Ərəstun Piriyev: «Əflatunun dostu Hümbəti otağında əmisinin azyaşlı nəvəsi ilə pis işlə məşğul olduğunu görüb və ona danışıb»
2011-ci ilin iyulun 11-də saat 13 radələrində Bakıda törədilən bir qətl hadisəsi ölkə gündəmini dəyişdi. Belə ki, paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilməsi, baş mühasib Əmiraslan Əhmədovun ağır yaralanması şok effekti yaratdı.
Hadisədə təqsirli bilinən şəxslər – Hümbət Məmmədov, Fərman Hacıyev, Tofiq Bəkirov, Sahil Şamilov, Şamil Şamilov, Vüsal Qurbanov həbs olunub və hazırda Bakı Ağır Cinayətlərə dair Məhkəmədə iş üzrə proses davam etdirilir.
Ötən gün iş üzrə növbəti məhkəmə prosesi keçirildi. Əvvəlcə “Azər Ross IK” MTK-də olay vaxtı katibə işləyən Gülüş Mikayılova şahid qismində ifadə verdi. O bildirdi ki, Əflatun Piriyevin yanına gələn iki şəxs biri ağ köynəkdə, o biri isə qara köynəkdə idi: “Mənim işim Həm Əflatun müəllimin, həm də Hümbət müəllimin yanına gələn şəxsləri onlara deməkdi. Onlar həmin şəxslərlə görüşmək istəyirsə, mənə deyirlər. Əflatun müəllimlə görüşmək istəyini ona dedim. Onlar heç iki dəqiqə keçməmiş çıxdılar. Içəridə səs-küy idi. Bayıra çıxan kimi qışqırıb içəri keçdim. Bu vaxt səsə çıxan Əmiraslan müəllimə də atəş açıldı. Hadisənin üstündən çox vaxt keçmişdi. Səhv etmirəmsə, tapança ağ köynəkli oğlanda idi”.
“Hadisə olan zaman Əflatunun otağına mən, mühasib, bir də Hümbət müəllim girdi. Həmin zaman o hətta köynəyini cırıb kömək etmək istəyirdi. Dayanmadan təcili yardıma zəng edirdik. Əflatun müəllim xəstəxanaya aparılana qədər sağ idi”deyə şahid bildirdi.
Vəkillərin suallarına cavabında şahid dedi ki, tapançalı şəxs silahı üstünə tuşlayaraq ona sakit qalmağı əmr edib: “Ola bilərdi ki, o məni də vursun”.
Zərəçəkən tərəfin vəkili Aslan Ismayılovun şahidə ünvanladığı “sizinlə Hümbət Məmmədovun qohumluğu varmı” sualına o, “bəli, var. Hümbət müəllim əmim yoldaşının əmisi oğludur” cavabını verdi.
Aslan Ismayılovun “sizdən başqa hansı qohumunuz Hümbətin yanına gəlirdi” sualını belə cavablandırdı: “Əmim qızı da onun yanına gəlirdi. Bir, yaxud iki dəfə işdən sonra gəlib, ancaq nə üçün gəldiklərini bilmirəm”.
Şahidin ifadəsindən sonra mərhum Əflatun Piriyevin qardaşı Ərəstun Piriyev ifadə verdi. Onun sözlərinə görə, Hümbət Məmmədov qardaşını pullarını min yerə xərcləyib: “Onun əmlakından ikisinə həbs qoyulmayıb. Biri Zərifə Əliyeva adına parkın yanındakı şadlıq evidi, o biri isə Gənclikdə 7 mərtəbəli binadı”.
Hakim bildirdi ki, bununla bağlı vəsatət qaldırılsa, məhkəmə baxa bilər.
Ərəstun Piriyev çıxışında ondan öncəki şahidin dediklərinə qayıtdı: “Gülüşdən əvvəlki katibə ofisə gələn hər kəsi qeydiyyata alırdı. Hümbət onu bir bəhanəylə işdən çıxartdı. Qardaşım mənə demişdi ki, bir dəfə dostu Əflatunun yanına gəlib. Onu otaqda görməyib. Gedib Hümbətin yanına. Otağın qapısını açanda görüb ki, Hümbət əmisinin azyaşlı nəvəsi ilə pis işlə məşğuldur. Ofisi tərk edəndən sonra gördüklərini Əflatuna danışıb”.
Ərəstun Piriyevin sonuncu çıxışından sonra məhkəmədə ara-qarışdı. Hümbət Məmmədov Ərəstun Piriyevi təhqir etdi, ona böhtan atmaqda suçladı və bildirdi ki, bu, qurama işdir.
Hakim də bu məsələnin işə heç bir aidiyyəti olmadığını söylədi. Ərəstun Piriyev isə hakimə cavabında bildirdi ki, qardaşımın pullarını oğurlayaraq hümbət belə şeylərə xərcləyirdi: “Mən bunları özümdən uydurmuram. Əflatunun dediklərini söyləyirəm. Həm də qızın istintaqa ifadəsi var”.
Məhkəmədə hər iki tərəf bir-birlərinin ünvanına təhqirlər yağdırdılar. Hakim həm Ərəstun Piriyevə, həm də Hümbət Məmmədova xəbərdarlıq etdi.
Bundan başqa, vəkil Aslan Ismayılov məhkəmənin qərəzli olduğunu, bütün imkanlarla müttəhimi müdafiə etməkdə, zərərçəkənin nümayəndəsinin haqlı ifadəsini kəsməkdə suçladı və izah etdi ki, Ərəstun Piriyevin ifadəsi Hümbət Məmmədovun şəxsiyyətini xarakterizə edən haldır və birbaşa iş materiallarında təsdiqini tapmışdır. Bundan qəzəblənən məhkəməyə sədrlik edən onunla bağlı kollegiyaya şikayət məktubu göndərilməsi barədə məhkəmə qərarı çıxardı.
Proses 20 dekabr 2012-ci il tarixə qədər təxirə salındı…
Ramin DEKO