Saleh Rüstəmli və işgəncələrlə bağlı ictimaiyyət nümayəndələrindən çağırış

Biz, vətəndaş cəmiyyəti nümayəndələri, ölkədə sistemli hala çevrilən insan haqları pozuntularından, səlahiyyətli dövlət təmsilçilərinin qanunsuz və insanlığa sığmayan hərəkətlərindən, belə hərəkətlərə hüquqi qiymət verilməməsindən dərin narahatlıq keçiririk.

Qurama ittihamlarla tutulub azadlıqdan məhrum edilən Qarabağ qazisi Saleh Rüstəmlinin həyatı, artıq bir neçə həftədir ki, təhlükə altındadır. Saxta ittihamlara, ədalətsiz məhkəmə qərarlarına 28 gündür ki, aclıq keçirməklə etiraz edən Saleh Rüstəmlinin ölüm riski bütün cəmiyyətdə ciddi həyəcan doğurmaqdadır. Bu narahatlıqlara, ölüm riskinə rəğmən, onun hələ də həbsdə saxlanılması, gərəkli addımların atılmaması Qarabağ müharibəsi zamanı və müharibə sonrası formalaşmaqda olan qarşılıqlı etimad, güvən mühitinə ciddi yaralar vurmaqdadır. Cəmiyyətin bu hadisədən narahat olan müxtəlif təbəqələrindən ölkə rəhbərliyinə, hökumətə ünvanlanan çağırışlar, təəssüflər olsun ki, indiyə qədər diqqətə alınmayıb və zəruri addımlar atılmayıb.

Qeyd etdiyimiz hərəkətsizliyin fonunda Saleh Rüstəmlinin sağlıq durumunun getdikcə ağırlaşmasından narahat olan, narahatlıqlarını səlahiyyətli şəxslərin, qurumların diqqətinə çatdırmaq, onları təxirə salmadan zəruri addımlar atmağa təşviq etmək istəyən bir qrup vətəndaş, dekabrın 1-də Bakı şəhərində dinc aksiya keçirməyə cəhd edib. Hətta bu aksiya cəhdinə belə qeyri-adekvat reaksiya verilib.

Aksiyaya qatılan müxalif siyasətçi, həm də Qarabağ müharibəsi qazisi olan Tofiq Yaqublunu polislər saxlayıb, o, misli görünməmiş zorakılığa məruz qalıb, tanınmaz hala salınıb, Bakıdan 70 km uzaqlıqda köməksiz halda atılıb. Aksiyaya cəhd edənlərdən Paşa Dadaşzadə də oxşar rəftara məruz qalıb, qolu bir neçə yerdən sındırılıb.

Aksiya zamanı ümumilikdə saxlanılan 40 nəfərə yaxın şəxsdən Səyyad Quliyevə, Elxan Əliyevə, Elçin Teymurova, İlham Hüseyn və Rüstəm İsmayılbəyliyə isə 15-30 sutka arasında inzibati həbs verilib.

Dinc, ölkənin problemlərinin birgə, əl-ələ həlli çağırışı, təşəbbüsü ilə keçirilməsinə cəhd edilən aksiya iştirakçılarının üzləşdikləri belə rəftar nə ölkə Konstitusiyasına, nə onun qanunlarına, nə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun gəlir. Vətəndaşlarla belə rəftar etmək Azərbaycanın cinayət qanunvericiliyi ilə tənzimlənən əməllərə yol vermək deməkdir. Hüquq-mühafizə orqanlarının, məhkəmələrin ədalətsiz qərarlarının nəticələrinin aradan qaldırılması məqsədinə xidmət edən aksiyaya qatılanların misli görünməmiş zorakılığa, həbslərə məruz qalması, bir neçə gün keçməsinə baxmayaraq, əlaqəli qurumların hələ də gərəkli hüququ addımlar atmaması, bu haqda ictimaiyyəti bilgiləndirməməsi, cəmiyyətimizin narahatlığını daha da artırır.

Biz, bu müraciətə imza atan ictimai-siyasi fəallar, hüquqşünaslar, jurnalistlər olaraq hökumətdən ölkəmizin işıqlı gələcəyi naminə həll edilməsi çox önəmli olan problemlərin aradan qaldırılması üçün təxirə salmadan insani və hüquqi addımlar atmasını istəyirik. Hökumət ən qısa zamanda Saleh Rüstəmlinin azad edilməsi üçün mümkün hüquqi və siyasi mexanizmləri işə salmalı, saxta ittihamla cəza çəkən vətəndaşın həbsxanada həyatını itirməsi ləkəsinin ölkəmizin üzərinə düşməsinə imkan verməməlidir.

T.Yaqubluya, P.Dadaşzadəyə qarşı heç bir hüquqi ölçüyə gəlməyən əməllərə yol verənlər mütləq ədalət mühakiməsi qarşısına çıxarılmalı, hüquq-mühafizə qurumları üçün vətəndaşlarla rəftar zamanı örnək ola biləcək ən sərt qərarlar qəbul edilməlidir.

İmzalar:

  1. Akif Qurbanov
  2. Aqil Layıc
  3. Alya Yaqublu
  4. Anar Məmmədli
  5. Aynur Elgünəş
  6. Azər Mehtiyev
  7. Bəxtiyar Hacıyev
  8. Bəşir Süleymanlı
  9. Cavad Cavadov
  10. Elçin Sadıqov
  11. Elman Fəttah
  12. Elmir Abbasov
  13. Əhməd Məmmədli
  14. Əlayif Həsənov
  15. Ələsgər Məmmədli
  16. Ənnağı Hacıbəyli
  17. Əsabəli Mustafayev
  18. Fərid İmanov
  19. Fikrət Cəfərli
  20. Gülər Abbaslı
  21. Hafiz Babalı
  22. Hafiz Həsənov
  23. Xalid Ağaliyev
  24. Xalid Bağırov
  25. Xədicə İsmayıl
  26. İlham Hüseynli
  27. İntiqam Əliyev
  28. Qabil Abbasoğlu
  29. Qənimət Zahid
  30. Mehman Əliyev
  31. Mehman Hüseynov
  32. Mirəli Hüseynov
  33. Namiq Abdullayev
  34. Nazim Bəydəmirli
  35. Nemət Kərimli
  36. Nəsimi Məmmədli
  37. Rövşən Ağayev
  38. Rövşən Hacıbəyli
  39. Ruslan İzzətli
  40. Rüfət Səfərov
  41. Samir Əliyev
  42. Samir Kazımlı
  43. Seymur Kazımov
  44. Səməd Rəhimli
  45. Şahin Cəfərli
  46. Şahvələd Çobanoğlu
  47. Şəhla Hümbətova
  48. Şəhla İsmayıl
  49. Şəmşad Ağa
  50. Toğrul İsmayılov
  51. Toğrul Vəliyev
  52. Ülvi Həsənli
  53. Vasif İsmayıl
  54. Yadigar Sadıqlı
  55. Yalçın İmanov
  56. Zaur Əkbər
  57. Zəfər Əhmədov
  58. Zibeydə Sadıqova
  59. Ziya Quliyev
  60. Zöhrab İsmayıl