstündən əskik olmayıb. Mehriban Əliyevanın bacısı qızı, 2006-cı ildə Londonda incəsənət və dizayn kollecində təhsil almış Aida Mahmudova Azərbaycanın müasir incəsənətinə cavabdehdir. O, 2011-ci ildə Bakıda müasir incəsənət sahəsinə aid hər bir şeyi – incəsənət fondları, qalereyalar, muzeylər və s. birləşdirərək onlar arasında “yaradıcı” əlaqə rolunu oynayan YARAT qeyri-kommersiya təşkilatı yaradıb. Bu il 10 illiyini qeyd edən quruma ilkin vaxtlar az sayda rəssam üzv olsa da sonralar əhatə dairəsi genişlənir. Hətta hakimiyyətə radikal yöndə yanaşan bir sıra rəssamlar belə yaxşı qonorar, Bakının ən görkəmli qalereya və muzeylərində fərdi sərgilər, xarici ölkələrdə tanınma, bəziləri isə ailə üzvləri və özlərinin xarici ölkələrdə bahalı müalicələri qarşılığında “YARAT”çı olublar.
Aida Mahmudovanın Bakıya geri döndüyü və YARAT-ı qurduğu ilk gündən yanında olan silahdaşı – Emil Topçiyev adlı şəxsdir. Topçiyev YARAT Müasir incəsənət məkanının direktorudur, bununla yanaşı, Aida Mahmudova demək olar ki, bütün şəxsi və biznes işlərini ona rahatlıqla həvalə edir. Bəs illərdir Mahmudovanın etimadını qoruyub saxlamağı bacaran Emil Topçiyev kimdir? E.Topçiyev “Paşayevlər” ailəsinə yad insan deyil. Onun atası Namik Topçiyev uzun illər Heydər Əliyevin mətbəxində baş aşpaz olaraq çalışıb, daha sonra isə Mehriban Əliyevanın etimadını qazanaraq vəzifəsində qalmağa davam edib. Bu vəsilə ilə də oğlunu “güvəniləcək kadr” kimi təqdim etməyi bacarıb. Emil Topçiyev də hər bir mənada atasının ümidlərini doğruldaraq, Aida Mahmudova üçün “superköməkçi” olmağı bacarıb. Emil Topçiyev həm də cari ilin mart ayında “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçən “Baku Boulevard Gunaydın” MMC-nin Müşahidə şurasının üzvü, cari ayda dövlət qeydiyyatına alınan və hüquqi ünvanı “Port Baku” olan “Mərdəkan Sahil Evləri” MMC-nin qanuni təmsilçisi, bu qəbildən olan daha bir neçə MMC-nin rəsmi nümayəndəsidir. Lakin Emil Topçiyevin adının bağlı olduğu ən böyük işlər hələ illər əvvəl görülüb. Belə ki, o, 2015-ci ildə iş adamı, hazırda Bakıda və ya xaricdə olduğu bilinməyən Hafiz Heydərovla “T and T Trans Torg Limited” adlı şirkəti “təsis edib”. Şirkətin baş ofisi Dubayda yerləşir və hər iki təsisçi şirkətdə 50%-lik paya malikdir. Şirkətin nizamnamə kapitalı isə 5 mln. dirhəmdir. Şirkət dəmiryolu və Xəzər və Qara dəniz vasitəsilə yük daşınmasını həyata keçirir. Görəsən Emil Topçiyev bu qədər yükün altına girmək üçün gücü haradan alır?
Bundan başqa, Emil Topçiyev həm də mərkəzi ofisi İsveçrənin Sürix şəhərində yerləşən “Amber Energy Swiss Holding”in direktorudur. Bu şirkət enerji sənayesində yerli və xarici şirkətlərə investisiyaların birbaşa və ya dolayı yolla əldə edilməsi, idarə edilməsi və satışı ilə məşğul olur.
Maraqlıdır ki, bu qədər xidmətləri qarşılığında Emil Topçiyev sadəcə “Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə” cari ilin oktyabr ayında prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Ölkənin əsas restoratoru
Restoratorluq – prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevanın paytaxtdakı ən böyük bizneslərindən biri sayılır. Ona məxsus olan “Saffron” Restoranlar Qrupu Bakının demək olar ki, bütün dəbdəbəli restoranlarını özündə birləşdirən şirkətdir. 2010-cu ildə yaradılan şirkət hazırda Azərbaycanın ən böyük restoran qrupu sayılır. Hazırda 20-dən çox brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşir. Bura yerli, Panasiya, Avropa, Meksika, Ərəb, Hind mətbəxlərinin təmsil olunduğu restoranlarla yanaşı, Hard Rock Cafe, Laduree kimi brendlərin Bakı təmsilçilikləri də aiddir.“Saffron” Restoranlar Qrupuna daxil olan restoranlar şəhərin ən əlverişli yerlərində, əsasən də Neftçilər prospekti və Bakı Bulvarı boyunca yerləşir. “Chinar”, “Masti Baku”, “Movida”, “Laduree”, “El Portalon”, “Atelier 61”, “Elektra Hall”, “Paris Bistro”, “Harbour”, “Madrid Bar”, “Sahil”, “Pasifico”, “Pivnaya Apteka”, “Enerji”, “Buddha Bar”, “Hard Rock Cafe”, “Atelier Vivanda”, “Maya”, “Big Chefs”, “Dolce Vita”, “Pidem”, “Jokonda” və s. kimi dəbdəbli restoranlar məhz “Saffron”a daxildir. Prezident ailəsinin üzvlərini tez-tez bu restoranlarda görmək mümkündür. Leyla Əliyevanın restoratorluğu təkcə lyuks restoranları özündə birləşdirən şirkətin sahibi olmaqla kifayətlənmir. Paytaxtın “restoran bazarına” daxil olmaq istəyən istər yerli, istərsə də xarici şirkətlər bu işdə şəksiz şəkildə “Saffron” şirkəti ilə ortaq olmalı, “yaşıl işıq” qarşılığında haqqlarını ödəməlidirlər. Buna misal olaraq, “Baku Cafe”, “MariVanna Baku”, “Jasmin Port Baku”, “Novikov Cafe Baku”, “Scalini”, “Syrovarnya Baku” restoranlarını göstərmək olar.
