Son zamanlar meşələrin məhv edilməsi- yaşıllıqların oduncaq və tikinti materialı kimi doğranıb satılması, meşə zolaqlarında narkotik bitkilərin becərilməsi ilə bağlı iddialara çox rast gəlinir. Bu məsələdə ən çox Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin adı hallanır.
Bir şikayətin izi ilə… İanə adı ilə milyonlar necə mənimsənilib
Yaşıllıqların qorunmasına cavabdeh olan, adından göründüyü kimi onların inkişafı ilə məşğul olmalı bir qurum, əksinə öz şəxsi imkanlarının inkişafı üçün çalışıb. Ağsu və İsmayıllı rayonlarının sərhədində yerləşən, “Basqalaltı” adlanan ərazidəki “Şölətoğlu” İstirahət Mərkəzinin sahibi Novruz Gülməmmədovun şikayəti əsasında yuxarıda dediklərimiz tam sübuta yetirilməkdədir. Belə ki, iş adamı Ölkə başçısına Baş Prokurora, Ekologiya Təbbi Sərvətlər Nazirliyinə ünvanladığı şikayətlərdə konkret olaraq Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional Meşə təsərrüfat Birliyi tərəfindən sahibkarlardan ianə adı altında pul toplanmasını, göstərilən vəsaiti verməyənlərin isə əsassız cərimələnməsini bildirib. Novruz Gülməmmədovun bildirdiyinə görə uzun illər həmin ərazidə fəaliyyət göstərdiyindən, insanlarla münasibəti yaxşı olub. Eləcə də, Regional Meşə Təsərrüfatı Birliyinin əməkdaşları ilə də münasibəti səmimi olub. Onlarla söhbət zamanı bu qənatə gəlib ki, ianə adı altında toplanan vəsaitlər Regional Birliyin rəhbəri Əfqan Qəribov və Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırovun birgə fəaliyyəti ilə toplanır. İlkin araşdırmanı özü aparan iş adamı əlindəki faktları aidiyyatı qurumlara da ötürüb. Faktların danılmmaz olduğunu görən Ekologiya və Təbbi Sərvətlər nazirliyinin Audit idarəsi yoxlamlara başlayıb. Eyni zamnda cinayət əməlinin ortada olması açıq-aşkar göründüyü üçün Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə idarıəsində də müvafiq araşdırmalar başlanılıb.
Əldə etdiyimiz məlumata görə söhbət mənimsənilmiş milyonlardan gedir. Təkcə bu ilin yay aylarında Regional Meşə Təsərrüfatı Birliyinin əhatəsinə düşən Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonları ərazisindəki meşə torpaqlarında fəaliyyət göstərən 186 obyektin hər birindən 1000-2500 manat təkcə ianə adı altında vəsait toplanıb. 48 obyektin hər birindən müqavilədən kənar fəaliyyət göstərilməsinə göz yumulması üçün orta hesabla 2000 manat alınıb. Bütün bunlar sadəcə rəqəmlər deyil, nazirliyin audit idarəsinə və Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağrılan meşə gözətçiləri və sahə rəislərinin səmimi etiraflarından çıxan ilkin rəqəmlərdir. İfadə verənlərin əksəriyyəti həmin məbləği Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov və onun müavini Kamil Məmmədova ötürmələrini bildiriblər. Bu məsələ istintaq sirri olduğu üçün çox da dərinliyə getmirik.
Hərbi Prokuror İsmayıllı meşələrində nə axtarır?
Əldə etdiyimiz məlumatlar içərisində diqqətimizi çəkən məlumatlar da oldu. Birliyin direktorunun himayəçisi kimi Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırovun adı hallanıb. Onun müavini Kamil Məmmədovun isə Baş Prokurorun Müavini, Hərbi prokuror Xanlar Vəliyevə yaxınlığı məlum olub. Məhz bu yaxınlığın hesabına Tərtərdə hərbçilərə dözülməz işgəncələrin verilməsi, bu işdə ən çox adı hallanan Xanlar Vəliyev , elə həmin hadisələrin baş verdiyi 2017-2018-ci illərdə İsmayıllı- Qalıncaq yolu üzərindəki Qoz Bağı adlanan 110 hektar əraziyə sahiblənib. Qoz ağacalrı kəsilib, münbit torpağının bir hissəsi daşınıb satılıb, ərazi tikinti və ferma üçün yararlı vəziyyətə gətirilib. Ərazi birbaşa Xanlar Vəliyevin adına sənədləşdirilməsə də, Hərbi prokuror özü dəfələrlə sahəyə nəzarət etmək üçün həmin ərazidə olub.
Həmçinin yoxlamaların nəticəsində yaşıllıqların məhv edilməsi ilə yanaşı meşələrdə kömür ocaqlarının yaradılması ilə ekoloji mühitə ikiqat zərbə vurulub. Sanki mədəni xatırladan belə kömür ocaqlarının Baçqal meşələrində, İsmayıllının Kəlfərəc kəndi yaxınlığında aşkarlandığı bildirilir.
Meşələrdə narkotik plantasiyaları
Bu məsələdə diqqətimizi cəlb edən daha bir nüans var. Bu şikayətlərdə Meşə Təssərüfatı Birliyinin ərazisində, xüsusən də, İsmayıllı meşələrində narkotik bitkilərin becərilməsi iddiası da irəli sürülür. Bunun təkcə iddia deyil fakt olmasını Daxili İşlər Nazirliyi də təsdiq edib. Son iki ildə İsmayıllı ərazisindəki meşələrdə narkotik bitkilərin becərilməsi ilə bağlı daxili işlər orqanalrı tərəfindən ən azı üç fakt aşkarlanıb. Həmin işlərdən ibtidai istintaqı yekunlaşan, məhkəmə istintaqı isə davam edən cinayət işləri var. Ən maraqlı faktlardan biri isə bütün bu plantasiyaların çoxu İsmayıllı rayonunun Qalıncaq kəndi ərazisində aşkarlanıb, həmin sahənin gözətçisi isə Birliyin direktoru Əfqan Qəribovun qardaşı İsgəndər Qəribov olub.
Günahkarlar təkcə işdən çıxarılmaqla canını qurtaracaq?
Son aldığımız məlumata görə Regional Meşə Təsərrüfat Birliyinin direktoru Əfqan Qəribov vəzifəsindən azad edilib. Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Meşələrin inkişafı Xidmətinin rəisi Namiq Xıdırovun da vəzifədən uzaqlaşdırılması bildirilir.
Amma bir məsələ də sual olaraq qalır. Bu deyilənlər digər regional birliklərdə də mövcud deyil ? Axı yaşıllıqların qənimi cənubda da, şimalda da aydın görsənir. Söz və əməl Ekologiya və Təbbi Sərvətlər Naziri Muxtar Babayevdədir.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də tövsiyyəmiz var- araşdırmalarınızı genişləndirin.
Yazıda adı çəkilənlərin münasibət bildirmək hüququ tanınır.
azadliq.info