AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Bu şəklə diqqətlə baxın.
Bu şəkil bir ölkənin portreti də adlana bilər. Onu çəkən despot rəssam öz düşüncəsini, insanlığa, həyata baxışını qara çalarlarla ifadə edib bu çöhrədə. Gözlərin ətrafını sarmış qara rəng, qaranlığa düçar olmuş insan talelərinin, qaranlığın qəflətində uyyan naddanlığın, həqiqətlərin üstünə çəkilmiş qara pərdənin simvoludur bu əsərdə. Bu qara rəngin içindəki qırmızı qan çalarları da, günahsız tökülən qanların, əzən, sındıran, hökm edən zorakılığın bəsləndiyi düşüncənin rəngidir, elə bir rəng ki, onunla işığın önünü kəsib, əbədi zülməti gətirmək istəyən çılğın bir ehtiras, qan sızmış bu gözləri kor etmək, onu əbədi olaraq həqiqətə qapatmaq istəyir.
Bu portret xeyrin üzündə çəkilmiş şərin öz rəsmidir, gerçək, zalım mahiyyətinin görünüşüdür. O, aşağılıq hissindən, sevgisizlikdən əziyyət çəkir, qan qarğışdan təngə gəlib və qəzəblə, hikkə ilə bu xeyirxah üzə hücum çəkib ki, bəlkə bu yolla ona nifrəti, sevgisizliyi xatırladan bu üzü qorxu qalxanı altında insanlardan gizlədə bildi.
Bu rəsm gücün, sərvətin, hökmranlığın həqiqət qarşısında duyduğu acizlikdən, kin və nifrətdən, qorxudan yaranan amansız intiqam ehtirasının kətan əvəzinə bir insan simasında işgəncə ilə çəkilmiş əksidir.
Gözlərin içi də qan rənginə boyanıb , çünki onların içinə baxmaq, o gözlərlə həyata nəzər salmaq, o gözlərdə gələcəyin ümid qığılcımlarını seyr etmək, o baxışlarda zor qarşısında yenilməyən qürur və ləyaqətin əzəmətini görmək, şərin bağrına xəncər kimi saplanır, onu öz nifrinində boğur.
Bu gözlərin qara rənglə süslənməsi, həm də bir eynəyə bənzəyir. Bu məcazi eynək, əslində həqiqəti, məmləkətin gerçəkliklərini, insan talelərinə zəhərli həşərat kimi sarılmış zülmü görmək üçündür. Bu bir xalqın gözünə nur gətirəcək, qaranlıq zülmətdə gedəcəyi yolu, uzaqdakı işığı göstərəcək bir eynəkdir. Qurtuluşun yolu isə bu eynəyə baxmaqdan yox, bu eynəklə baxmaqdan keçir.