KXCP-dəki fraksiyanın həmtəsisçisi müxalifətçi həmkarlarına səsləndi
“Bəzi dostlar 10-15 il bundan öncəki siyasi və psixoloji stiuasiyadan çıxa bilməyiblər”
“Demokratik düşərgənin lokomativ təşkilatı da, lideri də bəllidir. Bunu müəyyənləşdirmək üçün Amerika kəşf etməyə ehtiyac yoxdur”.
Bu sözləri KXCP-nin tanınmış üzvlərindən biri, bu partiya daxilində yaradılan “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Fikrət Cəfərli “Teleqraf.com”a deyib. Müxalifət düşərgəsində vahid namizədin müəyyənləşməsi mövzusunda sualları cavablandıran F.Cəfərli bildirib ki, müxalifətin 2013-cü il seçkisi üçün real namizədi var və bu, AXCP sədri Əli Kərimlidir.
“Bütün parametrlər üzrə bu gün prezidentliyə ən real namizəd AXCP sədri Əli Kərimlidir. O, ötən müddət ərzində prinsipiallığı, ardıcıl, sağlam siyasi xəttilə daha çox diqqəti cəlb edib. Əli Kərimliyə olan təzyiqlər kimə olsaydı, bəlkə də çoxdan siyasətdən uzaqlaşmışdı. Bəziləri seçkilərə “vahid namizəd ya mən olmalıyam, ya da hakimiyyətdə YAP qalmalıdır” prizmasından yanaşır. Bu, düzgün yanaşma deyil və o, düşüncə sahiblərinə arada bir ətraflarına baxmağa tövsiyə edirəm”, – deyə F.Cəfərli bildirib.
O, KXCP rəhbəyliyində AXCP-yə və onun sədrinə qarşı münasibətin dəyişməli olduğunu da deyib. “Bəzi dostlar 10-15 il bundan öncəki siyasi və psixoloji stiuasiyadan çıxa bilməyiblər. Düşüncənin, yanaşmanın sağlamlaşması, dəyişməsi lazımdır. Köhnəlmiş, intiriqalar üzərində kiflənmiş düşüncə ilə onlar heç nəyə nail ola bilməyəcəklər”, – deyə o qeyd edib.