Noyabrın ayının 4-də mətbuatda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyat nəticəsində Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinovun saxlanılması barədə xəbər dərc edildi. Xəbər yayımlandıqdan bir neçə saat sonra muzey tərəfindən rəsmi açıqlama verilərək, Abdinovun həbs olunmazdan bir neçə gün öncə işdən çıxarıldığı, habelə sabiq direktorun hansı maddə ilə həbs edildiyi barədə məlumatlar dərc edildi. Bildirildi ki, Abdinovun həbsinin Müasir İncəsənət Muzeyinin fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Ona Cinayət Məcəlləsinin 178.4-cü və 320-ci maddələri ilə ittiham verilib: Abdinov külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilir. Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovananın sədrliyi ilə onun barəsində İstintaq orqanın təqdimatına baxılıb və hakim təqdimatı təmin edərək eks direktor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Maraqlıdır ki, mətbuatda bu həbs barəsində rəsmi xəbərlərdən başqa heç bir əlavə məlumat verilmədi. Nə həbsinin videosu yayımlandı, nə də ittiham edildiyi maddələrlə bağlı hər hansı şərh verildi. Bu zaman isə ortaya maraqlı suallar çıxır. Birbaşa ölkənin birinci xanımının kurasiyasında olan, tikintisinə və dizaynına milyonlar xərclənən, ekspozisiyasında Mehriban Əliyeva ilə ailə üzvlərinin rəsmlərinin saxlanıldığı və illərdir Xəyyam Abdinovun icraçı direktorluğunu etdiyi Müasir İncəsənət Muzeyində nə baş verə bilərdi? Deməli, məsələ muzey deyil…
Bəs əsas işi incə sənət olan Abdinov külli miqdarda dələduzluq və saxta sənəd hazırlamaqla qanunları kobud şəkildə necə pozub? Pozulan dövlətin, yoxsa kimlərinsə “qanunlarıdır”?
Xəyyam Abdinov Sahib oğlu 1980-ci il avqustun 14-də anadan olub. Sabiq direktorun əslində incəsənətlə yaxından-uzaqdan əlaqəsi olmayıb. O, 1996-2002-ci illərdə Azərbaycanın qabaqcıl təhsil müəssisələrindən olan Qərb Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsində təhsil alıb. Bundan başqa, Hindistanda “NIESBUD” Milli Sahibkarlıq və Kiçik Biznesin İnkişafı İnstitutunda, eləcə də ABŞ-da yerləşən “St. John’s School”da Biznesin idarə edilməsi üzrə təhsil alıb. Onun müasir incəsənətlə tanışlığı isə elə Müasir İncəsənət Muzeyi açıldıqdan sonraya təsadüf edir. Belə ki, Abdinov muzeyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun tövsiyəsi ilə rəhbər təyin edilib. Lakin sabiq direktorun biznesin idarə edilməsi bacarıqlarından da yetərincə istifadə edilib. Belə ki, o, 2011-ci ildə “Business Life” MMC-ni təsis edərək, həm də bu şirkətin icraçı direktorluğunu edib.
Adıçəkilən şirkət təmizlik, inşaat və elektrik-mexaniki sistemlər üzərində qurulmuş və əsasən kiçik və orta ölçülü tikinti layihələri həyata keçirir. Şirkətin işlərini həyata keçirdiyi layihələr arasında həm dövlət, həm də özəl binalar mövcuddur: Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Bakı Kristal Zalı, Azərbaycan Diplomatik Akademiyası, “Four Seasons” və “Abşeron Marriott” otelləri və s. Bundan başqa, şirkət Xocavənd rayonunun işğaldan azad edilən Hadrut qəsəbəsində, Şamaxıda, İmişlidə və Qaradağda da hava elektrik verilişi xəttlərinin quraşdırılmasını həyata keçirib. Maraqlıdır, “sadəcə” Müasir İncəsənət Muzeyinə rəhbərlik edən şəxsin rəhbəri olduğu digər bir şirkət yuxarıda sadalanan nəhəng layihələri hansı güc hesabına reallaşdırıb?
“Tenderlə”? Yoxsa, Abdinov medalın sadəcə görünən üzüdür?
Xəyyam Abdinovun adının hallandığı şirkətlər sırasında daha bir ad da var: “Aikon Construction” MMC. “AIKON-CPIT” şirkətlər qrupuna daxil olan bu tikinti şirkəti 2008-ci ildən fəaliyyət göstərir, Abdinov isə burada direktor müavini kimi biznesin idarə edilməsinə öz “töhfəsini” verib. Maraqlıdır ki, “Aikon” MMC təmizlik, inşaat və elektrik-mexaniki işlərini “Business Life” MMC-nin gördüyü bir sıra eyni binaların – Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Azərbaycan Diplomatik Akademiyasının tikinti işlərini həyata keçirib. Yeri gəlmişkən, sonuncu ilə bağlı 2012-ci ildə yerli mətbuatda dərc edilən bir məqalədə belə qeyd edilir: “Binanın tikintisini “Aikon” şirkəti aparır. Bu şirkət vergilər naziri Fazil Məmmədova məxsusdur”.
“Aikon” şirkətinin reallaşdırdığı layihələr sırasında “Xəzər dənizi Su Pavilyonu”, Respublika İdman Tibb Mərkəzi, Şəmkirdə Heydər Əliyev Mərkəzi, Quba Soyqırımı Memorial Kompleksi, Bakı Veloparkı Bakı Diaqnostika Mərkəzi kimi dövlət əhəmiyyətli binalar da var.
“Aikon” şirkətinin adı tikinti qalmaqalında da hallanıb. Belə ki, Vergilər Nazirliyinin Heydər Əliyev prospektində inşa edilmiş yeni inzibati binasının tikintisi üçün bağlanmış müqavilələrdən biri də 2013-cü ildə “Aikon Cpit” MMC ilə olub. Müqavilənin dəyəri isə 20 milyon 796 min 670 manat təşkil edib.
Xəyyam Abdinovun biznes macəraları bununla da bitmir. Belə ki, sabiq direktor ölkə xaricində nəşr olunan bir sıra yerli lyuks nəşrləri maliyyələşdirən “Media Land” MMC adlı şirkətinə də rəhbərlik edib.
Dövlət və beynəlxalq əhəmiyyətli, əsasən dövlət sifarişli və hakim dairəyə bağlı layihələrin icrasının “Xəyyam Abdinovun şirkətlərinə” həvalə olunması hansı etimadın göstəricisidir? Cənab Abdinovun hazırda ittiham edildiyi külli miqdarda dələduzluq və saxta sənəd hazırlamaq cinayətləri yuxarıda sadalanan hansı işlərin icrası zamanı olub? O, külli miqdarda vəsaiti dövlətdən oğurlayıb, yoxsa direktoru olduğu şirkətlərin əsl sahiblərindənmi? Xəyyam Abdinov kimi qəzəbləndirib?
Azad