Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma- ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb”.
+++
Dövlət Sərhəd Xidməti bildirib ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.
Məlumata görə, helikopter “Qaraheybət” aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən qəza enişi edib: “Daha ətraflı məlumat Baş Prokurorluq tərəfindən veriləcək”.
Həlak olanların biri polkovnik, biri polkovnik-leytenant, beşi mayor, qalanlarının da əksəriyyəti kapitan və leytenant rütbələrində olub.
+++
Bu gün, noyabrın 30-da saat 10:40 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun birgə məlumatında bildirilir.
Azadlıq radiosu