Kim kimdir: Kimə niyə dəymirlər? (İkinci hissə)
Ötən dəfəki yazımızda son illər Azərbaycanda aparılan “islahatlar” nəticəsində hakimiyyət daxilində yaranmış yeni şəbəkələşmələrin bəzi qəhrəmanlarını və onların idarə etdiyi “özəl” holdinqləri sizə tanıtmışdıq. Yaxın qohumların, habelə hakim ailəyə sadiq olan kadrların seçdiyi şəxslərin yüksək vəzifələrə təyin edilməsi artıq ənənəvi hal alıb.
Budəfəki yazımızın əsas qəhrəmanı isə Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru, bir sözlə “superköməkçi” Anar Ələkbərovdur. Birinci ailənin “sağ əli” kimi tanınan A.Ələkbərov ölkənin nəqliyyatına, rabitəsinə, Milli Məclisinin bir hissəsinə, prezidentin xüsusi işlərinə, “Azercell”, “Kontakt Home”, Gənclər Fonduna, əsas muzeylərinə, şərabçılığına, sərgilər və festivallarına, avtomobil yarışlarına – “hakim ailə” adından nəzarət edir. Demək olar ki, son illər də daxil olmaqla hazırda bütün önəmli postlara və sahələrə etibarlı kadrlar məhz “superköməkçi”nin tövsiyəsi ilə gətirilir.
Gəlin A. Ələkbərovun yuxarıda sadalanan sahələrə hansı kadr gedişləri ilə nəzarət etdiyinə birgə nəzər salaq.
Anar Ələkbərovun yəqin ki, kadr siyasətində ən böyük uğuru və “yerləşdirməsi” Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikasının sabiq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədir. Klanlararası ziddiyyətin ilk toxumlarının səpildiyi vaxtda nazir təyin edilən Ramin Quluzadə yeni siyasi hakimiyyətin sadiq kadrlarındandır. O, 2005-2015-ci illərdə Heydər Əliyev Fondunda müxtəlif vəzifələrdə çalışıb, 10 illik fəaliyyəti ərzində sədaqətini təsdiq etməyi bacarıb və hətta bu xüsusiyyətinə görə 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib. Cəmi bir il sonra isə rabitə sahəsində heç bir təcrübəsi olmamasına baxmayaraq, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini təyin edilib. Növbəti il, yəni 2016-cı ildə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə gətirilib. 2017-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi də Ramin Quluzadənin əmrinə verilib. Bununla da, sadiq kadra 3 ildə iki nazirlik tapşırılıb.
Ramin Quluzadə və Anar Ələkbərovu avtomobillərə və əyləncələrə olan ortaq maraqları, bir çox mövzularda həmfikir olmaları birləşdirir.
Maraqlıdır ki, Ramin Quluzadənin nazir olduğu dövrdə komandasındakı əsas kadrlar da Anar Ələkbərovun tövsiyəsi ilə təyin edilib. Birinci müavin olaraq çalışan Əli Abdullayev Anar Ələkbərovun yaxın dostlarından biridir. O, 2013-2016-cı illərdə Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert fəaliyyəti göstərib, 2016-cı ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib, daha sonra isə nazirin birinci müavini təyin edilib. 2018-ci ildən isə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini kimi çalışır.
Əli Abdullayevlə Anar Ələkbərovun dostluğu ailəvi xarakter daşıyır. Belə ki, Abdullayevlərin bir sıra qohumları da Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzində çalışır, hətta Əli Abdullayevin böyük qardaşı Məhəmməd Abdullayev Heydər Əliyev Mərkəzinin Aparat rəhbəri vəzifəsində işləyir.
Azərbaycan Milli Məclisinin VI çağırışı üçün Heydər Əliyev Fondu və Mərkəzinin bir sıra əməkdaşları namizədliklərini irəli sürsə də, biz onlar arasında seçilmiş 2 üzvə diqqət çəkmək istərdik. Soltan Məmmədov və Elnur Allahverdiyev məhz Anar Ələkbərovun təqdimatı ilə deputat mandatı qazanıblar. Birincinin adı mətbuatda hallanmasa da digər deputat – Bakının Yasamal kimi böyük və strateji rayonundan “seçilən” Elnur Allahverdiyevin adını internetdə yazmaq kifayətdir ki, haqqında bir çox hamıya məlum faktlar çıxsın. Ancaq indiyədək vaxtilə Heydər Əliyevin qatı əleyhdarı olan Marat Allahverdiyevin oğlunun, eləcə də qalmaqallı biznesmen kimi ad çıxarmış birinin Milli Məclisə necə “təsdiqləndiyini” yazan olmayıb. Məsələ burasındadır ki, Elnur Allahverdiyevi “superköməkçi” Anar Ələkbərovla sıx və ailəvi dostluq münasibətləri bağlayır. Xarici ölkələrə birgə tətillər, işgüzar səfərlər, həyat yoldaşlarının və uşaqlarının dostluğu, saysız-hesabsız banketlər… E. Allahverdiyev həm də Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində də çalışıb. Yəni, Anar Ələkbərovun müşaviri. Düzdür, demək olmaz ki, Anar Ələkbərov Elnur Allahverdiyev kimi adı milyonlarla “çirkli” pul və vergidən yayınmada hallanan birini “qara qaşına, qara gözünə” görə Milli Məclisə deputat təyin etdirib. Necə deyərlər, “İş işdir, dostluqsa dostluq”. Güman ki, “Kontakt Home” mağazalar şəbəkəsinin və “Azercell”in səhmdar şirkətlərindən biri olan “ABC-Telekom” MMC-nin sahibi kimi tanınan Elnur Allahverdiyev də dostuna bu “xidmətinə” görə öz “hörmətini” edib. Hərçənd Milli Məclisdə “mən də varam”lığını hiss etdirəcək nə hərarətli çıxışları var, nə də diqqətəlayiq təklifləri. Hətta onu mətbuatda “Parlamentin yeni “lal” deputatı” da adlandırırlar.
