Zəlimxan bunu saznan desəydi, yenə qəbul etmək olardı
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub AzNews.az saytına açıqlamasında Ziyalılar Forumunun, ilk növbədə Rüstəm Ibrahimbəyovun fəaliyyətinə toxunub. Azərbaycan Ziyalılar Forumunda təmsil olunanlarla heç bir münasibətinin olmadığını deyən Z.Yaqub Kinematoqrafçılar Ittifaqının rəhbəri Rüstəm Ibrahimbəyovun hakimiyyət barəsində söylədiyi fikirlərə toxunub. Onun fikrincə, dövlətlə dövlətçilik etmək olmaz:
“Gərək lazımi qaydalara əməl edəsən. Mənim onların heç biri ilə münasibətim yoxdur. Ziyalı ziyalıdır və böyük ad daşıyır. Ziyalının adına hörmət olmalıdır. Eyni zamanda bütün ziyalılar dövlətin varlığına xidmət etməlidir. Azərbaycan dövlətinin müstəqilliyini qorumaq üçün ziyalılar öz borcunu yerinə yetirməlidirlər”.
Z.Yaqubun ziyalılara öyüd-nəsiyyət verməsinə qarşı tərəfin cavabı özünü çox gözlətməyib.
«Yəqin kimsə deyib ki, sən niyə səsini çıxarmırsan, o da məcbur olub»
Ziyalılar Forumunun üzvü, yazıçı Əkrəm Əylisli Z.Yaqubun ziyalılara dərs verməsini gülünc adlandırdı: “Zəlimxan bunu saznan desəydi, qəbul edərdim. Ancaq sözlə deməsini düz saymıram. Onun sözləri sazla daha yaxşı çıxır. Zəlimxan şairdi, onun gəlib Rüstəm Ibrahimbəyova, Rafiq Əliyevə, Ramiz Rövşənə, Cəmil Həsənliyə özünü necə aparması ilə bağlı dərs verməsi gülüncdü. Zəlimxanın da fikir söyləməyə haqqı var. Ancaq bu dedikləri fikir deyil axı”.
Z.Yaqubun kimlərinsə tövsiyyəsi ilə bu fikirləri səsləndirdiyini ehtimal edən Ə.Əylisli onu tarixin də haqq qazandırmadığı məsələlərdən ibrət götürməyə çağırdı: “Kimlərinsə başqalarına ideoloji ibrət dərsi vermək istəyi tarixdə sonu biabırçı şəkildə oldu. Bundan ibrət götürmürlər, yenə başlayıblar dərs keçməyə. Zəlimxana da yəqin kimsə deyib ki, sən niyə səsini çıxarmırsan. Əslində Zəlimxan sakit adamdı, ziyanxorluğu yoxdu. Ola bilsin məcbur olub.
Ona dostcasına deyərdim ki, qardaşım, sən yəqin nə dediyini və nə üçün belə dediyini gözəl bilirsən. Gəl bir-birimizə kəf gəlməyək. Hərəmiz öz getdiyimiz yerdə qalaq”.
«Zəlimxan Yaqubun həyat missiyası saray darvazasının ağzında özünə yer almaq olub»
Hər kəsin öz həyat missiyasının olduğunu deyən Ziyalılar Forumunun üzvü Mehriban Vəzirin sözlərinə görə, Zəlimxan Yaqubun həyat missiyası saray darvazısının ağzında özünə yer almaq olub. O bu missiyaya nail olub, ona görə də deyir ki, gərək lazımi qaydalara əməl edəsən. Çünki özü bu işin qaydalarını bilir. Amma Zəlimxan Yaqub bilməlidir ki, ziyalılığın missiyası bu deyil. Gərək ziyalının nəbzi xalqın, vətənin nəbzi ilə bir döyünsün. Ona görə Zəlimxan Yaqubun kimisə təftiş etməyə, yaxud Ziyalılar Forumunda birləşmiş insanların ünvanına təhlillər verməyə heç bir mənəvi haqqı yoxdur: “Ziyalılıq vətəni düşünməkdir. Mən Zəlimxan Yaqubun həyat və yaradıcılığında bu düşüncəni, bu nəbz birliyini, xalqla, vətənlə qəlb birliyini heç zaman görməmişəm”.
Fizzə