AXCP sədri Əli Kərimli
Aclıq aksiyasının 18-ci günü. Saleh Rüstəmlinin həyatına olan təhlükə hər gün bir az da artır. Saleh bəyin 58 yaşı olduğunu, aclıq aksiyasının şəraitsiz yerdə – məhbəsdə keçirildiyini, etibarlı və müasir tibbi yardımla təmin edilmədiyini nəzərə alanda 18 günlük aclığın onun həyatına real təhlükə yaratdığını aydın görmək olur.
Saleh bəyin çəkdiyi mənəvi iztirablar da onun səhhətini pisləşdirir. Saleh bəyin indi nələr düşündüyünü güman etmək üçün özünüzü onun yerinə qoyun. Saleh bəy gənc yaşlarından dövlət müstəqilliyi uğrunda mübarizəyə qoşuldu. Dövlət quranlardan biri oldu. Milyonlarla insanın mübarizəsi ilə qurulmuş dövlətimiz təəssüf ki, hələ də millət üçün böyük həbsxana olaraq qalır.
Saleh bəy Gədəbəy rayonunun icra hakimiyyəti başçısı işləyəndə xalq malına gözünün ucu ilə baxmadı. Əksinə, sonradan öz hallal əməyi ilə qurduğu biznesi hesabına siyasi məhbus olan əqidədaşlarına yardım etdi. Günün birində isə xalqın milyardlarını oğurlayıb xaricdəki ofşor hesablara daşıyanlar onu həbs etdilər ki, sən “çirkli pulları yumaqla” məşğulsan. Oğru öz adını doğruya qoyur. Saleh bəyin təəccüb və acısını hiss edirsizmi?
18 gündür aclıq edən Saleh bəy eşidir ki, bir neçə gün öncə əsir götürülmüş erməni hərbçilərinə qarşı fiziki zorakılıq etmiş hərbçilərimiz haqqında artıq cinayət işi başladılıb. Öz taleyini xatırlayır. Baxmayaraq ki, o Azərbaycana qarşı yox, Azərbaycan üçün vuruşub, ancaq onu həbs edən zaman “bandotdel”də 3 həftə ərzində işgəncəyə məruz qoyanlar cəzalandırılmadı, əksinə vəzifələri böyüdüldü. Saleh bəyin hiss etdiyi acını təsəvvür edirsiz?
18 gündür aclıq edən Saleh bəy eşidir ki, 4 ildir onu məhbəsdə saxlayan rejim özünü dünyaya humanist kimi təqdim etmək fikrinə düşüb. Azərbaycana qarşı vuruşmuş xeyli diversantı, kəskin nişançını azad edib. Saleh bəy düşünür, axı mən Azərbaycana qarşı yox, Azərbaycan uğrunda döyüşmüşəm. Nəyə görə mənə Azərbaycana qarşı döyüşənlər qədər humanistlik göstərilmir?
Özünüzü Saleh bəyin yerinə qoya bildinizmi? Saleh bəyin yaşadığı acı və təəssüfü hiss edə bildinizmi? Əgər hiss edə bildinizsə, igid Qarabağ qəhrəmanını əsirlikdən azad etmək üçün hər gün, hər saat səsimizi ucaldaq. Rejim anlasın ki, Saleh bəyə qarşı bu dəhşətli haqsızlığın davam etdiyi hər gün ona qarşı ümumxalq etirazlarını gücləndirir, körükləyir.
Saleh bəyi və digər siyasi məhbusları azad edin!