Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Biz hər şeyi görürük və hər şeyin fərqindəyik. İlham Əliyevin və ailəsinin Dübay villalarından tutmuş Pandora kağızlarına qədərki oğurluq faktlarına görə hər hansı soruşdurmaya cəlb edilmədiyini görürük.
Stolundan qoparılan hər hansı məmurun altından yüz milyonlar, milyardlar çıxması sıravi hadisəyə dönüb, kimsə həbs olunsa da uzağı bir ilə evində kefdədir. Məmur törəmələri bahalı maşınlarla insanları tapdayıb qırır, maksimum 2 il, onun da heç yarısını oturmur. Hətta maşınla şəxsən adam vurub aradan çıxan Neftçalanın matışkə icra başçısını məsuliyyətdən yayındırdılar. Bunları da görürük.
Digər tərəfdən heç bir cinayəti olmayan insanlar şərlənib həbs edilir, verilən sroklar insanlar qorxmadıqca ildən-ilə artırılır, daha tavana yaxınlaşıb. Və bu insanlar son zəngə kimi otuzdurulur, bəzən hətta Məmməd İbrahim kimi son zəng qabağı yastığının altina bıçaqdan-zaddan qoyub əlavə iş kəsirlər. Biz bunları da görürük və fərqindəyik ki, bu artıq qərəz deyil, konkret düşmənçilikdir. Heç narahat olub eləməyin, əks münüsibət də eynidir.
Bu insanların fəaliyyəti sizin gözünüzdə günah ola bilər, necə ki, bizim gözümüzdə sizin nəinki fəaliyyətiniz, ətrafınızdakı çox adamların doğuluşu belə millət adına günahdır. Amma belə günahlar həbs üçün heç bir əsas vermir. Siz də mühakimə olunacaqsız, mütləq olunacaqsız, bunun zırtı-pırtı yoxdur, günaha görə yox, o əsas deyil, konkret cinayətlərinizə görə.
Və bir ölkədə ki, cinayətlər sistem xarakteri alıb, belə cinayətlər piramidasının başında təbii ki, prezident dayanır. Gözəl Bayramlının da, İbrahim İbrahimlinin də, bu gün bitki həyatı yaşamağa məhkum edilmiş Oqtay Güləliyevin də məsuliyyəti onun çiynindədir.
İndi Əliyev heç hesab etməsin ki, Saleh Rüstəmli də olsun onlardan biri. Saleh bəy onun kimi güllə səsi kəsiləndən sonra gedib oralarda poz verib dəmir-dümür üstündə hoppanıb düşməyib, cəbhədə düşmənlə üz-üzə dayanıb, torpaq azad edib, qazidir.
Güllələnməyən küçə itləri kimi şəhəri basmış yaltaqlar sürüsü Əliyevə istədikləri adı, titulu verə bilərlər, fəqət o qazi ola bilməz. Qazi Saleh Rüstəmlidir və ona nəsə olacağının bədəli çox ağır olar.
Saleh bəy kiməsə pul göndəribsə də oğurladığı, taladığı haram pul göndərməyib, zəhmətlə qazanıb vergisini də ödədiyi halal pulunu göndərib, əcəb də eləyib. Bu onu nə günahkar, nə də cinayətkar etmir. Saleh Rüstəmli dərhal və qeydsiz-şərtsiz azad edilməlidir.