Kim kimdir? Kimə niyə dəymirlər?
Son 2 ildə dövlətin əsas kadrları dəyişdirildi, idarəetmədə “islahatlar” başladı.
“Toplayanlar” getdi, onların yerinə müasir, gənc “CEO”-lar gəldi. Amma dəyişən bir şey olmadı. Elə deyildiyi kimi, toplananların yerini dəyişəndə cəm dəyişmədi. Nə baş verdi? Keçmiş, oliqarx, ayrı-ayrı holdinqləri olan, ölkədə biznesə və mediaya nəzarət edən məmurlar işdən çıxarıldı, əllərində olanlar alındı və ya bağlandı. Paralel olaraq, hər bir şey rəsmi və qeyri-rəsmi formada yeni gələnlər və yeni qohumlar arasında bölüşdürüldü, bütün sahələr üzrə “işlər” yeni kadrlara ötürüldü. Yəni, 3 il öncəsinə qədər bütün ölkə Kəmaləddin Heydərovların, Əli Həsənovların, Ziya Məmmədovların əlində idisə, islahat nəticəsində sadəcə bir ailənin və ailə yaxınlarının əlinə keçdi.
Gəlin görək, bu şəbəkənin əhatə dairəsində kimlər var? Kimlər kimlərə görə toxunulmazdır?
Elxan Məmmədov – Emin Məmmədov
Siyahını bu iki qardaşla başlamağımız əbəs yerə deyil. Onlardan biri ictimaiyyətə daha yaxşı tanışdır: Əgər bircə dəfə “Google”da Elxan Məmmədov yazıb axtarış etsəniz, rəsmi xəbərlərdən daha çox bu cür başlıqlı reportajlarla qarşılaşacaqsınız: “Elxan Məmmədovun xaraba qoyduğu Azərbaycan futbolu”, “Elxan Məmmədov – Azərbaycan futbolunun orqanizmindəki xərçəng şişi…”, “Azərbaycan futbolunu kimlər məhv edir? – Elxan Məmmədovun 14 illik məğlubiyyəti…”, “Futbolumuzun Baş katibi, yoxsa “Baş günahkarı”?” və s. Futbol ictimaiyyəti bir yana, artıq idman jurnalisti olmayan jurnalistlər belə Elxan Məmmədovun işindəki səriştəsizlik barəsində palaz-palaz yazılar yazır.
Bəs Elxan Məmmədova niyə “Gözün üstə qaşın var” deyən yoxdur? Əksinə, şəxsən prezident özü ictimaiyyət önündə Elxan Məmmədovla eyni meydanda olduğunu göstərərək bütün ictimai qınaqlara göz yumdu. Elə Elxan Məmmədovun prezidentin onun qapısına vurduğu qola göz yumduğu kimi. Qapısında bu qədər “top” görən AFFA rəhbərini hələ də qapıda saxlayan kimdir? Qapının arxasındakı adam – qardaşı Emin Məmmədov.
Emin Məmmədovun adı kütləyə cari ilin mart ayında məlum oldu. “Azərxalça” ASC-nin 21.6 milyon manatlıq yeyintidə ittiham olunan sabiq sədri Vidadi Muradovun yerinə prezident İlham Əliyev onu rəhbər təyin etdi. Emin Məmmədov xalq rəssamı Səlhab Məmmədovun oğludur. Uşaqlıqdan yaradıcı mühitdə böyüyüb, qardaşı Elxan Məmmədovdan fərqli olaraq atasının yolun davam etdirməklə işində uğurlu olacağına inanıb. Belə də olub. Atasının 1999-cu ildə yaratdığı, İçərişəhər ərazisində yerləşən “Qız Qalası” qalereyasına rəhbərlik edib, 2007-ci ildə isə Berlində qalereyanın filialını açaraq işi böyüdüb. 2011-ci ildən Heydər Əliyev Fondunun, 2013-cü ildən isə Heydər Əliyev Mərkəzinin bədii müşaviri kimi fəaliyyət göstərib.
Emin Məmmədovu Heydər Əliyev Fondunun və Mərkəzinin, eləcə də Azərbaycan dövləti tərəfindən həm ölkədə, həm də ölkə xaricində keçirilən bir sıra mühüm tədbir və sərgilərdə görmək mümkündür. Onu daha çox birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyevanın şəxsi qalereyaçısı və şəxsi bədii müşaviri kimi də tanıtmaq olar. Birinci xanımın komandasında Anar Ələkbərov siyasi-ictimai məsələlərə nə qədər cavabdehlik daşıyırsa, Emin Məmmədov da incəsənət və mədəniyyətlə bağlı işlərə bir o qədər məsuldur. İstər dövlət əhəmiyyətli tədbirlərin bədii tərəfi olsun, istər ölkə xaricində təşkil edilən sərgilər üçün rəsmlərin seçilməsi olsun, istərsə də birinci ailənin şəxsi iş zalları, otaqlarında və ya obyektlərində istifadə üçün incəsənət əsərlərinin seçimi olsun – hər bir şey Emin Məmmədovun şəxsən həyata keçirdiyi işlərdir.