Restoran biznesində Leyla Əliyevanın rəqibi demək olar ki, yoxdur. Baxmayaraq ki, xalası Nərgiz Paşayevanın qızları Ülviyyə Mahmudova və Aida Mahmudova da bu sahədə aktivdirlər, lakin onlar “Saffron”la rəqabət aparacaq səviyyədə deyillər. Məsələn, bir müddət əvvəl paytaxtda Aida Mahmudovaya məxsus olan “Bisque” kafesi və “L’avenue” restoranı fəaliyyətini dayandırdı. Ona məxsus olan “Chayki” restoranı isə fəaliyyətini davam etdirir. Hətta ötən il Vətən müharibəsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla xanımı Əminə Ərdoğanı İlham Əliyev və Mehriban Əliyeva Bakıda məhz bu restoranda qonaq etmişdilər.
Nərgiz Paşayevanın digər qızı Ülviyyə Mahmudovaya məxsus olan “160 Grill&Bar” restoranı isə fəaliyyətini İzmir prospektində yerləşən məkanla yanaşı, şəhərin əsas ticarət mərkəzləri və Heydər Əliyev adına Beynəlxalq Hava limanında təmsilçi kafe ilə davam etdirir. Bundan başqa, onun şəhərin bir neçə nöqtəsində “Yummy Truck” adlı küçə yeməyi təqdim edən şəbəkəsi də mövcuddur. Bundan başqa, Ü.Mahmudovanın Türkiyə və Dubayda da restoranlar şəbəkəsi mövcuddur.
Ü.Mahmudovanın digər biznesləri barəsində bir qədər sonra…
Professorun adına jurnal və xeyriyyə fondu…
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın kiçik qızı Ülviyyə Mahmudovanın restoran biznesindən söz açmışkən, onun ən böyük biznesləri haqqında danışmasaq olmaz. Belə ki, 2012-ci ildə Ü. Mahmudova tərəfindən anasının şərəfinə yaradılan “Nargis” jurnalı hazırda yerli lyuks jurnal istehsalı sahəsində lider sayılır. Nargis jurnalının ilk sayının təqdimatı 2013-cü il yanvarın 13-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, jurnalın adını daşıdığı professor Nərgiz Paşayevanın doğum günü keçirilib. Təqdimatda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib, hətta jurnalın ilk buraxılışı üçün xanım Əliyeva ilə özəl fotosessiya və müsahibə də dərc edilib.
Ümumiyyətlə, “Nargis” jurnalında mütəmadi olaraq “Birinci ailə” ilə bağlı müsahibələr, reportajlar və fotosessiyalar işıq üzü görür, onların həyat tərzi və maraqları haqqında oxuculara məlumatlar verilir. Jurnal bir çox dövlət və özəl şirkətlər tərəfindən məcburi abunəlik şəklində əldə edilir, Azərbaycanın demək olar ki, bütün lyuks otel və restoranlarında sərgilənir, dərgini eləcə də Azərbaycan Hava Yollarının əksər uçuşlarında görmək mümkündür.
Jurnal ilə yanaşı, Ülviyyə Mahmudova həm də eyniadlı xeyriyyə fonduna rəhbərlik edir. Maraqlıdır, Azərbaycanlı professorun, birinci xanımın bacısı olan birinin adına xeyriyyə fondunun olması nə dərəcədə düzgündür? Üstəlik, bu fond aztəminatlı ailələrə yardım, əməliyyat və müalicəyə ehtiyacı olan şəxslərə kömək sahəsində az qala Heydər Əliyev Fondu ilə paralel şəkildə addımlamaq gücündədir! “Nargis” fondu həm də hər il Fəvvarələr meydanında keçirilən “Soyuq əllər isti ürək” yarmarkasının da təşkilatçısıdır. Son 2 ildə isə fond həm də Novruz bayramı ərəfəsində xeyriyyə yarmarkası keçirməyə başlayıb. 2019-cu ildə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu yarmarkanı ziyarət etməklə, bir növ Ü.Mahmudovaya öz “xeyir-dua”larını veriblər.
Ülviyyə Mahmudovanın biznes fəaliyyəti təkcə bunlarla yekunlaşmır. O həm də 2016-cı ildən etibarən fəaliyyət göstərən “iTicket” şirkətinin də rəhbəridir. Bu şirkət həm onlayn, həm də offlayn olaraq konsertlərə, teatrlara, idman və əyləncə tədbirlərinə bilet satışını reallaşdırır. Bakı şəhərində 20-yə yaxın satış nöqtəsi “iTicket.az” idarəçiliyi altında fəaliyyət göstərir, bir çox mühüm əhəmiyyətli tədbir və konsertlərin rəsmi əməkdaşı və bilet satışı üzrə təchizatçısıdır.
Ardı var…
Akif