Hüquq müdafiəçisi Lent.az saytını təxribatda ittiham etdi
Hüquq müdafiəçisi Eynulla Fətullayev lent.az saytına müsahibəni yarıda kəsib. Yarımçıq dərc olunan müsahibədən sezilir ki, jurnalistin kəskin sualları hüquq müdafiəçisini özündən çıxarıb. Həmin hissəni təqdim edirik:
– Eynulla bəy, sizlə bağlı internetdə araşdırma apararkən, bir iddiayla da rastlaşdım. Sizin ən çox ittiham olunduğunuz “Qarabağ gündəlikləri”ni yazdığınız dönəmdə sizlə bağlı iddialardan biri də o idi ki, guya 2002-ci ildə sizin erməni pasportunuz olub.
– Nə pasportu?
– Yuri Çarçuryan adına sənədləşdirilmiş Ermənistan şəxsiyyət vəsiqəsi?
– Nə Çarçuryan?!… Siz ali təhsillisiz, ali təhsiliniz var sizin?
– Bəli.
– Haranı qutarmısız?
– Xəzər Universitetini.
– Əzizim, məni Milli Təhlükəsizlik Nazirliyi həbs eləyib e.
– Bilirəm…
– Ə, bir dəqiqə dayan, a kişi. Məni hara həbs edib?
– Milli Təhlükəsizlik Nazirliyi.
– Bəs, yaxşı, mənim erməni şəxsiyyət vəsiqəm varsa, məni MTN həbs edibsə, düzdü?! Necə ola bilər ki, MTN bunu araşdırmayıb?! Bu nə cəfəngiyyatdı?!..
– Eynulla bəy, sizin Qarabağa səfərləriniz ərəfəsində belə bir ittiham var idi. Mən sizə öz xəyal məhsulum olan sualları ünvanlamıram, sizlə bağlı səsləndirilən ittihamları nəzərinizə çatdırıram, cavablandırmaq və ya cavablandırmamaq sizin seçiminizdir.
– Qurtardıq. Mən sizə müsahibə vermirəm. (Əlini atıb, diktofonu saxlayır)
– Necə istəyirsiniz.
– Xoş getdiniz.
Eynulla Fətullayev “Azadlıq”a açıqlamasında bildirib ki, bu müsahibə ondan bir ay əvvəl götürüb. Hüquq müdafiəçisi əsəbiləşəməsinin səbəbini izah edərkən deyib ki, o, bu müsahibənin əvvəlcədən hazırlanan ssenari olduğunu hiss edib və bu baxımdan müsahibəni dayandırıb: “Suallar təxribat xarakterli idi və hiss olunurdu ki, bu əvvəlcədən hazırlanmış ssenaridir. Mən də bu ssenaridə iştirak etmək istəmədim. Bu sayt hakimiyyətə yaxındır və heç şübhəsiz də bu ssenari saytın sahibləri tərəfindən hazırlanıb. Ümumiyyətlə, hakimiyyətyönlü KIV-lərdə təsadüfən heç bir məqalə dərc edilmir. Mən də bu müsahibənin təsadüf olduğuna inanmıram”.
Müsahibəni götürən jurnalist Anar Gəraylı isə qəzetimizə bildirib ki, Eynulla Fətullayevin ittihamları əsassızdır: “Təbii ki, mən əvvəlcədən bu müsahibəyə hazırlaşmışdım, sualları qeyd etmişdim. Amma bu hazırlıq Eynulla Fətullayevin düşündüyü kimi hansısa şübhəli ssenari deyildi. Jurnalistin müsahibəyə hazırlıqlı getməsi normal haldır. Görünür, Eynulla Fətullayev özü müsahibələrə gedəndə kimlərləsə əvvəlcədən ssenarilər qururmuş ona görə də bu cür düşünür”.