Hüquq müdafiəçisi Rüfət Səfərov
AXCP-nin Gəncə şəhər təşkilatının sədri Bəxtiyar Yusubov və üzv Şahin Hacıyev mülki geymli əməliyyatçıların hücumuna məruz qalıblar.
Şahin bəyin Gəncə şəhərindəki mənzilinə soxulan əməliyyat qrupu zorakılıq tətbiq edib. Bəxtiyar Yusubov qandallanıb, bir neçə saat sonra sərbəst buraxılıb. Şahin Hacıyev isə “narkobaronluqda” ittiham olunub, qeyri-müəyyən istiqamətdə aparılıb.
“Müxalifətçi ovu”na Dövlət Təhlükəsizlik Xidməti ilə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə çıxdığı bildirilir.
Mülki geyimdə olan əməliyyat müvəkkillərindən biri Bəxtiyar Yusubova bildirib: “Səni buraxırıq, burada baş verənləri ictimailəşdirsən, sabah inzibati həbsin hazırıdır”.
Yaxın saatlarda Şahin Hacıyevin barəsində qurama əsaslarla cinayət işinin başlanacağı, haqqında həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir. Şahin bəyin narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərdə təqsirləndirilib, cəmiyyətdən təcrid edilməsi barədə rəsmi məlumat oxusaq, təəccüblənməyək, çünki hazırkı hökumətin nəzərində tənqidçi fəallar ən yaxşı halda “xuliqan”, “narkobaron”, ən pis haldasa “dövlətə xəyanət edəndir”.
Mən həmin mənzildə bir neçə dəfə qonaq olmuşam, Gəncədəki ictimai fəallarla görüşmüşəm. Şahin Hacıyevi ziyalı, vətənpərvər, xalq idarəçiliyi uğrunda savaşan vətəndaş kimi tanıyıram. Bəxtiyar Yusubovun isə təkcə siyasi kimliyinə deyil, bütün nəslinə-şəcərəsinə bələdəm, çünki qohumluq münasibətlərimiz var. Hər iki dost demokratiya fədaisidir!
Hökumətin repressiv tədbirlərini şiddətlə pisləyirəm!