Anar Ələkbərovun Milli Məclisdəki digər bir “kölgəsi” isə uzun illərdir və elə hazırda da Heydər Əliyev Fondunda onun tabeliyində çalışan Soltan Məmmədovdur. 2003-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) inzibati yardımçı, 2000-2015-ci illərdə isə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycan nümayəndəliyinin Prezidenti olan Soltan Məmmədov 2015-ci ildən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr Departamentinin rəisidir.
Xəzər rayonundan deputat seçilən Soltan Məmmədov Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin, Səhiyyə Komitəsinin üzvü, habelə Azərbaycan – Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Soltan Məmmədovu demək olar ki, bütün xarici səfərlərdə və rəsmi xarici görüşlərdə Anar Ələkbərovun yanında görmək mümkündür. Hazırda Heydər Əliyev Fondunda da öz işini davam etdirən Soltan Məmmədovun iki yerdə işləməyi qanunidirmi?!
Anar Ələkbərovun təqdimatı ilə vəzifə sahibi olan daha bir ad – Fərid Cəfərovdur. O, 2011-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan, lakin görünür fəaliyyəti, qrant hesabına maliyyələşdirilməni ürəkaçan şəkildə təmin etmədiyindən 2018-ci ildə yenidən yaradılan Azərbaycan Gənclər Fondunun rəhbəridir. Yüzlərlə tələbənin həm xaricdə, həm də ölkə daxilində təhsil haqqını maliyyələşdirən bu fondun geniş imkanlarından yararlanmaq üçün bundan yaxşı imkan ola bilməzdi. Bu səbəbdən “superköməkçi” buraya Heydər Əliyev Fondunda yetişdirdiyi, güvənini və etimadını boşa çıxarmayacaq birini – Fərid Cəfərovu təyin etdirməyə müvəffəq olub. 2019-cu ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı 4 milyon manat ayrılıb, indiyədək yüzlərlə tələbənin həm ölkədə, həm də xaricdə təhsil alması üçün pullar xərclənib. Bu fürsətdən yararlananlar arasında Anar Ələkbərovun yaxın qohumları, ailə üzvləri də var.
Anar Ələkbərovun yetirməsi olan digər bir gənc kadr isə birbaşa birinci xanım Mehriban Əliyevanın kurasiyasında olan Müasir İncəsənət Muzeyinin direktoru Rövlan Əliyevdir. O, qalmaqallı bir şəkildə vəzifəsindən uzaqlaşdırılan, külli miqdarda dələduzluq və saxta sənəd hazırlamaqda ittiham olunaraq həbs edilən Xəyyam Abdinovun yerinə təyinat alıb. Bir neçə ildir Heydər Əliyev Mərkəzində çalışan R.Əliyev Ələkbərovun hər bir tapşırığını yerinə yetirməklə onun etimadını qazanıb.
Dövlət muzeylərindən daha birinin – Azərbaycan Xalça Muzeyinin rəhbəri Şirin Məlikova da vaxtilə Anar Ələkbərovun işçisi olub. Belə ki, o, 2011-ci ildən Heydər Əliyev Fondunun incəsənət sahəsində eksperti olaraq həm Azərbaycanda, həm də xaricdə bir sıra beynəlxalq sərgi və festivalların təşkilatçılarından olub, 5 il müddətində özünü kifayət qədər sadiq kadr kimi göstərdiyindən “mükafatlandırılaraq” Azərbaycanın ən vacib muzeylərindən birinə – qızıldan dəyərli tarixi Azərbaycan xalçalarının qorunub saxlanıldığı quruma rəhbər təyin edilib.
Anar Ələkbərova verilən səlahiyyətlər təkcə sadiq kadrlar seçməklə kifayətlənmir. “Birinci ailənin” bir çox bizneslərinin də kurasiyası məhz ona həvalə edilib. Bunlardan biri Şamaxıda 310 hektar sahədə salınan “Şirvan şərabları” MMC-yə məxsus üzümçülük və şərabçılıq kompleksidir. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu inşa edilib, burada Azərbaycanın ilk orqanik şərabı olan “Meysəri” şərabları istehsal edilməkdədir. MMC-nin icraçı direktoru Ceyhun Soltanov isə yəqin təxmin etdiniz ki, burada formal olaraq rəhbərdir.
Bundan başqa, Şamaxıda hakim ailənin qızları və nəvələrinin əyləncəsi üçün salınan “Alpaka” ferması da A.Ələkbərovun kurasiyasındadır. Əks halda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi xarici ölkələrdən xüsusi reyslər ilə ölkəyə gətirilən alpakaların yun qırxımı prosesini niyə həyata keçirsin?!
Hakimiyyətin yenilənən kadr siyasətində daha kimlərin adları var? Kimə kimlərə görə “toxunmurlar”? Növbəti yazımızda
ardı var…
Azad