İctimai fəal Bəxtiyar Hacıyev
Təhsil naziri Emin Əmrullayevin çıxışı barədə tənqidləri görüb, mətbuat konfransının həmin hissəsini axtardım, izlədim, dinlədim.
Adam təhsildə maliyyənin nəticəyə müsbət təsirlərindən danışıb, maddi imkanlar nə qədər çox olarsa, keyfiyyət və müsbət nəticələrin də çox olacağından danışıb. Sonra da əlavə edib ki, əgər valideynlər məktəblərə maliyyə dəstəyi göstərmək istəyirsə, bunu şəffaf və hesabatlı şəkildə etməlidirlər, məcburi qaydada yox. Yəni, adam indiki “direktor pul yığır bayrama görə, jurnal pulu gətirin, süpürgə pulu gətirin, gətirməyənin uşağı dərsə buraxılmayacaq” dönəmindən Qərbdəki “övladımızın oxuduğu məktəbə 10 000 dollar ianə etmək istəyirik ki, fizika laboratoriyası təkmilləşdirilsin” dönəminə keçidi arzulayır.
Orta məktəb illərində təhsil aldığım Türk Liseyləri əvvəl tam olaraq sıravi Anadolu türklərinin, sonradan Azərbaycanda müxtəlif işadamları, ailələrin dəstəyi ilə ciddi maliyyə imkanlarına sahib idi. Kiçik ianələrlə böyük laboratoriyalar qurulmuşdu, təhsilin keyfiyyəti şübhə doğurmurdu. Magistratura təhsili aldığım ABŞ-da da həm valideyn olaraq, həm də işadamı olaraq minlərlə insan universitetimizə maddi yardım, ianələr edirdi. Bu gün də məzun olaraq biz imkan düşdükcə universitetimizə 20-30 dollar, 100-200 dollar ianələr edirik. Yəni, istər orta məktəblərə, istərsə də ali məktəblərə ianələrin edilməsi normal haldır, əgər proses şəffaf şəkildə idarə olunursa. Buna görə də kimisə tənqid etmək, “rüşvəti şəffaf yığmaq istəyir” deyərək qaralamaq doğru deyil.
Dünənki mətbuat konfransında nazirin tək xətası 30 ildən artıq heç vaxt fikri, rəyi soruşulmamış cəmiyyətə “gəlin, müzakirə edək, bir yol axtaraq” kimi sözlərlə rəyinin soruşulması oldu. “Ə, bir-bir, borcum yoxdur sənə cavab verməyə”, “sənə nə var kim tikir, Alabala!”, “konkret rədd ol buradan” cavablarına öyrəşmiş cəmiyyətə birdən-birə “gəlin, müzakirə edək, həll yolu axtaraq” deyəndə hay-küy üçün fürsət gözləyən mərkəzlər çox rahatlıqla cəmiyyəti həmin şəxsə qarşı çevirə bilirlər.
Dünənki gərginliyin müsbət nəticəsi isə o ola bilər ki, nazirlik bu temperatur yüksəkliyindən istifadə edərək “bayram pulu”, “jurnal pulu”, “YAP pulu”, “süpürgə pulu” kimi valieynlərdən (və bəzən də müəllimlərdən) məcburi yığılan pulların şəffaf və hesabatlı, könüllü ianə kimi yığıldığı və xərcləndiyi sistemi qurar, cəmiyyətə də göstərər ki, bax, biz bunu nəzərdə tuturduq, indi kim istəyər məktəbə 10 min dollar ianə edər və laboratoriya qurar, kim istəməz, 1 qara qəpik də verməz və buna görə heç kim ona “gözün üstündə qaşın var” deməz.