Son bir ildə isə işğaldan azad edilən torpaqlarda, xüsusilə Şuşada aparılan təmir-tikinti, bərpa işləri ilə bağlı bütün layihələrə də ilk olaraq Emin Məmmədov baxış edir və müsbət rəy bildirdiyi halda ölkə rəhbərliyinə təqdim edilir. Ən maraqlısı isə odur ki, rəsmi olaraq vəzifəsi dəyişdirilsə də Emin Məmmədovun gündəlik iş yeri yenə də Heydər Əliyev Fondudur. Axı ona burada daha çox ehtiyac var…
Deyirlər, “incəsənət qurban tələb edir”. Görünür, bu nümunədə qurban Azərbaycan futboldur.
Mikayıl Cabbarov – Cəlal Qasımov – Balaş Qasımov
“Paşayevlər”in ən sadiq və parlaq kadrlarından biri şübhəsiz ki, “Supernazir” Mikayıl Cabbarovdur. Fövqəladə səlahiyyətlərin verildiyi Cabbarov mühüm dövlət vəzifələri üçün düzgün və “qara qutu” kimi kadrların seçilməsi işində xüsusilə peşəkardır. Heç kimə sirr deyil ki, Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev, Xarici işlər naziri Ceyhun Bayramov, Təhsil naziri Emin Əmrullayev kimi məmurlar məhz “Supernazir”in “adamları”dır. Lakin Cabbarovun zənnimizcə, ən uğurlu gedişi – doğma xalası oğlu Cəlal Qasımovun “Paşa Holdinq”in Baş direktoru təyin edilməsidir. 2015-ci ildən “Paşa Holdinq”də Banklar Qrupunun direktor müavini olaraq işə başlayan, buna qədər isə Azərbaycanın üç bankında rəhbər vəzifələri tutan Qasımov ölkənin əsas holdinqinin sabiq baş direktoru, birinci xanım Mehriban Əliyevanın əmisi oğlu Mircamal Paşayevin də etimadını qazanmaqla bu missiyanı uğurla tamamlayır.
Mikayıl Cabbarovun əli təkcə dövlət işlərinə çatmaqla kifayətlənmir, mediaya da qeyri-rəsmi nəzarət edir. Belə ki, ölkənin İctimai Televiziyasının da rəhbərliyinə digər xalası oğlu, “Nə? Harada? Nə zaman?” verilişinin aparıcısı kimi tanınan Balaş Qasımovu “təyin etdirir”. Belə bir mühüm postda isə Balaş Qasımov da ətrafına öz yaxın çevrəsini yığır. İctimai radioya isə digər yaxın qohumları hamının DJ Fateh kimi tanıdığı Məmmədəli Məmmədovu direktor “qoyurlar”.
Qasımovların digər bir qardaşı Camal Qasımovun bəxti isə Mikayıl Cabbarovun Vergilər naziri işlədiyi dövrdə üzünə gülüb. 2018-ci ildə xalası oğlunun təyinatı ilə C.Qasımov Vergilər Nazirliyində Vergi Auditi Departamentinin baş direktoru vəzifəsinə təyin edilib.
Bəs ölkənin iqtisadiyyatı, vergiləri, gömrüyü, təhsili, xarici siyasəti, İçərişəhəri, televiziyası və bütün biznes sahələrini əhatə edən “Pasha Holding” də daxil olmaqla demək olar ki, hər bir sahəni bir nəfərə, onun qohumlarına həvalə etmək islahatdırmı?
Mehdi Səlimzadə
Siyahımızı davam etdirən növbəti ad isə prezident İlham Əliyevin qohumu Mehdi Səlimzadədir. Onu “əsl Azərbaycan məmuru” nümunəsi adlandırsaq, yəqin ki, yanılmarıq. M. Səlimzadə hələ uzun illər öncə prezidentin bibisi Rəfiqə Əliyeva ilə qohum olmaqla siravi vətəndaşdan məmur vəzifəsinədək yüksəlib. Qızı Nəzrin Səlimzadənin Heydər Əliyevin bacısı, əməkdar elm xadimi Rəfiqə Əliyevanın oğlu Rauf Xələfovla evliliyindən sonra nəinki Mehdi Səlimzadənin, onun bütün qohumlarının həyatı tamamilə dəyişib. İllərdir Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi olaraq çalışan Mehdi Səlimzadə Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Səlimzadənin demək olar ki, bütün qohumları yüksək vəzifələrdə təmsil olunurlar. Rayonda baş verən məmur özbaşınalığına və rayon sakinlərinin problemlərinə olan etinasızlığa isə Mehdi Səlimzadə cəmi iki sözlə cavab verir: “Prezidentlə qudayam”.
Səlimzadənin kürəkəni Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı, general-mayor Rauf Xələfov modelyer Fəxriyyə Xələfovanın qardaşıdır. Nəzrin Səlimzadə isə Bakıda yerləşən “NIRRIN Health&Beauty” Gözəllik və Sağlamlıq Mərkəzinin sahibidir.
Mehdi Səlimzadə öz yaxın qohumlarını bir çox dövlət idarələrində vəzifələrə təyin etdirə bilib. Onların arasında məktəb direktorundan tutmuş müxtəlif dövlət idarələrində yüksək vəzifələrdə çalışanlara qədər var. Ötən il isə o, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və Lənkəranın keçmiş rəisi, polis polkovniki Möhübbət Hüseynovla qohum olub.
Vəzifəyə gəlməklə öz qohum-əqrəbasına da “yüksək” həyatın səfasını yaşadan, cəfasını isə öz zəhməti ilə günü-günə calayan sadə vətəndaşlara çəkdirən məmurlarla bağlı araşdırmamızın
ardı var…
Akif